Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-03-17 09:03:00
Bu gənclərin layihə və icadları hər kəsi təəccübləndirir – Sabahın alimləri

 

 

 

Martın 2-də “Sabahın alimləri” X respublika müsabiqəsinin onlayn bağlanış mərasimi keçirilib. 

 

 

Mərasimdə çıxış edən Təhsil naziri Emin Əmrullayev bütün qalibləri təbrik edərək hər birinə fəaliyyətlərində uğurlar arzulayıb.

 

 

AzEdu.az-a danışan qalib şagirdlər sevinclərini bizimlə bölüşərək,  gələcək hədəfləri barədə məlumat veriblər.

 

 

Sumqayıt şəhər 11 nömrəli tam orta məktəbin 9-cu sinif şagirdi Murad Məmmədzadə qalib olduğu layihənin ərsəyə gəlməsindən söz açıb:

 

 

“Orta məktəbdə texniki elmlərə, xüsusən də, fizikaya marağım yüksək idi. Müasir dünyada elektron cihazlardan istifadə diqqətimi cəlb etməyə başladı və mütəxəssislərdən onu öyrənməyə çalışdım. Bu qərar məni New Space-yə getməyə sövq etdi. Bir neçə ay davam edən əziyyətdən sonra zəhmətimin bəhrəsini gördüm.

 

 

Lahiyenin adi Smart Speech Synthesizerdir. 5 ay müddətində mən, komanda yoldaşım Banu və layihə rəhbərimiz Leyla Tağızadənin köməyi ilə onun üzərində çalışdıq. Bu müddətdə çətinliklərimiz olsa da, sonda gözlədiyimiz nəticəni əldə etdik. Cihazı optimallaşdırmaq imkanı əldə etdik.Onun kütləvi  istehsalına başlamaq və qlobal bazara daxil etmək niyyətimiz var.

 

 

Layihənin əsas məqsədi nitqi qüsurlu insanların ətraf mühitlə ünsiyyətini təmin edərək həyat keyfiyyətini yüksəltməkdir. Danışıq Sintezi İnterfeysi (DSİ) hardware və software- dən ibarət olaraq xüsusi alqoritm ilə idarə olunan protezdir”.

 

 

İlqar Cəfərov  adına 260 saylı məktəbin 10-cu sinif şagirdi İlkin Səmədov “Sabahın alimləri” müsabiqəsindəki uğurundan danışıb:

 

 

“Tədris prosesində müasir virtual təlim texnologiyalarından istifadə mühüm əhəmiyyət kəsb edir. Bu özünü pandemiya dövründə də  biruzə verib. Təqdim etdiyimiz layihə biologiya dərslərində istifadə üçün virtual laboratoriyaların yaradılmasına həsr edilib. Eksperimentin alqoritmi qurulub, Unity dilində proqramı yazılıb və virtual laboratoriya hazıranıb”.

 

 

Heydər Əliyev adına Müasir Təhsil Kompleksinin 11-ci sinif şagirdi  Rafiq Qasımov “Sabahın alimləri”nə öncədən qatılmaq niyyəti olduğunu vurğulayır:

 

 

“Bu müsabiqədə iştirak etməyi əvvəldən planlaşdırırdım, ona görə də riyaziyyat fənni üzrə layihə işləməyə qərar verdim. Qalib gəlməyimin başlıca səbəbi isə  elmi rəhbərim, fizika-riyaziyyat elmləri namizədi V.G.Sərdarovun diqqət və qayğısı idi. 

 

 

Layihəmin adı "Triqonometriyanın köməyilə bəzi cəbri misalların həlli"dir. Lyihə üzərində işləyən zaman məlum oldu ki, bəzi tənliklər və tənliklər sistemlərini standard üsullarla həll etmək cəhdi çox vaxt böyük çətinliklər yaradır. Lakin həmin  tənlik və tənliklər sistemini triqonometrik funksiyaların xassələrindən istifadə etməklə həll etmək daha əlverişli olur. Təqdim olunan bu layihədə mən cəbri misalların həllini triqonometrik əvəzetmələrin köməyi ilə triqonometrik misalların həllinə gətirdim. Həll  etdiyim tənlikləri analitik üsulla həll etmək xeyli çətin olduğundan göstərdiyim həll üsulu riyaziyyatla dərindən  maraqlanan şəxslər üçün çox faydalı ola bilər. Gələcək hədəflərimdən biri ali təhsilimi Almaniyada kompüter elmləri sahəsində davam etdirməkdir. Təhsilimi bitirdikdən sonra bu sahədə yaxşı mütəxəssis olmağı düşünürəm”.

