Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-10-14 12:45:00
 Tərtərin RTŞ müdiri: “Erməni təxribatı məktəbi yararsız hala saldı, direktorun anası yaralandı”

 

 

Tərtər rayonunun Düyərli kəndi erməni təxribatına məruz qalıb. Ağır artilleriya atəşinə məruz qalan kəndin orta məktəbi də dağılaraq, yararsız hala düşüb. Nəticədə  bir neçə şəxs yaralanıb.

 

AzEdu.az-a danışan Tərtər rayon Təhsil Şöbəsinin müdiri Yaşar Məhərrəmov məktəbin yararsız hala düşdüyünü vurğulayıb. O, atılan mərminin məktəbin bir korpusunu sıradan çıxardığını qeyd edib:

 

“Səhər saatlarında erməni təxribatı nəticəsində Tərtər rayon Düyərli kənd tam orta məktəbinə  mərmi düşüb. Məktəb iki tədris korpusundan ibarətdir və  2005-2006-cı illərdə Heydər Əliyev Fondu tərəfindən tikilib. Mərmi düşməsi  nəticəsində məktəbin bir korpusu dağıdılıb. Orada olan sinif otaqları və direktorun kabineti yararsız hala düşüb. Məktəb tədris keçiləcək vəziyyətdə deyil, bütün texniki avadanlıqlar dağıdılıb. Məktəbdə güclü yanğın baş verib və FHN qüvvələri  dərhal onun  qarşısını alıb.

 

Baş verən hadisə ilə əlaqədar mənim  və icra nümayəndəsinin  hadisə yerinə gedilməsi istənildi. İcra nümayəndəsi həmin məkana məndən tez çatdı və yenidən atılan mərmi nəticəsində o və 5 kənd sakini ağır yaralandı. Mən də vəziyyət belə olduğu üçün təhsil müəssisəsinə  gedə  bilmədim.

 

Mərmi məktəb direktorunun evinin yaxınlığına  düşdüyü üçün anası xəsarət alıb və o, hazırda  Bakı şəhərində müalicə alır”.

Şükufə Süleymanlı
Müəllifin digər yazıları