Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-02-01 13:20:00
Magistratura səviyyəsində təhsil alan tələbənin köçürülmə qaydası - Nazirlik  

Magistratura səviyyəsinin I tədris ili müddətində tələbələrin öz ixtisası (ixtisaslaşması) üzrə bir ali təhsil müəssisəsindən digərinə köçürülməsi və ya təhsilalma formasını dəyişməsi o şərtlə aparıla bilər ki, Dövlət İmtahan Mərkəzi tərəfindən keçirilən qəbul imtahanlarında tələbənin topladığı bal qəbul olunduğu ildə köçürülmək istədiyi ali təhsil müəssisəsində müvafiq ixtisas (ixtisaslaşma) üzrə minimal keçid balından az olmasın.

 

AzEdu.az xəbər verir ki, fevralın 1-dən tələbələrin köçürülməsi prosesinə başlanılıb. Elektron sənəd qəbulu fevralın 7-dək davam edəcək. Tələbələrin ölkə daxilində və xaricdə yerləşən ali məktəblərdən köçürülməsi, yaxud bir ixtisasdan digərinə dəyişdirilməsi, eləcə də ölkəmizdə yerləşən orta ixtisas təhsili müəssisələri tələbələrinin, magistratura səviyyəsində təhsilalanların köçürülməsi transfer.edu.az portalı vasitəsilə həyata keçirilir. Portala müraciət edən şəxslər köçürülmək istədiyi təhsil müəssisəsini seçmək imkanına malikdir. Bunun üçün təhsilalanlar tələb olunan məlumatları daxil etməklə köçürülmə meyarlarına uyğun gəlib-gəlmədiyini müəyyənləşdirə bilərlər.

 

Təhsil Nazirliyi tərəfindən yaradılan transfer.edu.az portalı tələbələrin köçürülməsi prosesinin sadələşdirilməsinə və şəffaflığın təmin olunması məqsədinə xidmət edir. Portal fəaliyyətə başladığı gündən indiyədək 9 mindən çox tələbənin köçürülməsi həyata keçirilib. Portal vasitəsilə tələbə köçürülməsi xidməti ödənişsizdir.