Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-12-11 14:42:00
Müəllim şagirdlə davranışda bu səhvləri etməməlidir – Davranış xətaları

Valideynlər ya ailə vəziyyəti, ya da əvvəlki məktəbdən narazı olduqları üçün bəzən şagirdləri bir məktəbdən digərinə dəyişir. Əslində bu cür hallar nə qədər az olsa, bir şagirdin gələcəyi üçün çox yaxşı olar, sinif yoldaşı anlayışı uzun müddətdən sonra dostluqlara çevrilir və gələcəkdə xatirələrlə dolu bir həyatı özündə daşıyır!

 

AzEdu.az müəllimlərin diqqət etməli olduğu məqamları çatdırır:

 

Valideynlər uşaqlarında istədikləri nəticəni ala bilməyəndə burada çarəni sadəcə sinif və ya məktəb dəyişməkdə görməməlidirlər. Düzdür, bu da bir çarədir, amma əsas çarə deyil, əmin olun! Amma etiraf edək ki, bu yerdəyişmələr bəzən labüd olur və bundan qaçmaq mümkün deyil.

 

Sinfə yeni gələn şagirdlərə xüsusi yanaşma tələb edilir. Yaxşı olar ki, şagird sinfə gəlməzdən öncə sinif rəhbəri uşaqlara yeni bir dost gələcəyi haqqında xəbər versin, onun haqqında öncədən xoş təəssürat yaratsın. Şagirdi sinfə məktəb rəhbərliyi təqdim etsə, yeni şagird üçün böyük dəstək olar. Bunu elə etmək lazımdır ki, digər şagirdlərdə öncədən qısqanclıq hissi yaranmasın. Sonrakı prosesdə isə sinfin aktiv şagirdlərindən birinə yeni dostlarını məktəblə yaxından tanış etmək tapşırılsın.

 

Müəllim öz işini  reklam üçün bunu etməməlidir...

 

Bu məsələdə müəllimlərin həssas olması daha vacibdir. Şagirdlərlə uzun müddətdir tanış olan müəllimlər, artıq onlarla səmimi münasibətə sahibdirlər, yeni şagird isə ilk həftələrdə daha çox müşahidə etmə mövqeyini seçdiyindən bu səmimiyyət hədsiz anarxiya kimi görünə və ona ilk baxışdan xoş gəlməyə bilər. Və ya çox sərt olmaqla onu qorxudar. Hətta yeni şagirdə verilən tapşırıqlar da, onların hesabatı da çox yumşaq olmalıdır. Çünki onun potensialına bələd olmayan müəllim fərqində olmadan şagirdi incidə və kompleksə sala bilər. Bəzən olur ki, müəllimlər öz işlərini reklam etmək üçün yeni şagirdi lövhə qarşısına çıxarıb çətin suallar verir və digər şagirdlərə sübut etmək istəyir ki, görürsünüz, mən sizi necə öyrətmişəm, amma başqa müəllimlər bunu etmir. Buna heç bir halda gərək yoxdur. Bu mövzuda diqqətli olmaq birinci şərtdir. Bəzən də yeni şagirdin ailə vəziyyəti, psixoloji durumundan xəbərsiz olmaq ona ciddi travma vurmaq deməkdir.

 

Sinif rəhbərlərinin ilk işi isə yeni şagirdi daha aktiv və humanist şagirdlərdən biri ilə proyektə cəlb etmək, onun özünü ifadə etməsinə kömək etməkdir.

MƏNBƏ:Şəmil Sadıq-"İnsan mühəndisi" 

Firayə Allahverdiyeva
Müəllifin digər yazıları