Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-12-10 16:08:00
"Müəllimlərin maaşları verilir, lakin onların “Virtual məktəb”dəki fəaliyyətinə nəzarət edilmir” – Sərt irad

 

 

“Bəzi müəllimlər, nəinki, dərslərin maraqlı keçməsinə səy göstərmir, passivlik nümayiş etdirir, hətta internetdə məhdudiyyətləri bəhanə edərək hətta dərslərə qoşulmurlar”

 

Bu sözləri AzEdu.az-a açıqlamasında  Sosial Tədqiqatlar Mərkəzinin baş məsləhətçisi Aqşin Məmmədov  deyib.

 

 Bildiyimiz kimi, ölkədə mövcud pandemiya şəraitilə əlaqədar olaraq, dərslər onlayn formada həyata keçirilir.

 

 Lakin  onlayn dərslərin bizə çox tanış olmadığını nəzərə alsaq, dərslərdə çətinliklərin yaranması qaçılmazdır.  Ən çox rast gəlinən çətinlik isə internet problemi ilə bağlı yaranır.

 

Bəzi evlərdə internet zəif,  bəzilərində isə ümumiyyətlə olmur. 

 

İnternetə qoşulsalar belə, bir çox şagirdlər dərslərin sıxıcılığından gileylənirlər. Nəticədə dərsdən yayınma halları baş verir.

 

A.Məmmədov açıqlamsında  virtual dərslərdə yaranan problemlərdən, və onların həlli üsullarından danışdı:

 

“Koranavirus (COVID-19) pandemiyasının həyatımıza, o cümlədən təhsil sistemimizə təsiri ilk növbədə texnologiyaların tətbiqinin zəruriliyini ortaya qoydu. Təhsil qanunvericiliyimizdə əksini tapsa da, uzun müddət bəzi səbəblərdən reallaşdırılmayan distant  təhsil  ilk növbədə rəqəmsal texnologiyaların geniş tətbiqi ilə xarakterizə olunur. Buna həm bütövlükdə təhsil sistemi, həm də ayrıca götürəndə müəllim heyəti hazır olmalıdır. Təhsil Nazirliyinin müəllimlərə tövsiyəsində də qeyd edilib ki, virtual.edu.az portalının imkanlarından istifadə etməklə dərsi daha səmərəli etməyə çalışmaq, tətbiq edilən üsulların öyrənməni asanlaşdırmağa və dərinləşdirməyə xidmət edilməli, faydasız effektlərə vaxt və enerji sərf edilməməlidir.


Həmçinin, müəllimlərə şagirdlərə əlavə tapşırıqlar verməyə aludə olmamaq tövsiyə edilib. Bildirilib ki, hər bir fənn üzrə həftəlik saatların minimal və maksimal normalarına diqqət yetirilməli, teledərslərin yayım vaxtı ilə virtual dərs üst-üstə düşməməlidir.

 

Müəllimlərə bildirilib ki, şagirdlərə müstəqil öyrənmə bacarıqları formalaşdırmağa xidmət edən tapşırıq və təlimatlar verilməlidir. Qeyd edilib ki, müəllimlər şagirdlərinə öyrənmənin yalnız akademik biliklərlə məhdudlaşdırmadığını, müşahidə, söhbət, faktların toplanması və təhlili, səbəb-nəticə əlaqələrinin araşdırılması, sosial məsuliyyət aksiyalarında iştirakın güclü öyrənmə mənbəyi olduğunu vurğulamalıdır. Şagirdlərin dərsdənkənar fəaliyyətlərinə müvafiq istiqamət vermək, ədəbiyyat siyahısı, kino və cizgi filmləri, musiqi, virtual muzey salonları və s. barədə məlumat verilməli, “Dərsdən sonra” proqramına baxmağa dəvət edilməlidir”.

 

“Bəzi müəllimlər, nəinki, dərslərin maraqlı keçməsinə səy göstərmir, passivlik nümayiş etdirir”

 

Aqşin Məmmədov bu haldan su istifadə edən müəllimlədən də söz açdı:

 

“Lakin aparılan araşdırmalar göstərir ki, bəzi müəllimlər, nəinki, dərslərin maraqlı keçməsinə səy göstərmir, passivlik nümayiş etdirir, internetdə məhdudiyyətləri bəhanə edərək hətta dərslərə qoşulmurlar.

 

Maaşları verildiyi halda, “Virtual məktəb”də dərslərin keçirilməsinə nəzarətin olmamasından, hesabatın tələb edilməməsindən sui-istifadə edənlər də var. Belə halların qarşısını almaq üçün, hər bir məktəb direktoru və müavini məsul olduqları məktəbin müəllimlərinin dərslərdə iştirakını izləməli, onlara nəzarət etməlidirlər.

 

Fikrimizcə, vitual məktəbdə dərslərin maraqlı keçirilməsi, təhsil alanların dərsə marağının artırılması, bilavasitə müəllimin pedaqoji bacarıqlarından asılıdır. Müəllim ilk növbədə, yeni texnologiyalardan istifadə qaydalarını bilməli, internetin imkanlarından geniş istifadə etməlidir.

 

Məsələn, keçirilən mövzuya uyğun tədris üçün nəzərdə tutulan videoroliklərdən istifadə etməli, xarici dillərdə olan onlayn tədris materialları ilə tanış olmalı və dərs zamanı istifadə etməlidir. Bundan başqa, müxtəlif proqramlardan istifadə etməklə onlayn təqdimatlar hazırlamalı, mövzunu şagirdlərlə müzakirə, diskurs müstəvisində keçirməlidir. Şagirdlər passiv mövqedə qalanda, təbii ki, dərs onun üçün maraqsız keçəcək.

 

Eyni zamanda, ibtidai siniflərdə oxuyan şagirdlərin fiziki imkanlarını, onların kompüterin qarşısında çox vaxt keçirə bilməməsini və dərs müddətini nəzərə alaraq, dərslər arasında fiziki hərəkətlər etmək, onlarla uşaq mahnılarını dinləmək tövsiyə ediləndir. Xüsusilə, kiçik yaşlı məktəblilərə dərsin keçirilməsi zamanı daha çox əyani vəsaitlərdən istifadə olunması dərsin effektliliyi baxımından məqsədəuyğundur”.