Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-10-23 11:45:00
"Sinifdənxaric oxu"- Zəlimxan Yaqubun "Sən qalib gələcəksən!" şeiri - RUBRİKA

Vətənpərvərliyin  təhsil  ictimaiyyəti  və gənc nəslə təbliğ və təşviqatı  məqsədi  ilə  təqdim edilən “Sinifdənxaric  oxu”  rubrikası  davam  edir.

 

AzEdu.az  rubrikanın bu günki  hissəsində Zəlimxan Yaqubun "Sən qalib gələcəksən!" şeirini təqdim edir:

 

Sən qalib gələcəksən!

 

Addımbaşı ölümlә çarpışan şirim mәnim, 

Ölümsüzüm, ölmәzim, әbәdi dirim mәnim,

Gur ocaqlar yandıran ocağım, pirim mәnim, 

Yüz minlәrin içindә minim yox, birim mәnim, 

Allah özü dә tәkdir, baxma meydanda tәksәn, 

Sәn qalib gәlәcәksәn!

 

Haqsızlığın içindә boğulan haqlar da var, 

Sәddi keçilmәz olan ağır sınaqlar da var, 

Kürәyinә sancılan qanlı bıçaqlar da var, 

Əlindәn, ayağından çәkәn alçaqlar da var,

Ağrıların, dәrdlәrin olsa da dağlarla tәn, 

Sәn qalib gәlәcәksәn!

 

Qoşqar, Kәpәz ağrıdan qamәtini әysә dә, 

Halal bәrәkәtinә haram әllәr dәysә dә, 

Qapını axşam-sәhәr qara yellәr döysә dә, 

Bu torpaq başdan-başa qara libas geysә dә, 

İşıqlı yollarını tutsa da dumanla çәn, 

Sәn qalib gәlәcәksәn!

 

Yerlә göy sәnә qarşı silaha sarılsa da, 

Müqәddәs sәrhәdlәrin min yerdәn yarılsa da, 

Yeddi milyon әsgәrin yarısı qırılsa da, 

Qәhrәman oğulların alnından vurulsa da, 

Gülüb nahaq qanlara, olsa da düşmәnin şәn, 

Sәn qalib gәlәcәksәn!

 


Bir gecәnin içindә ağaran saçın da var, 

Suları qan axıdan Qarqar da, Xaçın da var, 

Sızlayan Qarabağ da, inlәyәn Laçın da var, 

Min dәfә ağır olan çәkilmәz dәrdlәr dә var, 

İçimizi qurd kimi yeyәn namәrdlәr dә var.

İstiqlalın yolunda zülüm, zillәt dә çәksәn, 

İstiqlala çatmağa xeyli hәsrәt dә çәksәn, 

Sәn qalib gәlәcәksәn! 

Sәn qalib gәlәcәksәn!

 

Qeyd  edək ki,  rubrika  çərçivəsində  gündəlik  olaraq  məktəblilər üçün orta  məktəb dərsliklərində olmayan  vətənpərvərlik və müharibə mövzusunda poeziya, eləcə də nəsr nümunələrini oxuculara  təqdim edilir.

 

Qarabağ  Azərbaycandır!