Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-03-18 14:40:00
Şəhidlərin övladları ilə görüş keçirildi

Bakı Şəhəri üzrə Təhsil İdarəsi (BŞTİ) tərəfindən ümumi təhsil məktəblərində təhsil alan şəhid övladları ilə onlayn görüş keçirilib.

 

AzEdu.az-ın məlumatına görə, görüşdə BŞTİ-nin müdiri Mehriban Vəliyeva, millət vəkili, Milli Məclisin Mədəniyyət Komitəsinin sədri Qənirə Paşayeva, “YAŞAT” Fondunun müdir müavini Rəbiyyə Cəfərova, xalq artisti Nurəddin Mehdixanlı, Milli Qəhrəman, general-mayor Polad Həşimovun anası Səmayə Həşimova, İdarənin müvafiq struktur bölmə rəhbərləri, məktəb direktorları və şəhid övladları iştirak ediblər.

 

Görüş Vətən uğrunda canlarını qurban vermiş şəhidlərin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.

 

Azərbaycan Respublikasının müstəqilliyi və ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsinin hər birimiz üçün əziz olduğunu bildirən BŞTİ müdiri xalqımızın qəhrəman övladları ilə qürur duyduğunu vurğulayıb. Dövlətimiz tərəfindən müharibə iştirakçıları olan qazilər və şəhid ailələrinin hərtərəfli qayğı ilə əhatə olunduğunu söyləyən İdarə müdiri ölkəmizdə hər bir əsgərin əməyinin yüksək dəyərləndirildiyini qeyd edib.

 

Prezident İlham Əliyevin 1 saylı Kliniki Tibbi Mərkəzdə müalicə olunan hərbçilərlə görüşdə qələbəmizdə hər bir əsgərin xüsusi rolunu vurğuladığını diqqətə çatdıran M.Vəliyeva xalqımıza misilsiz qələbə sevincini bəxş edən şəhidlərimiz kimi, onların ailə üzvlərinin də bizim üçün çox dəyərli olduğunu söyləyib.

 

Novruz bayramı münasibətilə şəhid ailələrini təbrik edən BŞTİ müdiri Azərbaycan qəhrəmanlarının həyatlarının şagirdlər üçün hər zaman örnək olacağına və məktəblilərin Vətənə layiqli övlad kimi yetişəcəyinə əminliyini ifadə edib. 


Görüşdə çıxış edən şəhid general-mayor Polad Həşimovun anası Səmayə Həşimova, millət vəkili, Milli Məclisin Mədəniyyət Komitəsinin sədri Qənirə Paşayeva, “YAŞAT” Fondunun müdir müavini Rəbiyyə Cəfərova, xalq artisti Nurəddin Mehdixanlı Ali Baş Komandanın ətrafında sıx birləşən xalqımızın inamı və müzəffər Azərbaycan ordusunun qətiyyəti ilə qazanılmış tarixi zəfərimizin milli kimliyimizi, birliyimizi və gücümüzü bütün dünyaya nümayiş etdirdiyini bildiriblər. Vətənin adını ucaldan, Azərbaycana yüksək fəxarət, şərəf gətirən şəhidlərin ailələrinin daim xüsusi diqqət mərkəzində olacağını vurğulayıblar.

 

Qəhrəman şəhidlərimizin övladları dövlətin bütün strukturları və cəmiyyət üzvləri tərəfindən onlara göstərilən yüksək diqqət və qayğıdan söz açıblar.

 

Görüşdə vətən uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olan vətən oğullarına həsr olunmuş videoçarx nümayiş olunub.

 

Qeyd edək ki, BŞTİ tərəfindən şəhidlərin övladlarına hədiyyələr də göndərilib.

Firayə Allahverdiyeva
Müəllifin digər yazıları