Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-02-18 17:10:00
Orta məktəblərdə ƏYANİ dərslərin sayı ARTIRILIR 

Növbəti həftədən Bakıdakı orta məktəblərdə əyani dərslərin sayı artırılır. 

 

AzEdu.az xəbər verir ki, ölkədəki epidemioloji vəziyyət nəzərə alınaraq, Təhsil Nazirliyi tərəfindən əyani dərslərin sayının artırılmasına qərar verilib.

 

Qərara əsasən, məktəb direktorları tərəfindən sinif rəhbərlərinə növbəti həftə üçün hazırlanmış yeni cədvəlin şagirdlərə təqdim olunması tapşırılıb. Növbəti həftədən şagirdlərin hər gün əyani dərsə gedəcəyi gözlənilir.

 

Məsələ ilə bağlı Təhsil Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Cəsarət Valehov bildirib ki, yenilik və bununla bağlı yekun qərar olarsa, ictimaiyyətə açıqlanacaq.

 

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin mətbuat katibi Bəşarət Məmmədov bildirib ki, Nazirlər Kabinetinin sonuncu qərarı ilə əyani dərslər bərpa olunandan sonra distant təhsilin keçirilməsi ləğv olunub:

 

“Əgər hansısa məktəbdə onlayn dərslərə davam edilirsə, bu, həmin məktəb direktorunun, müəllimlərin birgə təşəbbüsüdür ki, o da sırf şagirdlər üçün edilir”.

 

Qeyd edək ki, 1 fevraldan etibarən ibtidai siniflərdə həftədə 3 dəfə olmaqla, 15 fevraldan etibarən isə yuxarı siniflərdə həftədə 2 dəfə olmaqla əyani dərslər qismən bərpa olunub.

 

Modern