Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-07-02 10:00:00
“Müəllimlər də elmi işlərlə məşğul olmalıdırlar, əks halda çox gözləməli olacağıq” – Akademiklərdən çıxış yolu  

Bəzi Qərb universitetlərində elm və təhsillə bağlı formalaşmış xüsusi sistem mövcuddur. Belə ki, elm adamları və tədris  işləriylə məşğul olan şəxslər eyni fakültə daxilində bir-birlərindən fərqləndirilir. Alimlər mühazirə oxumur, tələbələrə dərs demir, müəllimlər isə elmi-tətqiqat işləri ilə məşğul olmurlar.

Bəs azərbaycanlı akademiklər bu sistemin Azərbaycanda tətbiq olunmasını istəyərmi?

AzEdu.az bu sualla akademiklərə müraciət edib.

AMEA-nın Yer Elmləri Bölməsinin rəhbəri, Geologiya və Geofizika İnstitutunun Seysmologiya və geodinamika şöbəsinin müdiri, akademik Fəxrəddin Qədirov  AzEdu.az-a açıqlaması zamanı bildirib ki, yaxşı alim həm də yaxşı  dərs deməlidir:

“Elmlə təhsilin vəhdəti görkəmli alimlərin tələbələrlə təmasda olmasından keçər. Biz yaxşı alim yetişdirmək istəyiriksə, özümüz də dərs deməliyik. Mən də akademik olaraq, bu gün auditoriyalara girirəm, dərs deyirəm. Dünyanın hər yerində yaxşı alim, həm də yaxşı müəllimdir”.

Azərbaycan Milli Elmlər Akademiyasının akademiki, kimya elmləri doktoru, Aşqarlar Kimyası İnstitutunun direktoru  Vaqif Fərzəliyevin sözlərinə görə, elm və təhsilə bu cür yanaşma düzgün deyil:

“Əksinə, elm adamları dərs deməli, tədris işləriylə maraqlananlar da elmlə məşğul olmalıdırlar. Bu vasitəylə gündəlikdə olan hər məsələdən xəbərdar olacaq və yenilikləri  tələbələrə çatdıra biləcəklər. Bizim aparıcı alimlərimiz, eləcə də mən ali məktəblərdə dərs deyirik. Elm və təhsilin inteqrasiyası, yalnız  bu yolla mümkündür”.

Akademik, fizika-riyaziyyat elmləri doktoru Hatəm Quliyev bu sistemin tamamilə əleyhinə olduğunu qeyd edib:

“Elm və təhsil bir medalın iki üzüdür. Elm adamı müasir elmi nəticələri vaxtında, kitablarda çap olunmamış tələbələrə çatdırmalıdır.  Müasir dünya sürət dünyasıdır. İnformasiya texnologiyaları dünyasının təəccüblü tərəfi ondan ibarətdir ki, burdakı sürət işıq sürətiylə ölçülür. Gözləsək ki, hansısa elmi nəticə nə zamansa dərsliklərə düşəcək və ancaq bundan sonra  tələbəyə çatacaq onda 15-20 il səbr etməli olarıq. Müəllim özü  elmi tətqiqat aparmasa, elmi yeniliklərdən necə xəbərdar olacaq? Ona görə inteqrasiyaya böyük ehtiyac var. Düzdür, professional elmi işçi var ki, dövlətin sifarişi ilə elmi tədqiqatlar yerinə yetirir və dərs deməyə vaxtı yoxdur. Ancaq belə adamların sayı olduqca azdır”.

Qeyd edək ki, dünyanın bir çox ölkələrin universitetlərində elmi və pedoqoji dərəcələr bir-birindən fərqlənir. Daha üst dərəcələr tələbə kontingenti ilə işləmir, konkret olaraq, elmi-tədqiqat işləri ilə məşğul olurlar. Digər dərəcələri təmsil edənlər isə tədris işləri ilə məşğul olurlar.  AMEA prezidenti akademik Akif Əlizadə də Təhsil Nazirliyinin illik hesabatında bu bölgüdən bəhs etmişdi.

Nəzrin Rüstəmova
Müəllifin digər yazıları