Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-07-01 15:38:57
7 universitetə qəbul olunub,  beşinin  diplomunu alan həkim: “İki təhsilimi yarımçıq qoymuşam”

Bursada həkimlik edən 54 yaşlı Ahmet Kartalın oxumaq əzmi hər kəsi heyran edir.

AzEdu.az xarici mediaya istinadən  məlumat verir ki, üç uşaq atası olan həkim 7 universitetə qəbul olunsa da, 5-ni bitirə bilib.

İlk dəfə Fırat Universitetinə qəbul olunan Kartal atasını itirdiyinə görə ali təhsilini yarımçıq qoymaq məcburiyyətində qalıb. Daha sonra Hacettepe Universiteti əczaçılıq fakültəsinə qəbul olunub. Yaşayış şəraiti onu bu dəfə də təhsilini yarımçıq qoymağa məcbur edib.

Sonralar Hacettepe Universitetində radioloq ixtisasına yiyələnən Ahmet Kartal   iş fəaliyyətinə məmur kimi  davam edib. İşlədiyi müddətdə də dərsləri ilə məşğul olub.  İmtahanlara ciddi hazırlaşan Ahmet Kartal Atatürk  Universitetinin Tibb fakültəsinə qəbul olunaraq, çoxdankı arzusu olan həkimlik peşəsinə yiyələnib.

7 universitetə qəbul olan həkim mediaya açıqlamasında  ali təhsilini dəfələrlə yarımçıq qoymasının səbəblərini izah edib:

“1964-cü ildə anadan olmuşam. Bizim vaxtımızda təhsil əlaqələri o qədər də geniş deyildi. Çox az adam təhsil ala bilirdi. Öz zəhmətimlə çalışdım. Atam vəfat etdiyinə görə  15 illik təhsilimi yarımçıq qoymalı oldum. Sonralar Hacettepe, Atatürk Universitetlərindəki ali təhsilimi də yarıda qoymalı oldum. O vaxtlar Anadolu universitetində dövlət idarəçiliyi fakültəsi yeni açılmışdı. Ora qəbul olundum. Bu dəfə oxuyub bitirə bildim. Daha sonra Atatürk Universitetinin Tİbb fakültəsinə daxil oldum. Öz zəhmətimlə bu universiteti də müvəffəqiyyətlə başa vurdum.

Həkimliyi həmişə xəyal edirdim. Sonda ona çatdım. İlk təyinatım Ərzuruma oldu. Ankara, daha sonra isə Bursaya gəlib həkim işlədim. Bursaya gəldikdən sonra Anadolu Universitetinin İqtisadiyyat fakültəsinə qəbul olundum. Bundan sonra səhiyyə qurumları ilə iş üzrə ixtisaslaşdım”.  

Anadolu Universitetini fərqlənmə diplomu ilə bitirən Ahmet Kartal hazırda özünü çox passiv hiss etdiyini, səhiyyə işinin təşkili ilə bağlı təhsil almaq arzusunda olduğunu deyib. Gənclərə xəyallarının ardınca getməyi və daim oxumağı məsləhət görən həkim  oxumağın yaşı olmadığını vurğulayıb:

“Öyrənmək həmişə ən doğru yoldur. Gənclərə hər zaman ideallarının ardınca getmələrini məsləhət görürəm.  Məsələn, mən həkim olmazdan əvvəl beynəlxalq əlaqələr və dövlət idarəçiliyini oxumaq istəməzdim. İş imkanları, maaş  bir qədər az idi. Amma həkim olduqdan sonra bu istimatə marağım yarandı. Bu sahələrdə təhsil alaraq arzularıma çatdım”.

Lamiyə Süleymanlı
Müəllifin digər yazıları