Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-01-08 17:36:00
Məktəblər  şagirdlərdən niyə məcburi davamiyyət tələb edirdi? – Distant tədrisə etiraz

 

 

 

“İndiki durum özü ilə bağlı maraqlı təzadlar yaradır. Əgər dərsləri distant öyrənmək mümkündürsə, niyə universitetlər və ya məktəblər məcburi davamiyyət tələb edirdi və buna görə hətta qiymət kəsirdi?”

 

Bu fikirləri Azedu.az-la söhbətləşən müsahibimiz Azərbaycan dili və ədəbiyyat müəllimi Qoşqar Əhməd deyib.  O qeyd edib ki, distant təhsildə yaranan problemlərin əsas səbəbi şagirdlərin  maddi imkansızlığı, cəmiyyətin buna düşüncə olaraq hazır olmaması və valideynlərin məsuliyyətsizliyidir:

 

“ Şagirdlərin hamısını distant dərsə cəlb etmək əlbəttə mümkün olmur.  Bəzi şagirdlərin telefonu və ya planşeti yoxdur, bəzən isə bir ailənin bir neçə uşağı olur və telefonu daha vacib hesab etdikləri üçün yuxarı sinifdəki qardaş və ya bacısına verirlər.

 

Digər problem isə ölkənin mental olaraq, düşüncə tərzi olaraq buna hazır olmaması, bəzi valideynlərin onlayn dərsə barmaqarası baxmasıdır.

 

Bundan əlavə təhsilə az-çox əhəmiyyət verən bütün ölkələrdə şagirdlərə, müəllimlərə planşet, internet paketi kimi vasitələrə ödənişsiz verilib, hətta qonşu Türkiyədə belə bununla bağlı addım atılıb. Bizdə isə dövlət orqanları bununla bağlı sadəcə tələblərini irəli sürür, şagirdlərə  yardım etmir.

 

Onu demək istəyirəm ki, bəzi ölkələrdə pandemiyadan öncə də distant təhsil forması vardı, bizdə isə “Təhsil haqqında”  Qanunda adı keçsə də, nə məktəblərdə nə də universitetlərdə tətbiq olunmurdu. Digər yandan, indiki durum özü ilə bağlı maraqlı təzadlar yaradır. Əgər bunu distant öyrənmək mümkündürsə, niyə universitetlər və ya məktəblər məcburi davamiyyət tələb edirdi və buna görə hətta qiymət kəsirdi? yaxud, pandemiyadan sonra niyə universitetlərə və ya məktəblərə hər gün getməliyik, əgər bunu evdən öyrənmək mümkündürsə?

 

 Empirik təcrübə istəyən, müşahidəyə və tətbiqə əsaslanan kimya, fizika, biologiya, riyaziyyat kimi elmləri laboratoriya və təcrübəsiz necə öyrənmək mümkün ola bilər?”

 

“Son karantinə qədər olan fürsəti abituriyentlər göydəndüşmə hesab edirdilər”

 

Kursların, repetitorların fəaliyyətinin dayandırılması abituriyetnləri və onların valideynlərini narahat edir.  Qoşqar müəllim bildirib ki, son karantinə qədər abituriyentlər yaranan vəziyyəti universitetlərə rahat hazırlaşmaq üçün fürsət hesab edirdilər:

 

“Mənim məşğul olduğum  abituriyentlər  dekabrdakı sərt karantinədək, yəni kurslar və repetitor fəaliyyəti dayanana kimi çox məmnun idilər. Çünki həmişə yuxarı siniflər məktəbə getməyib sırf hazırlıqlara fokuslanmaq üçün direktora, məktəb müdiriyyətinə “hörmət” edirdilər.  Hətta bəzi valideynlər şagird çatışmazlığı və ya son onillərdə universitetə qəbul nəticəsi olmadığı üçün bağlanmaq üzrə olan ucqar kənd məktəblərinə övladlarının  adını yazdırıb, özünü isə şəhərdə hazırlığa qoyurdular.

 

Son karantinə qədər olan fürsəti abituriyentlər göydəndüşmə hesab edirdilər. Rüşvətsiz-hörmətsiz asudə şəkildə öz hazırlıqları ilə məşğul olmaq fürsəti əldə etdilər.

 

 Dövlət İmtahan Mərkəzinin  imtahan proqramında  bir sıra mövzuların çıxarması və ya asanlaşdırması prosesi idarə edə bilmədiklərinin, öyrədə bilmədiklərinin bir növ yazılmamış etirafıdır. Bu həm uşaqların daha da savadsız qalması, həm də bundan əvvəlki buraxılışlara da bir növ haqsızlıqdır”

 

Öyrənməyi həyat tərzinə çevirmək lazımdır

 

Fənn müəllimi universitetə hazırlaşan yuxarı sinif şagirdlərinə  tövsiyələrini də verib:

 

“Mən abituriyent vaxtı sadəcə bir il hazırlıqlara getmək fürsətim olub, əgər situasiya onda olsaydı, mənim üçün yəqin ki, bir şey dəyişməzdi. Çünki oxuduğum fənləri sırf sevdiyim və mənə maraqlı gəldiyi üçün oxuyurdum. Hətta bununla qane olmayaraq məktəbdənkınar vəsaitlərdən də bol-bol faydalanırdım.

 

 İndi abituriyentlərlə  faydalı işləmək üçün dərs saatlarını artırmışam, tənbəlləşməsinlər deyə dərslərini saat 8:30-a salmışam.  Vaxtaşırı kontakda oluram, bir növ varlığımı daim  hiss elətdirirəm.

 

Bir insan əlifbanı və öyrənməyi öyrəndikdən sonra, doğru kitabları seçərsə və bir az mükəmməliyyətçi olduqdan sonra öyrənə bilməyəcəyi şey yoxdur.Sadəcə olaraq öyrənməyi həyat tərzinə çevirmək lazımdır”.

 

“Tay-tuşlarından imkan cəhətdən geri qalmaq onları motivasiyadan salır”

 

O, hazırkı vəziyyətin şagirdləri ruhdan saldığını da vurğulayıb:

 

“ Kənddən olan şagirdlərimin internet problem  var, amma rayonun mərkəzində yaşayanların yoxdur.

 

 İnternet problemi olanlar nisbətən geriləyiblər. Bundan başqa imkanlarının məhdud olması onlara  psixoloji təsir edir, ruhdan düşürlər. Tay-tuşlarından imkan cəhətdən geri qalmaq onları motivasiyadan salır.

 

Onlara bunun öyrənilmiş çarəsizlik sindromu olduğunu demişəm və hər şeyin insanın beynində başlayıb orda bitdiyini təlqin etməyə çalışmışam. Ümid edirəm ki, bacarmışam”.

 

Əlavə olaraq bildirək ki, fənn müəllimi Qoşqar Əhməd abituriyentlərin daha yaxşı faydalanmaları üçün dərslərin izahını “YouTube” kanalında yerləşdirir.