Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-12-21 13:58:00
AzTU tələbələri təltif edilib - FOTO

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi (NRYTN), “Regional İnkişaf” İctimai Birliyi (RİİB) və Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramının (BMTİP) birgə təşkilatçılığı ilə “eSAS” Könüllülük proqramı çərçivəsində həyata keçirilən “Azərbaycan dili üzrə nitqin tanınması üçün məlumat bazalarının toplanması” layihəsi üzrə ən fəal, ən çox mətn səsləndirən könüllülərin mükafatlandırılması mərasimi keçirilib.

 

Universitetdən AzEdu.az-a verilən məlumata görə, layihədə Azərbaycan Könüllü Təşkilatları İttifaqı ilə yanaşı, Azərbaycan Texniki Universiteti (AzTU), Mingəçevir Dövlət Universiteti (MDU),  Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC)  könüllüləri də iştirak edib.

 

AzTU-nun tələbələri Afaq Əhmədova, Simarə Əliyeva və Zibeydə Müttəllimova layihənin qalibi olub.

 

Nitqin tanınması üzrə layihənin həyata keçirilməsində məqsəd Azərbaycan dili üzrə nitqin tanınması üçün süni intellekt və maşın öyrənmə sahəsinin inkişafının sürətləndirilməsi və dəstəklənməsi, müxtəlif növ iri məlumat bazalarının toplanmasından ibarət olub.

 

İlkin mərhələdə dil korpusunun hazırlanması üçün “eSAS” könüllülərinin iştirakı ilə cümlələr toplanıb, mətnlər “opendata.az” saytında xüsusi bölmədə (ai.opendata.az) yerləşdirilib və müvafiq qaydada yoxlanılıb.

 

Qeyd edək ki, layihə çərçivəsində 350 saatdan artıq mətn səsləndirilib.

 

Həmçinin “eSAS” könüllüləri Vətən müharibəsi zamanı Ermənistanın və erməni lobbisinin Azərbaycana qarşı informasiya müharibəsində sosial şəbəkə istifadəçiləri olaraq Azərbaycanın maraqlarının qorunmasında aktiv iştirak ediblər. Belə ki, onlar dünya ictimaiyyətində, internet resurslarında ölkəmiz haqqında yayılan dezinformasiyaların, yalan və ya təhrif edilmiş məlumatların aşkar olunması, onların təkzib edilməsində iştirak edib, Azərbaycan reallıqlarının və haqq səsimizin beynəlxalq ictimaiyyətə çatdırılması istiqamətində uğurlu fəaliyyət göstəriblər.

 

Bundan başqa, ən yaxşı təşkilatçı nominasiyası üzrə AzTU-nun Karyera Mərkəzinin əməkdaşları Aytac Rzayeva və Tərlan Eyvazovaya Təşəkkürnamə təqdim edilib.