Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-06-25 16:11:02
“Yerdəyişmə imtahanında çatışmazlıqlar var: kəsildim, amma səbəbi göstərilmədi” - Razı və narazı müəllimlər   

Müəllimlərin iş yeri Diaqnostik Qiymətləndirilmədə və ya işə qəbul üzrə müsabiqədə iştirak etdiyi ixtisas üzrə dəyişdirilir.  

Bu, “Təhsil Nazirliyi sisteminə daxil olan ümumi təhsil müəssisələrində müəllimlərə tələbatın müəyyənləşdirilməsi, pedaqoji kadrların işə qəbulu və yerdəyişməsi” Qaydalarında öz əksini tapıb. Qaydalara əsasən, iş yerinin dəyişdirilməsi müəllimlərin  işə qəbulu üzrə müsabiqə yolu ilə həyata keçirilir.

İş yerini dəyişmək istəyən müəllimlər  DQ və MİQ imtahanlarının balı ilə yanaşı yerdəyişmə üçün tutarlı səbəblər də göstərməlidirlər. 

Mövzu ilə bağlı AzEdu.az-a danışan təhsil mütəxəssisi İlkin Həsənov yerdəyişmə üçün tutarlı səbəblərə ehtiyac olduğunu bildirib: 

“Müəllimlərin yerdəyişməsi elektron qaydada həyata keçirilir. Yerdəyişmədə tutarlı səbəb göstərilməlidir.  Bununla bərabər DQ və MİQ balları da hesablanır və müəyyən sosial amillər nəzərə alınır. Səbəb kifayət qədər tutarlı olmasa, müraciət qəbul olunmur. Bu, düzgün addımdır. Son tendensiyaya görə hamı şəhərə axışır. Əksəriyyəti rayon məktəblərində işə qəbul olunur, tutarlı səbəb olmadan şəhər məktəbində işləmək üçün müraciət edirlər. Həvəsləndirmə ilə bağlı  işə qəbul olunan insanların yerdəyişməsində isə müəyyən şərtlər var. Əgər yerdəyişmə istəyən müəllim  hərbçinin həyat yoldaşı və ya şəhid ailəsidirsə, ailə vəziyyəti ilə bağlı ciddi problemləri varsa, nazirliyə müraciət edir. Təhsil Nazirliyi bununla bağlı qərar verir. Amma birinci növbədə DQ və MİQ imtahanında toplanan bal əsas götürülür. Əgər bal uyğun olsa, ondan sonra sosial səbəblərə baxılır”.

O, DQ və MİQ imtahanlarında toplanılan balın xüsusi əhəmiyyət kəsb etdiyini bildirib:

“Hansısa müəllim iş yerini Bakıya dəyişmək istəyir və buna balı çatmırsa, onun müraciəti nəzərə alınmır. Təxmini 5800 nəfər sənəd verib. Onlardan yalnız 1700-ü qiymətləndirilib. Bu, onu göstərir ki, seçim kifayət qədər çətindir. Mən yerdəyişməni normal qiymətləndirirəm. Şərait yaradılır, amma tutarlı səbəblər daxilində”.

Onun sözlərinə görə, yerdəyişmə həm də ucqar bölgələrdə kadr çatışmazlığına səbəb ola bilər. Nazirlik bununla bağlı tədbirlər görüb:

“Yerdəyişmədə əksər müəllimlərin Bakıya üstünlük verməsi bölgələrdə kadr çatışmazlığına səbəb olur. Amma bölgələrdə də yüksəkballı müəllimlərin işləməsi lazımdır. Elə Təhsil Nazirliyinin tutarlı səbəb tələb etməsində haqlı mövqe odur ki, hər kəs şəhərə üz tutur. Bəs ucqar rayonlarda kim işləyəcək? Bu, böyük probblemə gətirib çıxara bilər”.

Təhsil eksperti Kamran Əsədov isə  DQ və MİQ imtahanlarının təhsilimizə kifayət qədər müsbət təsir etdiyini bildirib: 

“Etiraf  etmək lazımdır  ki, Təhsil Nazirliyi tərəfindən 2014- cü ildən başlayaraq, keçirilən MİQ və DQ imtahan nəticələri pedaqoji mühitdə mənəvi, stimulverici məsələləri nizamlayan əsas göstərici oldu. Respublika üzrə müəllimlərin bilik və bacarıq səviyyəsi haqqında son illərdə olduğu kimi heç vaxt dəqiq və ətraflı məlumat əldə olunmamışdı. Heç vaxt da ixtisasını yüksək səviyyədə bilən müəllimlərin sayı indiki qədər çox olmayıb. Bunlar çox ümidverici, tarixi nailiyyətdir.

Öyrədən zaman təkrar və daha mükəmməl öyrənirik. Müəllim ən azı bir neçə il pedaqoji fəaliyyət göstərəndən sonra da öz ixtisasından zəif nəticə göstərirsə, deməli, yaxşı öyrətmir. Belə halda, yaşından asılı olmayaraq, təhsil verənin öyrənmək imkanları da sual doğurur...”

