Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-03-14 14:07:00
83 nömrəli məktəb-liseyin direktoru: Qarabağ çoxşaxəli iqtisadi potensiala malikdir  

Qarabağı “yaşıl enerji” zonasına çevirmək, təbii resurslarından səmərəli istifadə etmək regionda aparılan bərpa-quruculuq işlərində prioritet istiqamətlərdən biridir. Bu torpaqlardakı faydalı qazıntılar, su və meşə resursları Azərbaycanın iqtisadi gücünü artıracaq. Füsunkar landşaftı olan Şuşa şəhərində, Kəlbəcərdə, Laçında turizm potensialı yüksəkdir və yaxın gələcəkdə bu ərazilərdə müvafiq sektorun inkişafı ölkə iqtisadiyyatına töhfə verəcək. Regionun təbii resurslarını dövriyyəyə cəlb etməklə Azərbaycan qərb bölgəsinin inkişafı, dağ-mədən sənayesinin, eləcə də metallurgiya kompleksinin yüksəlişini təmin etmək potensialına malikdir. İşğaldan azad edilmiş ərazilərimizdə meşə, su və torpaq resursları aqrar sahə, emal sənayesi və turizmin inkişafı üçün böyük imkanlar yaradır. Bu ərazilərdə iqtisadi infrastruktur formalaşdırılacaq və yeni texnologiyalar tətbiq olunacaq, bütün bunlar isə ümumilikdə ölkə iqtisadiyyatını daha da genişləndirəcək. Dövlətimizin başçısı da çıxışlarında bölgədə çoxşaxəli və müxtəlif təyinatlı logistik layihələrin icra olunacağını bildirib. Tikintisi davam edən Füzuli Beynəlxalq Hava Limanının, eləcə də Laçında və Zəngilanda tikiləcək aeroportlar ölkəmiz üçün böyük əhəmiyyətə malik olacaq. Bu aeroportlar turizm imkanlarından istifadəyə və logistik mərkəzlərin yaradılmasına hesablanıb. Həmçinin Laçın-Kəlbəcər avtomobil yolları şəbəkəsinin müasirləşməsinə şərait yaranacaq.

 

AzEdu.az xəbər verir ki, bu fikirləri 83 nömrəli məktəb-liseyin direktoru Almaz Bayramova söyləyib.

 

“Prezident İlham Əliyev fevralın 26-da yerli və xarici media nümayəndələr üçün keçirdiyi mətbuat konfransında çıxışı zamanı bildirdi ki, işğaldan azad olunmuş ərazilərdə bütün kəndlərə asfalt yol çəkiləcək. Bütün bölgələrdə elektrik enerjisi ilə bağlı layihələr bu ilin sonuna qədər icra ediləcək.

 

Onu da qeyd edim ki, Qarabağın təbii şəraiti və ehtiyatları, eləcə də dövlətimizin həyata keçirdiyi bərpa və quruculuq işləri regionda kənd təsərrüfatının inkişafına geniş imkanlar yaradacaq. Eyni zamanda, ölkədə ərzaq təhlükəsizliyinin təmininə töhfə verəcək. Xüsusən də heyvandarlıq məhsulları ilə özünütəminetmə səviyyəsi yaxşılaşacaq.

 

Qarabağ ərazisi bərpa olunan enerji resursları ilə zəngindir. İşğaldan azad edilmiş ərazilərdə ekoloji vəziyyətin bərpası üçün kompleks tədbirlərin görülməsi nəzərdə tutulur. Çoxşaxəli iqtisadi potensialı olan Qarabağ “yaşıl enerji” zonası elan edilib. Kəlbəcər-Laçın zonasında külək, Zəngilan-Cəbrayıl zonasında isə günəş stansiyalarının yaradılması üçün münbit şərait var. Qarabağ, həmçinin Azərbaycanda yerli su ehtiyatlarının formalaşdığı əsas bölgələrindən biridir.

 

Vətən müharibəsində əldə edilən Qələbədən sonra regionda yaranan yeni reallıqlara uyğun olaraq, böyük qayıdışla bağlı bütün işlərə start verilib. Qarabağda həyata keçirilən layihələr, həmçinin Cənubi Qafqazda sülh və təhlükəsizlik, iqtisadi inkişaf, davamlı investisiyalar, sosial rifah və dayanıqlı sabitlik üçün geniş imkanlar yaradır. Prezident İlham Əliyevin müdrik və uzaqgörən qərarları, qeyri-adi təşkilatçılıq bacarığı sayəsində respublikamız ildən-ilə dünyanın əksər ölkələrinə nümunə ola biləcək iqtisadi, sosial uğurlara imza atır. Bölgəmizdə sülh və sabitliyin təmin edilməsi, Qarabağın iqtisadi resurslarının qiymətləndirilməsi və səmərəli istifadəsi Azərbaycanın iqtisadi inkişafında yeni mərhələnin əsasını qoyacaq, müasir iqtisadi quruculuğa mühüm töhfələr verəcək və regionda çoxtərəfli etibarlı əməkdaşlıq formatının yaranmasını şərtləndirəcək”, - deyə Almaz Bayramova bildirib.

 

Azərtac