Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-03-10 10:36:00
Tarix müəllimi: "Azərbaycan əsgəri  qəhrəmanlıq nümunəsidir"

Qədim və keşməkeşli tarixə malik olan Azərbaycan xalqı həmişə sülhün, əmin-amanlığın carçısı olmuş, qonşuları ilə daim mehriban, isti münasibətlərə üstünlük vermişdir. Milli xislət baxımından davakar olmasaq da, əgər mövzu doğma Vətənin müdafiəsi, torpaqlarımızın bütövlüyünün təmin edilməsidirsə, əksinə, haqq-ədalətin təntənəsinə köklənən müqəddəs savaşlarımız və onları vətən tariximizin ən şanlı səhifələrinə yazan qəhrəmanlarımız yetərincədir. Qəhrəmanlıq haqqında danışarkən, çox zaman bir fikir cəmiyyətdə daha çox müzakirə mövzusuna çevrilir. “Heç kim qəhrəman olaraq dünyaya gəlməz, qəhrəmanlar döyüşdə yaranar”. Bəli qəhrəmanlıq elə bir məfhumdur ki, o zamanın müəyyən anında özünü büruzə verərək insanı mənəvi ucalığın fövqünə yüksəldir.

 

XX əsrin sonlarında dünyada cərəyan edən geosiyasi proseslər fonunda müstəqil Azərbaycan Respublikasının yaranması şübhəsiz böyük tarixi nailiyyət olmaqla bərabər, eyni zamanda milli dövlətçilik uğrunda mübarizə aparan xalqımızın iradə və cəsarətinin məntiqi nəticəsi idi. Yeni dövrün astanasında tarixi torpaqlarımızda “süni dövlət” olaraq  yaradılan və taleyin acı hökmü ilə bizə qonşu edilən bədnam Ermənistan tarixən xalqımıza qarşı yürütdüyü şovinist münasibəti daha da sərtləşdirərək, onu əsas “milli-siyasi ideologiya”ya çevirdi. Müstəqil dövlətimizin ilk fəaliyyət illərində hakimiyyətdə qeyri-prinsipal, müti və bacarıqsız rəhbərliyin təmsil olunması işğalçılıq psixologiyasında tərbiyə edilmiş Ermənistan rəhbərliyinə torpaqlarımıza qarşı öz çirkin niyyətlərini həyata keçirməyə geniş fürsətlər verdi. Düşmən təxribatlarının qarşısını almaq məqsədilə 1991-ci ilin oktyabrında Milli Ordu adı ilə yaradılan, lakin vahid komandanlığa tabe olmayaraq siyasiləşmiş könüllü özünümüdafiə dəstələrimiz nizami təlim görmüş və silahlandırılmış erməni silahlı quldurlarının çoxsaylı hücumları qarşısında aciz duruma düşdülər. Nəticə etibarıilə Ermənistanın təcavüzkalığı nəticəsində doğma torpaqlarımızın 20%-i düşmən tapdağı altına düşdü. 90-cı illərin əvvəllərində ölkədə yaranmış hərbi-siyasi böhran səbəbi ilə müstəqilliyimizin itirilməsi təhlükəsi xalqın sağlam düşüncəli qüvvələrini səfərbər etdi. Xalqımızın bu ağır günündə ölkənin idarəçilik sükanını ələ alan böyük xilaskarımız, ümumilli lider Heydər Əliyev dövlət quruculuğu sahəsində köklü islahatlara başladı. Təcavüzkar Ermənistanın əsassız torpaq iddiaları nəticəsində ölkəmizin tarixi və ayrılmaz hissəsi olan Dağlıq Qarabağ bölgəsi ətrafında yaranmış Ermənistan- Azərbaycan münaqişəsi məsələnin sülh yolu ilə həll edilməsində diplomatik danışıqları labüd etməklə bərabər, eyni zamanda güclü ordu quruculuğunu da zəruri etmişdir. Ulu öndərin gərgin əməyi ilə qısa müddətdə yaradılan və vahid komandanlığa sədaqətli olan Azərbaycan Ordusunun 1993-cü ilin sonlarında həyata keçirdiyi uğurlu “Horadiz əməliyyatı” işğal altında olan bir sıra məntəqələrimizi azad etməklə bərabər, düşmənə Azərbaycan əsgərinin əsl gücünü və qəhrəmanlığını nümayiş etdirmiş oldu. Azərbaycan əsgərinin rəşadətini görən işğalçı dövlət “atəşkəsə” məcbur edildi. O zaman Ali Baş Komandan tərəfindən böyük uzaqgörənliklə gələcəyə hesablanmış və Milli Ordumuzun daha da gücləndirilməsi üçün vaxtın qazanılmasına xidmət edən bu strategiya əlbəttə ki, illər sonra mütləq öz töhfəsini verəcəkdi.

 

Memarı Ümummilli lider olan Milli Ordu quruculuğu siyasəti ulu öndər irsinin layiqli davamçısı Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin dövründə daha böyük uğurla davam etdirildi.

