Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-12-22 10:45:00
Qiymətləndirmədə valideyn saxtakarlığı - Sərt irad və faktlar

“Təhsil Nazirliyinin keçirdiyi Milli Qiymətləndirmə zamanı övladının yanında oturub, sualları cavablandırmaq istəyən valideyn də olub, özündən böyük qardaşı və bacısı ilə birgə işləyən, hətta qonşudan kömək istəyən şagirdlərimiz də olub. Hətta internetdən müxtəlif axtarış sistemlərindən cavab axtaranlar da az olmayıb. Nəticə etibarı ilə Təhsil Nazirliyi şagirdlərimizin təlim nəticələrini qeyri-dəqiq qiymətləndirməyə məcbur qalıb”.

 

Bu fikirləri Azedu.az-a milli qiymətləndirmənin nəticələri barədə danışan təhsil bilicisi Elnur Hacıyev deyib.  O, qiymətləndirmə prosesinin cəmiyyətdə gülüş predmetinə çevrilməsinə də münasibətini bildirib:

 

“Milli Qiymətləndirmə yekunda qarşısına qoyduğu nəticəyə nail ola bilməyib”

Milli Qiymətləndirmə prosesi və onun nəticəsi sosial şəbəkələrdə gülüş predmetinə çevrilib. Əgər təhsildə uğursuzluqlar ört-basdır edilərsə, yalnız uğurlar qabardılarsa, o zaman cəmiyyət aldanmış olduğunu hiss edir, reaksiyaları kəskinləşdirir, məsələni gülüş və məsxərə obyektinə çevirə bilir. Sosial şəbəkə də reaksiyaları göstərmək və ictimailləşdirmək üçün cari vəziyyətdə “ideal” platformadır. 100 min nəfər arasında keçirilən qiymətləndirmənin nəticəsi qeyri-dəqiq olursa, bu işi dəqiq nəzarət altında 100 nəfər arasında keçirmək mümkündür. Sonra 100 nəfərin dəqiq nəticəsini 1000-ə vurub, daha dəqiq qiymətləndirmə həyata keçirmək olar.

Milli Qiymətləndirmədə iştirak edəcək şagirdləri təbii seçim yolu ilə və ya müxtəlif seqmentlərə mənsub olan məktəblərin şagirdləri arasında da aparmaq mümkündür”.

 

“Hətta sual belə veririk: Görəsən, bu uşaq kimə oxşadı, əmisinə yoxsa dayısına ? Narahat olmayın özümüzə oxşayacaq”

E. Hacıyev övladının nəticələrini saxtalaşdırmağa xidmət göstərən valideynlərin rolunu diqqətə çatdırıb:

 

“Hər hansı valideyn övladının qiymətlədirməsini saxtlaşdırmağa kömək edirsə və ya buna şərait yaradarsa, həmin valideyn övladının gələcək təhsilinə, gələcək inkişafına ciddi zərbə vurar, həm də övladında işi saxtlaşdırmaq kimi vərdiş formalaşdırmış olar. Bu azmış kimi təhsili məsxərə və gülüş obeyktinə çevirər. Nəticə nə olacaq? Nəticədə şagirdlərimiz saxtakarlıq, məsuliyyətsizlik, az əziyyətlə daha çox uğur əldə etmək kimi pis vərdişlərə yiyələnəcək. Sonra da uşaq gələcək həyatında öyrətdiyimiz vərdişlərdən istifadə edən kimi günah keçisi axtaracağıq. Hətta sual belə veririk: Görəsən bu uşaq kimə oxşadı, əmisinə yoxsa dayısına ? Narahat olmayın özümüzə oxşayacaq. Bizim formalaşdırdığımız vərdişləri gələcəkdə mütləq biruzə verəcək. Bunu sosial şəbəkədə gülüş obyektinə çevirmək hər bir insana verilmiş “imkandır, hüquqdur, imtiyaz”dır. Lakin gülmək problemi həll etməyəcək, əksinə daha da dərinləşdirəcək. Bundan isə kim əziyyət çəkəçək? Gələcəyimiz olan övladlarımız, şagirdlərimiz, uşaqlarımız”.

“Milli-mənəvi dəyərlərə sahib layiqli vətəndaş yetişdirmək təkcə Təhsil Nazirliyinin işi deyil”

 

“Bu cür nəticələrlə sonuçlanan proseslərdə Təhsil Naziyliyini ittiham etmək bizi valideynlik məsuliyyətindən, müəllimlik borcumuzdan azad etmir. Nəzərə alsaq ki, Azərbaycan cəmiyyətinə düzgün, ədalətli, milli-mənəvi dəyərlərə sahib layiqli vətəndaş yetişdirmək təkcə Təhsil Nazirliyinin işi deyil. Bu həm müəllimin, həm valideynin, həm də cəmiyyətimizin hər bir üzvünün işidir. O cümlədən də Azərbaycan təhsilinin ali məqsədidir”-deyə distant təhsil üzrə təlimçi-müəllim E. Hacıyev sözlərinə əlavə edib.