Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-11-14 12:19:00
ADNSU-da “Focus Group Discussion” keçirildi    

Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) partnyor şirkətləri ilə  “UniLab” layihəsi çərçivəsində “Focus Group Discussion” keçirilib.

 

20-dən çox dövlət, həmçinin özəl müəssisənin rəhbərlərinin və əməkdaşlarının iştirak etdiyi onlayn müzakirədə universitetlə müəssisələr arasındakı əlaqələr, tələbə və məzunların istehsalat təcrübəsinə cəlb olunması,  eləcə də əmək bazarının tələblərinə uyğun kadr hazırlığı kimi məsələlərin əsas aspektləri müzakirə olunub.

 

ADNSU-nun beynəlxalq əlaqələr üzrə prorektoru, dosent Rafiq Camalov “UniLab” layihəsi və onun əsas istiqamətləri haqqında iştirakçılara məlumat verib, şirkətlərlə əməkdaşlığın ADNSU üçün prioritet  olduğunu vurğulayıb.

 

Adıçəkilən prorektorun müavini Ülviyyə Abbasova şirkətlərlə əməkdaşlıqda təlim və treninqlərin  intensiv şəkildə keçirilməsinin mühümlüyünü qeyd edib.

 

ADNSU ilə əməkdaşlıqdan, əmək bazarının tələblərindən danışan konfrans iştirakçıları tələbə və məzunların şirkətlərə təcrübəyə cəlb olunması, işlə təmin edilməsi istiqamətindəki çatışmazlıqlara da toxunublar.

 

Universitetlə əməkdaşlıqda maraqlı olduqlarını diqqətə çatdıran Qida Təhlükəsizliyi Agentliyinin nümayəndəsi Emin Bəylərov tələbələrin praktiki və nəzəri vərdişlərə yiyələnməsində universitetlərlə birgə iş aparılmasının vacibliyinə toxunub.

 

“Azercell” şirkətinin İnsan kapitalının idarə edilməsi departamentinin mütəxəssisi Leyla Tağıyeva müasir texnologiyaların tətbiqindən və bu sahədəki çatışmazlıqlardan söz açaraq İT-nin inkişafı üçün diqqət yetirilməli olan vacib məqamlardan bəhs edib.

 

Digər şirkət nümayəndələri də çıxışlarında universitetlərlə mövcud əməkdaşlığın tələb olunan sahələr üzrə təkmilləşdirilməsi və inkişaf etdirilməsi istiqamətində plan tərtib olunmasının, birgə iş aparılmasının vacibliyindən danışıblar. Günün tələbinə uyğun olaraq şirkətlərdə hazırda tələbə və məzunlardan ixtisasla yanaşı, dil bilikləri və İT bacarıqlarının da tələb olunduğu qeyd edilib.  Bəzi köhnə proqramların dəyişdirilməsi, daha müasir texniki biliklərlə əvəz olunması məsələsi geniş müzakirə edilib, təkliflər dinlənilib.  

 

Qeyd edək ki, ADNSU  Avropa Birliyi tərəfindən maliyyələşdirilən “Erasmus+ KA2” proqramı çərçivəsində UniLab “XXI əsrdə Universitetdən əmək bazarına: iş yerləri ilə təmin edilməsində irəliyə doğru bir addım” layihəsinə yanvarın  1-dən etibarən qoşulub. UniLab (Universitet - əmək bazarı) layihəsinin əsas məqsədi cəmiyyət daxilində üç tərəfdaş ölkədə - Azərbaycan, Belarus və Rusiyada   ali təhsil sektorunun  modernləşməsinə  töhfə verməkdir.