Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-02-11 15:00:00
DİQ-də uğur qazanan direktorlar:  "Bilmədikləri sual olduqda bunu etsinlər"  

Fevralın 10-dan dövlət ümumi təhsil müəssisələrində direktor vəzifəsinə işə qəbul üzrə müsabiqənin elektron sənəd qəbulu mərhələsi başlayıb. Fevralın 19-da direktorların işə qəbulu üzrə onlayn sınaq imtahanının keçirilməsi nəzərdə tutulub. Sınaq imtahanında direktor vəzifəsinə işə qəbul üzrə müsabiqədə elektron qeydiyyatdan keçən şəxslər iştirak edə bilərlər.

AzEdu.az ötən illərdə DİQ müsabiqəsində uğur qazanan direktorların builki namizədlərə LAZIMLI tövsiyələrini təqdim edir:

 

“Əvvəlki illərdə belə qayda var idi ki, direktor DİQ müsabiqəsinə qatılmaq üçün müəyyən bir kursu bitirməli idi. Hazırda bu tələb aradan götürülüb, 5 illik pedaqoji təcrübəsi olan müəllimlər DİQ müsabiqəsində iştirak edə bilərlər”.

Bu fikirləri AzEdu.az-a açıqlamasında Bakı şəhəri 234 nömrəli tam orta məktəbin direktoru Könül Məmmədli bildirib. O, müsabiqədə iştirak edəcək namizədlərin diqqət etməli olduğu məqamları da qeyd edib:

“Namizədlər mütləq Təhsil qanunu, Azərbaycan Respublikasının Əmək Məcəlləsi, maliyyə, statistika, Nazirliyin müxtəlif vaxtlarda verdiyi qərarlar, tədris prosesində bizə lazım olan qanun və qaydalarla tanış olmalıdırlar.Test mərhələsinə bu mövzularda suallar salınır. Müsahibə mərhələsində isə namizədin şəxsi keyfiyyətləri, xarakteri önəm daşıyır. Bu mərhələdə özünəgüvən əsas şərtdir. Kim ki özünə “Bacaracağam” deyirsə, həmin şəxs müsabiqəni uğurla yekunlaşdırır. Direktor olmaq istəyən hər bir namizəd bilməlidir ki, önəmli olan şəxsi karyera deyil, önəmli olan cəmiyyətə nə dərəcədə xeyirli olmağımız, təhsil sisteminə səmərəli olmağımızdır.

 

“Yaxşı rəhbər olmaq istəyən hər bir şəxs əvvəlcə yaxşı müəllim olmağı bacarmalıdır".

 

“Direktorun şəxsi keyfiyyətləri, dünyagörüşü, bilik səviyyəsi yüksək olmalıdır ki, hər zaman rəhbərlik etdiyi kollektivə metodiki tövsiyələrini verə bilsin. Bunun üçün də yeniliklərə açıq olmalı, verilən qərarları təhlil etməyi bacarmalıyıq. Unutmayaq ki, təhsil müəssisəsində yaxşı rəhbər olmaq istəyən hər bir şəxs ilk öncə, yaxşı müəllim olmağı bacarmalıdır".

“Direktorlar müsabiqəyə hazırlaşmaq üçün miq.edu.az saytında “direktorlar” adlı alt bölmədəki materiallardan faydalanmalıdır. Burada müsabiqəyə hazırlaşmaq üçün proqram var. Həmin proqramda 38 link göstərilib və bu, hamı üçün əlçatandır. Bu linklər bütün imtahan prosesini əhatə edir.

Bunu AzEdu.az-a açıqlamasında AzEdu.az Lənkəran rayon Veravul kənd orta məktəbinin direktoru Araz Babayev deyib. O, namizədlərə üçün çox vacib detalları da açıqladı:

“Mən hazırlaşan zaman belə bir ədəbiyyat tövsiyəsi yoxuydu, ona görə xeyli kitabdan yararlandım və çox zamanımı aldı. Saytda eyni zamanda proqram da yerləşdirilib. Proqramda konkret qanunların, qərarların hansı fəsillərinin öyrənilməli olduğu qeyd olunub. Müsahibə mərhələsində iştirak edəcək namizədlər səmimi olmalıdır. Hər zamankından fərqli olmağa çalışanda ekspertlər bunu hiss edir. Həmçinin səs tonuna diqqət etsinlər, heç kəsin sözünü kəsməsinlər. Sualın birbaşa cavabını vermək çox önəmlidir”.

Namizəd bilmədiyi  sualları bu cür cavablamalıdır:

“Namizəd əksər sualları yüksək səviyyədə cavablamalıdır ki, bilmədiyi mövzu olduqda ekspertlər bunu ona keçə bilsinlər. Bilmədiyi sual olduqda bunu səmimi etiraf etməlidirlər. Qeyd etmək lazımdır ki, “sualın cavabını bilmirəm, lakin müsahibədən dərhal sonra araşdıracağam”. DİQ müsabiqəsinin şəffaf proses olduğuna inanmaq lazımdır. Mütəmadi hazırlaşan, məsuliyyətlə yanaşanlar uğur qazanacaq”.

Firayə Allahverdiyeva
Müəllifin digər yazıları