Müəllimlərin yerdəyişməsində müəyyən çatışmazlıqların da olduğunu deyən ekspertin fikrincə, yerdəyişmə imtahanları zamanı edilən müraciətlər fərdi qaydada yoxlanmalıdır: 

“2016-cı ildən etibarən, Təhsil Nazirliyi müəllimlərin yerdəyişməsini də mərkəzləşdirilmiş qaydada həyata keçirməyə başladı.  Lakin burda müəyyən çatışmazlıqlar ortaya çıxıb. Belə ki, yerdəyişmə üçün müsbət cavabı ancaq DQ və MİQ imtahan nəticələri yüksək olanlar ala bilirlər. Buna daha çox ehtiyacı olanlar isə digərlərindən az bal topladığı üçün müsbət cavab ala bilməyib. 

Hesab edirəm ki, müraciət edən şəxslərin müraciətləri fərdi qaydada yoxlanmalı, ailə vəziyyəti, səhhəti ilə bağlı müraciət edənlərə müsbət cavab vermək lazımdır. Bu sosial ədalətin təmin olunması deməkdir. Bu gün ailə vəziyyəti kifayət qədər aşağı, səhhətində ciddi problemlər olan şəxslər var ki, onlar ailə üzvlərindən çox uzaq məsafədə yerləşən məktəblərdə çalışırlar. Belələri mütləq şəkildə yaxın yerlərə gəlməlidirlər. Ona görə də, təhsil nazirliyi bu məsələdə diqqətli olmalıdır. Əlbəttə ki, müraciətlərə baxılmasına hər hansı bir şübhə yoxdur, amma müsbət cavab üçün ancaq toplanan bal meyar olmamalıdır”.

Yerdəyişmə üçün müəyyən səbəblər göstərilməsinə baxmayaraq müsbət cavab almayanlar da az olmayıb. Şəkinin kənd məktəbində İnformatika müəllimi kimi fəaliyyət göstərən Aysel Səfərzadə də yerdəyişmə müraciəti müsbət cavablandırılmayıb. O, yerdəyişmə zamanı qeyd etdiyi, amma nəzərə alınmayan səbəbləri sadalayıb:

“Müraciət üçün xüsusi səbəblərim vardı. Əvvəla, yaşadığım rayonun hava şəraiti sağlamlığım üçün (revmatizma) əlverişli deyil. Müəyyən səbəblərdən xəstəlik kağızı ala bilməsəm də,  müalicə alıram. Şəxsi inkişafım üçün də bu yerdəyişməyə çox ehtiyacım var. Konfranslarda, təlimlərdə və s. iştirak etmək üçün hər dəfə problemlərlə qarşılaşıram. Psixologiyama mənfi təsir edəcək bir sıra problemlər yaşamışam”.

O, müəllimlərin yerdəyişməsi, DQ və MİQ imtahanları ilə bağlı müəyyən narazılıqlarını dilə gətirib:

“Yerdəyişmənin nəticələri açıqlandıqdan sonra narazılıqlar oldu. Tək narazılığım isə odur ki, kəsilmə səbəbim və həmin yerə qəbul olan şəxsin balı və ya səbəbi göstərilmir. DQ  və MİQ imtahanında da çatışmazlıqlar  var. Sonradan nəticələrin izahı şəxsi səhifəyə gəlmir ki, səhvlərimizi bilək. Testdə səhv olduğuna əmin idim. Amma müraciət etsəm də,  nəticə olmadı”.

Fiziki tərbbiyə müəllimi Seymur İbrahimov isə yerdəyişmə müraciətindən əsasən bu səbəblərə görə müsbət cavab aldığını düşünür:

“Yerimi dəyişdiyim məktəb Salyan rayonu Yenikənd kəndi Salman Cəfərov adına tam orta məktəbdir. Rayon arsındakı məsafə 20 km-dən çoxdur. Yerdəyişmə etməyimin səbəbi sağlığımla bağlı yaranan problemlər idi. Ümumiyyətlə, yerdəyişmə müsabiqəsinə tam obyektiv, şəffaf, ədalətlə yanaşırlar. Sosial səbəblər də araşdırılır, diaqnostik ballar qiymətləndirilir. Əgər ballar eyni olarsa, sosial səbəbə baxılır. Tutarlı sosial səbəbi olana üstünlük verilir. Mən yerdəyişmədən tam razı qaldım. Bircə sənədlərimi Təhsil Nazirliyinə təqdim etmək qalıb. Bu isə 28 iyun tarixində gerçəkləşəcək. Bu prosesdən sonra rəsmiləşdirilərək yerdəyişmə etdiyimiz yerə göndəriləcəyik”.

Lamiyə Süleymanlı
Müəllifin digər yazıları