Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-06-28 13:47:17
“Nərimanovun adı onun bir zamanlar  Gürcüstanda müəllim işlədiyi məktəbdən götürülüb” -  Soydaşlarımız  müraciət hazırlayır

“Məkrli planlar nəticəsində 2007-ci ildə  Nəriman Nərimanovun adı Marneuli rayon Mədəniyyət Evindən götürülərək, ictimaiyyətdən gizlədilib. Məhz gizli qalması üçün Nərimanovun adına olması ilə bağlı löhvə  isə binanın qarşısında saxlanılıb. Eyni hadisə Qızılhacılı kənd məktəbi ilə bağlı da baş verib. Amma  məktəbdən adın nə zaman götürülməsi ilə bağlı heç bir məlumatımız yoxdur”.

Bu sözləri AzEdu.az-a açıqlaması zamanı Borçalı Cəmiyyətinin ilk üzvlərindən biri, Gürcüstan azərbaycanlıları ilə bağlı problemləri ən çox səsləndirən ictimai fəal Kamran Ramazanlı deyib. O, qeyd edib ki, Gürcüstanın Marneuli rayonunda Mədəniyyət evindən və məktəbdən N.Nərimanovun adının götürülməsi Ramazan bayramı ərəfələrində məlum olub:

“12 iyunda bir qrup gənc Marneuli rayon icra başçısının səlahiyyətlərini icra edən şəxsə müraciət ediblər ki, Marneuli rayon Medeniyyet Evində  bayram tədbiri keçirmək istəyirik. Həmin şəxs isə şifahi şəkildə N.Nərimanov adlı şəxs və onun adına olan Mədəniyyət Evini tanımadığını deyib. Yazılı şəkildə də həmin gənclərə cavab verilib ki, rayonda belə adda Mədəniyyət Evi yoxdur. Biz araşdırandan sonra məlum oldu ki, məkrli planlar nəticəsində 2007-ci ildə N.Nərimanovun adı götürülərək ictimaiyyətdən gizlədilib. Məhz gizli qalması üçü N.Nərimanovun adına olması ilə bağlı löhvə Mədəniyyət Evinin qarşısında saxlanılıb. Bu günə qədər də löhvə orada asılı qalıb. Eyni hadisə Qızılhacılı ictima məktəbi ilə bağlı da baş verib. Amma  məktəbdən adın neçənci ildə götürülməsi ilə bağlı heç bir məlumatımız yoxdur”.

K.Ramazanlı bu məsələ ilə bağlı rəsmi müraciət olunduğunu qeyd edib:

“Mən Azərbaycan vətəndaşı olduğum üçün şəxsi müraciət edə bilməmişəm, lakin Gürcüstanda yaşayan azərbaycanlı gənclər rəsmi sorğu göndəriblər. Hələki rəsmi müraciətlərə heç bir cavab gəlməyib. Həmçinin, bu problemin həlli ilə bağlı Bakıda işçi qrup da fəaliyyətə başlayıb. İşçi qrup imzalar toplayaraq Gürcüstanın Azərbaycandakı səfirliyi vasitəsilə Nəriman Nərimanovun adının Mədəniyyət Evinə və məktəbə qaytarılması  üçün Gürcüstan Prezindetinə də müraciət göndərəcəklər”.

Qeyd edək ki, Sovet rejiminin yenicə qurulduğu illərdə Azərbaycana rəhbərlik edən,  Mərkəz Moskvada bütün Qafqazın, müsəlman əhalinin yeganə təmsiliçisi sayılan, Xalq Komissarları Sovetinin sədri  Nəriman Nərimanov, eyni zamanda, yazıçı, həkim və pedaqoq olub. O,  həmçinin adını yaşadan məktəbdə  1890-cı ildə gimnaziyanı bitirdikdən sonra  müəllim vəzifəsinə təyin olunaraq  ictima məktəbdə müəllim işləyib və rayon üçün xeyli işlər görüb.