Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-06-24 11:00:35
Yavər Camalovun dövründə nazirliyin elmi–tədqiqat fəaliyyəti

Xəbər verdiyimiz kimi, dünən müdafiə sənayesi naziri Yavər Camalov vəfat edib. Nazir  İsraildə xəstəliyi ilə bağlı müalicə aldığı xəstəxanada dünyasını dəyişib.

2006-ci ildən müdafiə sənayesi naziri kimi çalışan  Yavər Camalovun  biografiyasını və onun rəhbərliyi dövründə nazirlikdə görülən elmi fəaliyyətlərin bir hissəsini təqdim edirik:

Yavər Camalov 17 oktyabr 1949-cu ildə Sabirabad rayonunun Çölbeşdəli kəndində anadan olub.

1972-ci ildə Azərbaycan Neft və Kimya İnstitutunu bitirib.

1972 - ci ildə “Siyəzənneft” Neftqazçıxarma idarəsinin operatoru, 1972 – 1989- cu illərdə “Şirvanneft” Neftqazçıxarma idarəsində operator, mühəndis, böyük mühəndis, növbə rəisi, rayon mühəndis-texnoloji xidməti rəisinin müavini, baş mühəndis – sex rəisinin müavini, NQÇİ-nin baş mühəndisi kimi işləyib.  1989 – 1995 - ci illərdə “Şirvanneft” Neftqazçıxarma idarəsinin rəisi, 1995 – 2003 - cü illərdə Quruda Neftqazçıxarma İstehsalat Birliyinin baş direktoru, 2003 – 2006 - cı illərdə “Azneft” İstehsalat Birliyinin baş direktoru vəzifələrində çalışıb.

Azərbaycan Respublikası Prezidentinin 18 mart 2006 - cı il tarixli Sərəncamı ilə Azərbaycan Respublikasının Müdafiə Sənayesi naziri təyin edilib.

Yavər Camalov 16 oktyabr 2009-cu ildə İlham Əliyevin sərəncamına əsasən ölkənin iqtisadi inkişafındakı xidmətlərinə görə Şöhrət ordeni ilə təltif edilib. 3 oğlu var.

Onun rəhbərlik etdiyi Мüdаfiə Sənаyеsi Nаzirliyinin nəzdində "İqlim" Elmi-İstehsalat Müəssisəsi, "Avia-Aqreqat" zavodu, "Sənayecihaz" Elmi-İstehsalat Müəssisəsi, "Dalğa" Elmi-İstehsalat Müəssisəsi, "Alov" zavodu, aviasiya və gəmilər üçün avadanlıqlar istehsal edən iri müəssisələr, həmçinin Bakı Radioquraşdırma zavodu, "Azon", "Peyk" və EHM zavodları, "Neftqazavtomat" Elmi-İstehsalat Müəssisəsi, "Telemexanika" zavodu və Bakı "Cihazqayırma" zavodu, "Avtomatik xətlər" Elmi-İstehsalat Müəssisəsi fəaliyyət göstərir.

Müdafiə təyinatlı məmulatların yaradılması sahəsində nazirliyin elmi müəssisələrinin potensialından istifadə etməklə bir sıra elmi-tədqiqat və təcrübi-konstruktor işləri uğurla həyata keçirilir. Bu sahədə respublikanın elm ocaqlarından Azərbaycan Milli Elmlər Akademiyası, Milli Aviasiya Akademiyası və digərləri ilə sıx əməkdaşlıq edilir.

Nazirliyin Elmi-Tədqiqat İnstitutunda cari ildə 20 mövzu, o cümlədən dövlət sifarişi xətti ilə 9 mövzu üzrə elmi-tədqiqat və təcrübi-konstruktor işləri davam etdirilir. Eləcə də, Milli Aerokosmik Agentliyinin (MAKA) 2015-ci ildə elmi-tədqiqat işləri üzrə planında müdafiə təyinatlı məmulatların fəaliyyət prinsiplərinin işlənməsi, aerokosmik məlumatların emalının təkmilləşdirilməsi və ekoloji monitorinq məsələlərinin həllinə xüsusi yer verilib.

Qeyd edək ki, ötən ilin sentyabrında Y.Camalovun oğlu 44 yaşlı Rövşən Camalov Türkiyədəki özəl xəstəxanalardan birində dünyasını dəyişmişdi.

Nəzrin Rüstəmova
Müəllifin digər yazıları