 

 

Bakı Avropa Liseyinin 10-cu sinif şagirdi Faiq Qasımov müsabiqəyə necə qatılmasından bəhs edir:

 

 

“Sabahın Alimleri” Respublika müsabiqəsi haqqında çox eşitmişdim. Əvvəlki illərdə bizim məktəbdən bu yarışmaya qatılan və qalib olan şagirdlərimiz olub. Mən də müsabiqənin şərtləri ilə tanış olduqdan sonra iştirak etmək qərarı aldım.

 

 

“Tibb və sağlamlıq” kateqoriyasında “NİRS neonatal qıcolmaların diqanostikasında innovativ yanaşma” lahiyəsini təqdim etdim. Lahiyəyə başlamazdan əvvəl seçdiyim mövzu haqqında geniş araşdırma apardım. Sonra isə məktəbdən olan elmi rəhbərimlə birlikdə tədqiqatın mərhələlərini planlaşdırdıq. 

 

 

Lahiyəm tibbin ən aktual, hələ də öz həllini tapmayan problemlərindən biri olan körpə ölümü və erkən əlillik probleminə həsr olunub. Körpələrə tibbi yardımın keyfiyyətinin yaxşılaşdırılması, xəstələnmə hallarının azaldılması, xəstəliklərin erkən aşkar edilməsi və digər məsələlər bu problemin həlli istiqamətində həyata keçirilməsi vacib tədbirlərdəndir.

 

 

Məlumdur ki, əlil olan uşaqların bir çoxu körpəlikdə qıcolmalar keçiriblər. Bunu əsas tutaraq apardığım tədqiqatda qeyri- invaziv  metod olan infraqırmızı spektrometriyadan qıcolmaların erkən diaqnostikasında istifadə etdim, eyni zamanda  aparılan müayinə metodu ilə beyin zədələnmələrinin ağırlıq dərəcəsini  müəyyən etməyə nail oldum. Beləliklə də alınan nəticələrin vasitəsi ilə gələcəkdə körpələri qıcolmalar baş vermədən öncə müayinə etmək mümükün olacaq  effektiv müalicə metodunun seçiminə köməklik edəcək.

 

 

Azərbaycanı ABŞ-da keçirilən ISEF müsabiqəsində layiqincə təmsil etmək və gələcəkdə isə təhsilimi xarici universitetlərin birində davam etdirmək istəyirəm”.

 

 

Zərifə Əliyeva adına liseyin 9-cu sinif şagirdi Məhəmməd Abbaslı “Sabahın alimləri”ndə iştirakından danışıb:

 

 

“Ötən ildən bu müsabiqədə iştirak edərək bacarıqlarımə nümayiş etmək istəyirdim. Layihəmin adı "Army Bot"-dur. Ona hazırlıq prosesi təhminən 4-5 ay çəkdi. Robotun yığılması və programmlaşdırılmasını isə pandemiya ilə əlaqədər evdən etdim. 

 

 

Gələcək hədəfim proyektimin geniş istifadəsini təmin edilməsi üçün patentlik almaq və robotu təkmilləşdirməkdir. 

 

 

Layihənin əsas məqsədi  hərbi sahədə insan itkisinin qarşısını alınması üçün, insan rolunun azaldılmasıdır. Amma burada bir neçə məqamı qeyd etmək lazımdır: 1) Düşmən tərəfi haqqında informasiya toplamaq; 2) Hərbçilərə müəyyən sənədlərin, yüklərin çətin keçilən yollarla çatdırılması; 3) Sərhədin qorunması; 4) Yerli şərait haqqında məlumatın əldə olunması(hava, relyef, iqlim şəraiti). Bunu edəcək robotun boyük effektivliyini nəzarə alaraq insan itkilərin azaltmaq olacaq. Məsələn: bu robot tamamilə kəşfiyyatçıların və mina axtaranların işini əvəz edə bilər”.

 

 

Sumqayıt şəhər 11 saylı tam orta məktəbin 11-ci sinif şagirdi Banuçiçək Kərimlinin informasiya texnologiyalarına böyük həvəsi var:

 

 

“Bir ildən çoxdur ki, robotexnika və programlaşdırma ilə məşğulam və bu sahədə bir neçə yarışmalara qatılmışam. Düşünürəm ki, "Sabahın alimləri" kimi möhtəşəm müsabiqədə iştirak edə bilmək böyük bir fürsətdir. 

 

 

Layihəmizin adı Smart Speech Synthesizer-dır. Bu üz əzələ hərəkətlərini danışığa çevirən cihazdır. Layihəmizin əsas məqsədi lal insanların ətraf mühitlə ünsiyyətini təmin edərək həyat keyfiyyətini yüksəldəcək Danışıq Sintezi İnterfeysi (DSI) yaratmaqdır. Biz bu layihə üzərində işləyəndə 44 günlük Vətən müharibəsində travma nəticısində dili tutulan əsgələrimizi də nəzərə aldıq. Cihazımızın işləmə qaydası bu şəkildədir: EMG elektrod, yəni əzələ sensoru yanaq əzələlərinə. bərkidilir. Əzələ hərəkətlərini nitqə çevirən kod vasitəsi ilə insanların əzələ hərəkətləri səsləndirilir. Əvvəlki oxşar sistemlərlə müqayisədə biz daha dayanıqlı, davamlı və mükəmməl interfeys icad etmişik. İstifadə etdiyimiz naqilsiz EMQ əlillərin danışığının rahat sintezini təmin edəcək.

