Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-11-04 15:24:00
“Azərbaycan həqiqətlərini dünyaya çatdırmaq üçün vahid mərkəz yaradılmalıdır” -Soydaşımızdan ÇAĞIRIŞ

Sentyabrın 27-dən Azərbaycan ərazisində hərbi vəziyyət elan olunub.  Ölkədə Vətən müharibəsi gedir. Azərbaycan ordusu yeni tarix yazır-əzəli dədə-baba torpaqlarımızı işğaldan azad etmək uğrunda savaşır. Bu günlərdə həm ölkə daxilində, həm də xaricdə yaşayan vətəndaşlarımız bir olub, dünyaya Azərbaycan, Qarabağ həqiqətlərini çatdırmaq üçün çalışır. Biz də soydaşlarımızı birliyə səsləyirik. Azərbaycanla bağlı həqiqətləri paylaşaq, tədbirlərə qatılaq və dünya birliyimizdən doğan gücü görsün!

 

AzEdu.az dünyanın müxtəlif ölkələrində yaşayan həmvətənlərimizin bu istiqamətdə görüb-görəcəkləri  işlərlə  maraqlanır. Müsahibimiz Ege universitetinin magistr tələbəsi Həşim Səhrablıdır.

 

Cəbhədə baş verənlər haqda məlumatınız var. Həmin hadisələrlə bağlı yaşadığınız ərazidə azərbaycanlılar, xüsusilə tələbələr arasında ab-hava necədir?

 

- Cəbhədə baş verənlər sadəcə sıradan hərbi əməliyyatlar və ya müharibə deyil. Bu əməliyyatlar bir xalqın, minillərdir regionda hakim söz sahibi olan, qədim tarix və mədəniyyəti ilə dünya xalqları arasında layiqli yer tutan Azərbaycan xalqının iradəsidir. Bu iradə 1990-cı illərin müəyyən səbəblərdən dolayı yaşanmış uğursuzluqlarının cavabını vermək, işğal olunmuş torpaqlarını geri qaytarmaq istəyən xalqın 30 illik həsrətinin sonudur. Azərbaycan Respublikası Prezidentinin də dediyi kimi, Azərbaycan xalqı haqq savaşına başlamışdır və Azərbaycan ordusu əməliyyatları uğurla davam etdirir. Allah şəhidlərimizə rəhmət eləsin.

Normal Azərbaycan vətəndaşları sevindiyi kimi, mən də bu xoş xəbərləri izləyir və sevinclə növbəti qələbə xəbərlərini gözləyirəm. Bu qürur hissini bizə yaşadan Azərbaycan ordusuna, Azərbaycan əsgərinə isə, bir ömür minnətdar qalacağıq.

 

Azərbaycanla bağlı həqiqətləri paylaşmaq üçün hansı tədbirlərə qatılırsınız və nə kimi işlər görürsünüz?

 

-Mən hazırda təhsillə bağlı Türkiyənin İzmir şəhərində yaşayıram. Burada hələ ilk erməni təxribatları başlayan və General-mayor Polad Həşimovun da şəhid olduğu İyul hadisələri zamanı üç-dörd fərqli dəstək aksiyası keçirildi. Həmin aksiyalarda ölkəmizə, ordumuza dəstək məqsədi ilə iştirak etdik və xeyli insan da aksiyada fəal iştirakçı olaraq qoşulmuşdu. Daha sonra 27 Sentyabr tarixindən ordumuzun uğurlu əməliyyatları başladığı zaman yenə fərqli yerlərdə bir neçə aksiya təşkil edildi. Bu aksiyaların bəzilərində zaman və məkan problemlərindən dolayı iştirak edə bilməsək də, digərlərinə qatıldıq və İyulda təşkil edilən aksiyalarda olduğu kimi xeyli sayda insanın Azərbaycan ordusuna dəstək üçün həmrəylik nümayiş etdirdiyini gördük.

 

Bu məqam təəssüf doğurur…

 

 Azərbaycanlı tələbələr isə, öz fəaliyyətlərini vahid mərkəz olaraq qura bilməyib. Bunu təəssüf hissi ilə qeyd etmək məcburiyyətindəyəm. İzmir beynəlxalq şəhər sayılır və burada xeyli sayda xarici vətəndaşlar var. Tələbələr bacardıqları və tanıdıqları qədər xarici tələbələrə və digər şəxslərə Azərbaycan həqiqətlərini çatdırmağa çalışsa da, mənə görə vahid mərkəzli informasiya siyasəti qurulsa daha gözəl nəticələr əldə etmək olardı. Bizim, ümumiyyətlə sıradan tələbələrin bütün cəhdlərimiz, maddi və mənəvi cəhətlərə görə yarımçıq qalır.

 

Firayə Allahverdiyeva
Müəllifin digər yazıları