Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-01-29 11:04:00
Məktəblər açılır

Valideynlərin övladının yalnız distant formada tədrisini davam etdirməsini istəməsi hüququ da var

 

Fevral ayının 1-dən başlayaraq məktəblilər yavaş-yavaş ənənəvi - üz-üzə dərs keçmək üçün qruplarla və həftənin müəyyən günlərində məktəbə gələcəklər. İbtidai sinif şagirdləri ilə başlayacaq proses sonrakı 2 həftə ərzində yuxarı sinif şagirdləri və tələbələri də əhatə edə bilər.

 

Bu həftə təhsil ictimaiyyəti xüsusi karantin rejimi dövründə təhsil müəssisələrinin fəaliyyətinin təşkilinə dair Təhsil naziri Emin Əmrullayevin keçirdiyi brifinqin müzakirəsini davam etdirib.

 

Xatırladaq ki, ötən həftə gerçəkləşən sözügedən brifinqdə Təhsil Nazirliyinin Ümumi təhsildə məzmun, tədris və qiymətləndirmə şöbəsinin müdiri Vəfa Yaqublu və nazirin müşaviri Rüstəm Ağayev də iştirak edib.

 

“Əsas vəzifəmiz tələsik açılışa gedib, tələsik bağlanışa getməməkdir”

 

Təhsil naziri prosesin necə keçəcəyi ilə bağlı geniş məlumat verib. “Əsas vəzifəmiz tələsik açılışa gedib və tələsik bağlanışa getməməkdir”, - deyən nazirin sözlərinə görə, ibtidai sinif şagirdləri ilə başlayan məktəbə qayıdış prosesi kifayət qədər ehtiyatla həyata keçiriləcək. Nazir qeyd edib ki, indiki mərhələdə dərslərin həftədə 3 dəfə olmaqla bərpası zərurətdən irəli gəlir. Məhz zərurətin diqtəsi ilə təhsil müəssisələrinin fəaliyyəti mərhələli şəkildə bərpa olunacaq: “Tədris iri şəhərlərdə həftədə 3 dəfə, digər rayonlarda isə həftədə 4 və 5 dəfə olmaqla bərpa olunacaq”.

 

Qeyd edək ki, dərslərdə sıxlıq ehtimalını nəzərə alaraq Nazirlik fiziki tərbiyə dərslərinin əyani tədrisinin dayandırılmasını tövsiyə edib. Sadəcə sinifdə sıxlığa deyil, ümumiyyətlə, məktəbdə sıxlığa diqqət çəkən Təhsil naziri yarana biləcək problemlərə toxunub. Onun sözlərinə görə, Azərbaycanda 311 sinifdə, başqa sözlə, siniflərin 0.4 faizində şagird sayı 40-dan çoxdur:  “Bu siniflər bizim üçün tədrisin bərpası ilə bağlı problem yarada bilər”.

 

Emin Əmrullayev bildirib ki, sağlamlıq imkanları məhdud uşaqlarla bağlı evdə təhsil məsələsinə də fərdi qaydada baxılır. Ancaq  burada sıxlıq olmadığı üçün problem yoxdur. Xüsusi təhsil müəssisələrinin fəaliyyətinin bərpası çox ciddi sanitar qaydalara əməl edilməklə mümkündür.

 

Ali təhsil müəssisələrinə gəlincə, burada daha çox nəzəri dərslərin distant saxlanılması, praktik məşğələ, laboratoriya işləri tələb edən dərslərin əyani formada keçirilməsi gündəmdədir. “Bu dərslərin hansı ixtisaslarda necə olması ilə bağlı situasiyadan asılı olaraq qərarlar veriləcək. Ümumi olaraq bunu da yaxın həftələrdə elan etməyi düşünürük”, - deyə nazir vurğulayıb.

 

“Sinifdən-sinfə keçmək üçün yeganə meyar şagirdin qiymətidir”

 

Görünən odur ki, tezliklə onlayn dərslərdən tamamilə imtina etmək mümkün olmayacaq. Başqa sözlə, onlayn dərslər hələ bir müddət təhsildə mövcud vəziyyətdən çıxış yolu olaraq qalacaq. Dərslərin  keyfiyyəti, şagird və müəllimlərin ənənəvi dərslərlə müqayisədə onlayn dərslərə nisbətən həvəssiz qoşulması, onlayn dərslərdə qiymətləndirmə ilə bağlı məsələlər də Təhsil nazirinin gündəmindədir. Onun fikrincə, bu məsələdə hər bir şagird və müəllim öz məsuliyyətini dərk etməlidir: “Biz bütün məsələləri addım-addım həll etməliyik. Bizim ilkin məqsədimiz ondan ibarət idi ki, şagird və müəllim elektron qeydiyyatdan keçsin və daha sonra onları izləyə bilək. Bir həftə ərzində 6 mlyon 200 min dərs verə bilmişiksə, demək uşaqlar və müəllimlər ekranın qarşısında olublar”.