 

Dağlıq Qarabağ münaqişəsi ətrafında aparılan çoxsaylı danışıqlarda məsələnin  diplomatik həlli yolunda bəzən müəyyən ümidlər yaransa da, Ermənistan rəhbərliyinin qeyri-konstruktiv  mövqeyi, habelə problemin sülh yolu ilə həllinə məsul olan beynəlxalq təşkilatların sərgilədiyi ətalətlilik təcavüzkarı şirnikləndirməklə, onu sonradan daha çoxsaylı avantüralara həvəsləndirmiş oldu. Beynəlxalq hüquqa hörmətlə yanaşan rəsmi Azərbaycan isə hər zaman bəyan etdi ki, o, işğal faktı və mövcud status-kvo ilə barışmaq və Ermənistanın təxribatlarına dözmək niyyətində deyil. Əksinə, düşmənə layiqli cavab vermək, torpaqlarını azad etmək iqtidarındadır. Buna misal olaraq, 2010-cu ildə təkbaşına düşmən səngərinə daxil olmaqla onun xeyli canlı qüvvəsini məhv edən əsgər Mübariz İbrahimov Azərbaycan əsgərinin qəhrəmanlıq simvoluna çevrildi. 2016-cı ilin aprelində işğalçı Ermənistan ordusunun hücumlarının qarşısının qətiyyətlə alınması  və  əks-hücum əməliyyatı nəticəsində bir çox ərazilərimizin işğaldan azad edilməsi artıq bütün dünyaya Azərbaycan əsgərinin gücünü, qələbə əzmini və ədalətin bərpa olunacağını göstərdi. Aldığı sarsıdıcı zərbələrdən nəticə çıxararaq masaya əyləşmək əvəzinə öz sərsəm bəyanatları ilə danışıqlar prosesinə zərbə vuran  radikal  Ermənistan  hakimiyyəti  növbəti zərbəni ötən ilin iyul ayında Tovuz bölgəsində törətdiyi təxribata cavab olaraq aldı. Lakin döyüş meydanında hər dəfə daha çox itkiyə məruz qalaraq rəzil vəziyyətə düşən Ermənistan hakimiyyəti daxili auditoriyanın narazılığını yeni “uğurlu” hərbi əməliyyatlarla sakitləşdirəcəyinə ümid edərək özünü daha böyük fəlakətlərə sürükləmiş oldu. 2020-ci ilin sentyabrın 27-dən səhər saatlarında növbəti təxribata əl ataraq dinc yaşayış məntəqələrimizi namərdcəsinə ağır artilleriya atəşinə tutan Ermənistan ordusunun bu azğınlığna birdəfəlik son qoymaq məqsədilə Dövlət Başçısı, Ali Baş Komandan Milli Ordumuza “İrəli” əmrini verdi. Cənab Prezidentin televiziya ilə xalqa xitabən söylədiyi “Biz haqq yolundayıq, bizim işimiz haqq işidir və biz mütləq zəfər çalacağıq” ifadəsi böyük qələbəmizin əsas devizinə çevrildi. Tariximizə şanlı “44 günlük müharibə” və ya “Dəmir yumruq” əməliyyatı adı ilə daxil olmuş bu müqəddəs Vətən müharibəsində ordu və xalq Prezidentin ətrafında sıx birləşərək vəhdətləşdi. Vətən torpaqlarının azad olunması uğrunda aparılan bu döyüşlərdə Azərbaycan ordusunun nümayiş etdirdiyi döyüş əzmi və yüksək peşəkarlığı xeyli az itki ilə böyük irəliləyişlərə imza atdı. Düşmənin 4 il ərzində işğal etdiyi torpaqları 44 gün ərzində azad edən qəhrəman əsgərlərimiz Şanlı Bayrağımızı Suqovuşana, Cəbrayıla, Füzuliyə, Hadruta, Zəngilana, Qubadlıya və yüzlərlə kənd və digər yaşayış məntəqələrimizə sancdı. Vətən müharibəsində gənc əsgərlərimizin göstərdiyi çoxsaylı qəhrəmanlıqların təfərrüatlarına hərbi sirr baxımından hələ ki, tam aydınlıq gətirilməyib. Amma indidən əminliklə demək olar ki, Şuşanın işğaldan azad edilməsi əməliyyatı tarixdə əbədi qalacaqdır. Qarabağımızın tacı, döyünən ürəyi olan Şuşa təbii istehkam olduğundan şəhərə tanklarla, yaxud digər ağır silahlarla girmək mümkün deyildi. Onu almağın iki variantı vardı. Birinci halda, şəhərdəki düşmən qüvvələrini hava zərbələri, top atəşləri ilə məhv etmək olardı. Komandanlıq buna getmədi. Çünki şəhərin bombardman edilməsi böyük dağıntılara, nadir tarixi-mədəni abidələrimizin məhvinə səbəb olacaqdı. Buna görə də alternativ variant kimi əlbəyaxa döyüş taktikası seçildi.

 

Qəhrəman əsgər və zabitlərimiz yüngül silahlarla qalın meşələrdən, dərin dərələrdən keçərək, qayalar, dağlar aşaraq düşməni üzbəüz döyüşdə məhv etdi. Şuşanın azad edilməsi Ermənistanın hərbi-siyasi komandanlığını kapitulyasiya məhkum etməklə bərabər, işğal altında olan Laçın, Ağdam və Kəlbəcər rayonlarından da öz işğalçı qoşunlarını döyüşsüz çıxarmağa məcbur etdi. Müzəffər Ali Baş Komandan İlham Əliyevin noyabrın 8-də xalqımıza Şuşanın azad edilməsi barədə verdiyi müjdə əslində Vətən müharibəsində qazanılmış böyük qələbənin rəsmən elanı idi. Bu böyük qələbəni isə Dövlət Başçısının dediyi kimi, bizlərə qəhrəman Azərbaycan əsgərləri bəxş etdi. Bu gün əminliklə deyə bilərik ki, Şuşa zəfəri  Azərbaycan əsgərinin ən yüksək qəhrəmanlıq nümunəsidir. Bu zəfərə gedən yolda isə minlərlə vətən övladlarının dillərə dastan olacaq çoxsaylı qəhrəmanlıq  salnaməsi var. Qəhrəman Xudayarın dastanı kimi...

 

Vüsal Musayev

Xalid Quliyev adına 62 saylı məktəb liseyin tarix müəllimi