Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-07-05 12:36:00
Son hadisələr ali məktəblərə də təsir etdi? –“Fəsadlar tezliklə aradan qaldırıldı”  

“İşıqlar sönəndə ali məktəblərdə  bəzi sistemlərdə, xüsusilə elektron sistemdə müəyyən çatımazlıqlar yaransa da, fəsadlar tezliklə aradan qaldırıldı”

Bu sözləri AzEdu.az-a açıqlaması zamanı təhlükəsizlik məsələləri üzrə eskpert Arzu Nağıyev deyib. Onun sözlərinə görə, istər orta məktəb, istər ali təhsil müəssisəsi, istərsə də böyük təşkilatların hər biri mülki müdafiə qurğuları ilə tam şəkildə təmin olunmalıdır:

“Şagirdlərin, tələbələrin sıx olduğu hər qapalı müəssisəyə generator quraşdırılmalıdır. Bu yalnız işıqla bağlı olan məsələ deyil. Təhsil müəssisələri istənilən fövqalədə vəziyyətə hazırlıqlı olmalıdır. Azərbaycan müharibə şəraitində olan ölkədir. Həddi buluğa çatmayan şagirdlərlə çalışan rəhbər qurumlar xüsusilə diqqətli olmalıdır. Azyaşlılara fövqəladə vəziyyətlərdə özlərini  aparmaq qaydalarını öyrətmək, bu barədə onlara təlimlər keçmək lazımdır. İngilislərin bir sözü var, təhlükəsizlik məsələsi çox bahalı məsələ olsa da,  özü-özünü tam şəkildə təmin edən məsələ olmalıdır. Böyük şirkətlər gəlirlərinin müəyyən faizini bu məsləyə ayırmalıdır”.

Ekspert şagirdlərin maarifləndirilməsinin vacibliyini də vurğulayıb:

“Şükürlər olsun ki, bu hadisə sonrası Azərbaycan məktəblərində böyük problemlər yaranmadı. Çünki tədris ili artıq başa çatıb və şagirdlər hazırda tətildədirlər.  Ali məktəblərdə  bəzi sistemlərdə, xüsusilə elektron sistemdə müəyyən çatımazlıqlar yaransa da, fəsadlar tezliklə aradan qaldırıldı. Ancaq  buna ümid olub yaşamaq olmaz. Ən mühüm məsələ insan həyatıdır. İnsan həyatından bahalı heç nə ola bilməz”.

Xatırladaq ki, iyulun 3-nə keçən gecə Mingəçevir İstilik Elektrik Stansiyasında (İES) qəza baş verib. Nəticədə stansiyanın enerji bloklarından birinin fəaliyyəti dayanıb və ölkə ərazisində ciddi enerji problemləri yaranıb.

Nəzrin Rüstəmova
Müəllifin digər yazıları