 

Təhsil Nazirliyinin təhsildə məzmun, tədris və qiymətləndirmə şöbəsinin müdiri Vəfa Yaqublu isə şagirdlərin virtual dərslərdən yayınmasının səbəblərinə toxunub. Onun qənaəti belədir ki, “Virtual məktəb”də qeydiyyatdan keçən bütün sinif şagirdlərinin çoxunun gündəlik dərslərə qoşulmaması dəyər məsələsidir və məktəb səviyyəsində həll olunmalıdır: “Məktəb direktoru, direktor müavini, sinif rəhbəri bu uşaqlarla iş aparmalı, şagirdlərin dərslərə qoşulmamasının səbəbini aydınlaşdırmalıdırlar. Şagirdlərə biliyinə görə qiymət verilir, davranışına görə yox. Davranış dəyər məsələsidir, məktəbin apardığı siyasətdən, formalaşdırma qabiliyyətindən asılıdır. Sinifdən-sinfə keçmək üçün yeganə meyar isə şagirdin qiymətidir”

 

V.Yaqublunun sözlərinə görə, bu prosesdə ictimai münasibət də önəmlidir: “Dərsləri mütəmadi və yüksək keyfiyyətlə keçən müəllimlərin mənəvi reytinqi də artır. Həm şagirdlər, həm də valideynlər arasında həmin müəllimlərin xüsusi çəkisi var. Məncə, bu, ən böyük qiymətləndirmədir. Tədris əyani formaya keçəndən sonra bu müəllimlərin şagirdləri yüksək nəticə əldə edəcəklər”.

 

Qiymətini dəyişmək üçün yeni şans

 

Onlayn tədris formasında aparılan qiymətləndirmədən narazı olanlara qiymətini dəyişmək üçün yeni şans veriləcək. 2020-2021-ci tədris ilinin birinci yarımillik qiymətlərindən narazı qalan şagirdlərin qiymətlərinin yaxşılaşdırılması üçün yenidən qiymətləndirmədən keçə biləcəklərini deyən V.Yaqublunun sözlərinə görə, həmin şagirdlər üçün fevral ayı ərzində məktəbdə imkan yaradılacaq: “Növbəti aydan məktəblərdə tədris başlanacaq. Həmin vaxtlarda bu şagirdlər sosial məsafə və sıxlığı gözləməklə imtahan verə bilərlər”.

 

Bu məqsədlə apelyasiya komissiyası fəaliyyət göstərəcək.

 

Məktəblər koronavirusla mübarizəyə hazırdır

 

Beləliklə, gələn həftədən məktəblər qapılarını öz şagirdlərinin üzünə açır. Məktəblərin bu həssas dönəmdən sağlam çıxması üçün görülən tədbirlərdən Təhsil nazirinin müşaviri Rüstəm Ağayev danışıb.

 

Sentyabr ayından bu günə qədər 14758 şagird, 7090 təhsil işçisində yoluxma qeydə alındığını bildirən müşavir koronavirusun qarşısının alınması üçün məktəblərdə bütün zəruri tədbirlərin görüləcəyini deyib. Belə ki, hər gün məktəblərdə şagirdlərin və müəllimlərin hərarətinin ölçülməsinə, ara məsafəsinin qorunmasına, gigiyena qaydalarına riayət olunmasına ciddi nəzarət olunacaq. Bədən temperaturunda yüksəlmə müşahidə olunanlar dərhal izolyasiya ediləcək və barələrində zəruri tədbirlər görüləcək.

 

Bir sözlə, gələn həftədən təhsil müəssisələri şagirdlərini həm qoruyub, həm də məktəbdə təhsil almaq hüququnu bərpa etməyə çalışacaq. Buna baxmayaraq, valideynlərin övladının yalnız distant formada tədrisini davam etdirməsini istəməsi hüququ da var.

 

Ruhiyyə DAŞSALAHLI 

Azərbaycan müəllimi