Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-07-03 16:00:00
Mingəçevir "faciəsi" daha nələrə səbəb ola bilərdi? – Elmi məruzədən çıxarış

“Mingəçevir Su Elektrik Stansiyasındakı su bəndi yarılarsa, Kür-Araz ovalığının 18 rayonu tam və ya qismən su altında qala bilər”

Bu sözləri AzEdu.az-a açıqlamasında Bakı Gəmiqayırma Zavodunun Texniki Təminat şöbəsinin rəisi Rəşid Bərgüşad deyib. O Mingəçevir Regional Mülki Müdafiə İdarəsində Mühəndis Xidmətinin rəisi vəzifəsində çalışıb:

“1997-ci ildə güclü leysan yağışı Mingəçevir SES-in işini iflic hala salmışdı. Bölgədə bütün xüsusi təyinatlı mühəndis qurğularının vəziyyətinə nəzarət edirdim. Qəzayla əlaqədar, SES-in bəndinin vəziyyətini yoxlamaq üçün rəsmi tapşırıq alıb, vəziyyəti araşdırdım. Rəsmi orqanlara nəticəni məruzə edərkən şok olduq. Birbaşa təklif etdim ki, yalnız suvarma kanallarını suyla təmin edən bu SES-in vura biləcəyi zərər xeyirindən qat-qat çoxdur və sökülməlidir. O vaxt üçün tam məxfi hesab edilən bəzi məlumatların məxfilik qrifi götürüldü. Məruzəm Təhsil Nazirliyinin "Elmi əsərlər" buraxılışında (Bakı, 1998 "Ümman" nəşriyyatı) çap olundu”.

Rəşid Bərgüşadın sözlərinə görə,  “Elmi əsərlər” kitabındakı bəzi rəqəmlər vəziyyətin nə qədər ciddi olduğundan xəbər verir:

“Bənddə suyun səviyyəsi 80 m-ə çatanda dəryaçanın tutumu 16 kub km olur. Bu o deməkdir ki, əgər bənd yarılarsa, Kür-Araz ovalığının 18 rayonu tam və ya qismən su basımına məruz qalır. İlkin dalğanın hündürlüyü 70 m-ə çatır. Mingəçevirin özü 4 dəqiqədən sonra relyefindən asılı olaraq 10-11 m suyun altında qalır. Fəlakətli subasma zonasında 70 min əhali yaşayır (1997- ci il üçün). Yevlax rayonunun 190 kv.km ərazisi 28-30 dəqiqə, Ağdaş rayonunun 75 kv. km ərazisi və 22 min əhalisi 80 dəqiqə ərzində, Ucarın 100 kv.km ərazisi və 34 min əhalisi 2 saat ərazisində subasmaya məruz qalır.

Bənd 4 halda yarıla bilər:

- Rixter üzrə 11 bal gücündə zəlzələdən;

- Şamxor su anbarının bəndinin dağılmasından;

- Bəndin sağ-sol hissəsində Bozdağın yuyulub çatlamasından;

- Turbinlərə gələn suyun axıdıcı qalareyanı tədricən öz-özünə aşındırmasından sonra.

Doğrudur, Azərbaycan 8 baldan artıq zəlzələ görməyib, Şamxorun bəndində qəza olarsa, artıq suyu boşaltmağa axıdıcı kanallar nəzərdə tutulub,  bəndin torpaq yamacları və filtrasiya sisteminin aşınması da ciddi nəzarətdədir. Amma 1997-ci ildə izafi suyu boşaltmaq üçün ehtiyat kanalın jalüzü açılmamışdı. Bəndin mühəndis-texniki təhlükəsizliyi minumum hesab olunsa da, bənd 1985-ci ildən əsaslı təmirə möhtacdır.

Su bəndləri zarafatı sevmir. Bənd əsasən suvarma məqsədi daşıyır, mümkün qədər tez sökülməlidir ki, fəlakətli daşqın təhlükəsindən canımız qurtarsın. Tuqay, Sultanbud və Samux meşələri təzədən cana gəlsin. Aran bölgəsini cəhənnəmə döndərən şoranlıqlar birdəfəlik çəkilsin. Xəzər, Kür və Arazın zəngin faunası cənnətə qovuşsun”.

Qeyd edək ki, Mingəçevir SES Cənubi Qafqazda ən böyük su elektrik stansiyası olub, Kür çayının üzərində, Mingəçevir şəhərinin yaxınlığında yerləşir. Stansiyanın tikintisinə 1945-ci ildə başlanılıb, 1953-cü ildə ilk hidroaqreqat, 1954-cü ildə stansiya tam gücü ilə işə salınıb.

Nəzrin Rüstəmova
Müəllifin digər yazıları