Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-03-12 13:49:00
Məktəb direktoru: Vətən müharibəsindəki tarixi Qələbəmiz xalqımızın kimliyini özünə qaytardı  

Qədim tarixə malik Azərbaycan xalqı öz qəhrəman oğulları ilə fəxr edib və onların adını uca tutub. Onlar xalqımızın adını, şərəfini qoruyub, Vətən qeyrətini, namusunu hər şeydən uca tutub və onun uğrunda mübarizə aparıblar. Tariximiz belə oğulların və qızların mübariz əməlləri ilə yazılıb. 44 günlük Vətən müharibəsindəki Qələbəmiz bu tarixin “üzük qaşına” çevrildi. Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin uzaqgörənliyi, əzmi və iradəsi sayəsində ordumuz tariximizə şanlı səhifələr yazdı. Prezident İlham Əliyevin dediyi kimi, bu müharibə Vətən müharibəsi idi, müqəddəs müharibə idi. İkinci Qarabağ müharibəsi tarixdə Azərbaycanın şanlı qələbəsi kimi qalacaq. Bu qələbənin qazanılmasında bütün xalqımız birlik, həmrəylik göstərib. Atılan addımlar bir məqsədə xidmət edirdi: qısa müddət ərzində az itkilərlə düşmənə elə sarsıdıcı zərbə vuraq ki, düşmən məcbur olub torpaqlarımızdan çıxsın.

Bu fikirləri  82 nömrəli tam orta məktəbin direktoru Leyla Fətiyeva söyləyib.

“44 günlük Vətən müharibəsində Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Silahlı Qüvvələrinin mərdliyi, qəhrəmanlığı, fədakarlığı nəticəsində qısa müddət ərzində şanlı Qələbə qazandıq. Hər gün cəbhədən aldığımız qələbə xəbərləri xalqımızı daha da birləşdirdi, dövlətimizin ətrafında daha sıx birlik yaratdı. Həmin günlər sanki hamı əsgər kimi döyüşdə, cəbhədə idi. Milliyyətindən, dinindən, dilindən, yaşından asılı olmayaraq hamı cəbhəyə getmək arzusunda idi. Döyüş meydanında olduğu kimi, siyasi, ideoloji, diplomatik müstəvidə də qələbə bizimlə oldu. Bu, həm də ölkə rəhbərinin müdrik, uzaqgörən siyasətinin, uğurlu diplomatiyasının nəticəsi idi. Prezident İlham Əliyev çox mötəbər kürsülərdən dəfələrlə və qətiyyətlə bildirmişdi ki, Azərbaycan xalqı torpaqlarının işğalı ilə heç vaxt barışmayacaq. Lazım gəlsə hərbi yolla torpaqları azad edəcək. Bəli, belə bir məqam gəlib çatdı. Çünki heç bir beynəlxalq təşkilat, eləcə də ATƏT-in Minsk qrupu bu problemin həllində maraqlı olmadı. İkili standartlar, ermənipərəst mövqe nümayişi, torpaqların yavaş-yavaş itirilməsi ilə azərbaycanlıları barışığa sövq etmək səyləri, erməni tərəfin yalançı, aldadıcı vaxt uzatmaları problemin həllinin müharibə yolu ilə olmasına gətirib çıxardı. Azərbaycan bu işdə bir çox təzyiqlərə, təhdidlərə məruz qalsa da, Prezidentin dərin zəkası və qətiyyəti qarşısında heç kəs tab gətirə bilmədi. Dövlət, ordu və xalqın birliyi dəmir yumruğa çevrilib düşmənin başına endirildi. Şanlı Qələbəmiz ilə Xocalı soyqırımının da qisası alındı. Müqəddəs yerlərə, qəbirstanlıqlara, məscidlərə, tarixi abidələrə barbar münasibət göstərən, sivilizasiyadan kənar bir toplum olan ermənilərin atıb qaçdıqları qocalarına, uşaqlarına həssas münasibətilə Azərbaycan əsgəri insanlığın necə olduğunu göstərdi. Ən nəhayət, vaxtilə bizdən qoparıb ermənilərə verilən yerlərin onlara mənsub olmadığını göstərdi.

Vətən müharibəsindəki tarixi Qələbəmiz xalqımızın kimliyini özünə qaytardı. Ən əsası isə bu Qələbə hər birimizə başını dik tutmaq qürurunu özünə qaytardı. Şəhidlərimiz, qazilərimiz bu müqəddəs tarixi qanları, canları hesabına yazdılar. Yazdılar ki, Vətən bir daha parçalanmasın, bütövlüyünü bərpa etsin. Onlar bu torpaqları bizlərə necə əmanət ediblərsə, biz də olduğu kimi gələcək nəsillərə əmanət edək. Qarabağ Azərbaycandır! Yaşasın Azərbaycan xalqı!”, - deyə məktəb direktoru vurğulayıb.(azertac)