Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-06-28 16:13:00
“MİQ imtahanlarında məntiqə aid suallara ehtiyac yoxdur” – Ekspertdən irad və təkliflər  

“Bildiyimiz kimi, 2008-ci ildən orta məktəblərdə tədris kurikulum standartları əsasında həyata keçirilir və dərsliklər buna uyğun olaraq yenidən yazılıb.

MİQ imtahanında isə keçən ilə qədər ənənəvi dərsliklərdən istifadə olunub. Təhsil Nazirliyinin yeni dərsliklər əsasında test bankının olmaması və bu müddət ərzində onun formalaşdırılmaması gecikməyə səbəb olan amillərdəndir”.

Bu sözləri AzEdu.az-a açıqlaması zamanı təhsil üzrə ekspert Kamran Əsədov deyib. Onun sözlərinə görə, MİQ imtahanları prosesinin gecikməsinin bir sıra səbəbləri var:

“İlk növbədə qeyd edim ki, orta ümumtəhsil məktəblərində müəllim kimi işə qəbul prosesi iyul ayının 20-sindən başlasa da, 2018-ci ildə bu prosesin iyulun 2-dən start verilməsi nəzərdə tutulur. MİQ imtahanları prosesinin gecikməsinin bir sıra səbəbləri var. Belə ki, ilkin olaraq bu texniki səbəblərdən daha çox asılıdır. Çünki az müdət əvvəl Təhsil Nazirliyi müəllimlərin yerdəyişmə prosesini həyata keçirib. Bu prosesdən sonra yerdəyişmə etmiş şəxslərin sənədlərinin təsdiqi, əvvəldə mövcud olan və sonradan formalaşmış vakant yerlərin hesablanması prosesi gecikməyə səbəb olur. Bundan başqa, bildiyiniz kimi, 2008-ci ildən orta məktəblərdə tədris kurikulum standartları əsasında həyata keçirilir və dərsliklər buna uyğun olaraq yenidən yazılıb. MİQ imtahanında isə keçən ilə qədər ənənəvi dərsliklərdən istifadə olunub. Təhsil Nazirliyinin yeni dərsliklər əsasında test bankının olmaması və bu müddət ərzində onun formalaşdırılmaması gecikməyə səbəb olan amillərdəndir”.

K.Əsədov, həmçinin, qeyd edib ki, MİQ imtahanlarının gecikməsi bir sıra problem yaradacaq. Onun sözlərinə görə, məntiq sualları əvəzinə müəllimliyə namizədlərə psixoloji və İKT bacarıqlarını yoxlayan testlər təqdim etmək lazımdır:

“Nəzərə alsaq ki, elektron sənəd qəbulu 2 iyulda başlayacaq və azı 10 iyula qədər davam edəcək. Bundan sonra azı 1 həftə ərzində daxil olan sənədlərin, elektron müraciətlərin yoxlanılması prosesi başlayacaq ki, bundan sonra fənlər üzrə hissə - hissə imtahanlar başlayacaq. Keçən il 50 minə qədər elektron ərizə olmuşdu ki, onlardan 42 minə qədəri imtahanda iştirak etdi və imtahanlar 1 aya yaxın çəkdi. Keçənilki təcrübəyə əsaslanıb demək olar ki, bu il MİQ imtahanları avqustun 15-nə qədər davam edəcək. Bundan sonra keçid balı toplayanlar vakansiyalar üzrə elektron seçim edəcəklər, ardınca onların işə qəbul olub-olmaması haqda məlumat gələcək. Daha sonra seçilənlərin müsahibə mərhələsi və onların qəbul olunduqları məktəbdən qeydiyyat kimi uzun bir proses var. Bunları nəzərə alsaq deyə bilərik ki, cari ildə bir sıra məktəblər tədris ilinə kadr problem ilə başlayacaqlar. Belə ki, MİQ – in bütün mərhələlərinin yeni tədris ilinə qədər başa çatması çətin görünür.

Hesab edirəm ki, MİQ imtahanlarında dəyişiklik etmək lazımdır. İlk dəyişiklik MİQ imtahanlarının təkcə Bakı şəhərində yox, regionlarda da təşkil olunması ilə bağlıdır. Bu iştirakçılarının sayının və keyfiyyətinin artmasına gətirib çıxaracaq. İkinci təklifim isə odur ki, MİQ imtahanlarında məntiqdən test tapşırıqlarına ehtiyac yoxdur. Bunun əvəzinə müəllimliyə namizədlərə psixoloji və İKT bacarıqlarını yoxlayan testlər təqdim etmək lazımdır”.