 

 

Gələcək planlarımızdan biri layihəmizi təkmilləşdirməkdir. Cihazımızı optimallaşdıraraq daha böyük bir kütləyə təqdim etmək və qlobal bazara daxil olmaq da gələcək hədəflərimizə daxildir”.

 

 

Gənc istedadlar liseyinin 10-cu sinif şagirdi Əliakif Əkbərzadə layihə haqqında məlumat verib:

 

 

“Kompyuter elmlərinə yüksək marağım olduğu üçün bu müsabiqəyə qatıldım. Lahiyəmizin adı "Tədrisdə virtual laboratoriyanın yaradılması və onun tətbiqi"dir. Onun hazırlanmasında ən böyük dəstəkçimiz BDU-nun dosenti  Mübariz Xəlilov oldu. Gələcəkdə bu istiqamətdə elmi biliklərimi artırmaq fikrindəyəm”.

 

 

Bakı Dövlət Universitetunin nəzdində Gənc İstedadlar liseyinin 10-cu sinif şagirdi Tamilla Süleymanova layihənin məqsədindən danışıb:

 

 

“Sabahın alimləri” müsabiqəsi Azərbaycanda 10 ildir ki keçirilir. Bizim məktəb də bu müsabiqədə dəfələrlə iştirak edib. Məktəbimiz bu il də bizə iştirak  imkanı yaratdı.

 

 

Biologiya istiqaməti üzrə "Ximer RNT-lər və zülallar" layihəsini təqdim etdik. 

Belə ki mən və bu layihədə həmkarım Rəfsan Həbibullayev,  AMEA Biofizika İnstitutunun İnteqrativ biologiya laboratoriyasının rəhbəri İlham Şahmuradovun rəhbərliyi ilə bu layihəni tədqiq etdik, bir çox proqramlarla işləyərək araştırmalar apardıq. 

 

 

Layihənin məqsədi insan, bəzi məməli və ali bitkilərdə eyni istiqamətli və yaxın qonşu gen cütlərinin genom miqyasını müəyyənləşdirmək və həmin genomların hüceyrə differensiyasıyı, xərçəng, və qocalmada rol oynayan eyni istiqmətli (Quyruq-Baş) və yaxın qonşu transkripsiya ilə induksiya olunan ximer RNT-lərin törənmə potensialını müqayisəli surətdə qiymətləndirməkdir.

 

 

Gələcəkdə tibb sahəsi üzrə çalışmaq istəyirəm. Ümid edirəm ki yaxşı və uğurlu həkim, alim olacam və bir çox xəstəliklərin müalicəsini tapmağa kömək edəcəm.

 

 

Emin Əmrullayevlə görüşümüz zamanı bizə elmin hər zaman yolumuzu aydınlatdığını, ölkəmizin bilikli gənclərə ehtiyacı olduğunu söylədi. Nazir bizə xaricdə yüksək səviyyədə biliyə yiyələnməyimizi və sonra Azərbaycana dönərək biliklərimizi tətbiq etməyimizi təklif etdi”.

 

 

Qeyd edək ki, 2012-ci ildən başlayaraq Azərbaycanda “Sabahın alimləri” respublika müsabiqəsi keçirilməyə başlanılıb. Müsabiqə İSEF – Beynəlxalq Elm və Mühəndislik Sərgisi çərçivəsində keçirilir. Müsabiqənin məqsədi ölkəmizdə fəaliyyət göstərən ümumi təhsil müəssisələrinin IX-XI siniflərində təhsil alan şagirdlərin elmi axtarışlara sövq edilməsi, onların elmi və yaradıcılıq fəaliyyətinin stimullaşdırılması, elmi tədqiqat işinə meyli olan istedadlı şagirdlərin aşkar edilməsi, həmçinin yüksək elmi-tədqiqat nəticələri əldə etmiş Azərbaycan məktəblilərinin seçilib ABŞ-da keçirilən İntel İSEF – Beynəlxalq Elm və Mühəndislik Sərgisinə  göndərilməsidir. Müsabiqədə qiymətləndirmə 8 kateqoriya (riyaziyyat, fizika və astronomiya, kimya, biologiya, tibb və sağlamlıq, ekologiya və ətraf mühitin idarə olunması, mühəndislik, kompüter elmləri) üzrə həyata keçirilir.

 

 

 

Şükufə Süleymanlı
Müəllifin digər yazıları