Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-10-08 15:21:00
“Azad olunan Cəbrayılda təhsillə bağlı işlər diqqət mərkəzində olmalıdır” – Yerli ziyalılar

 

 

Bir neçə gün öncə Azərbaycan  ordusunun  uğurlu  əks-hücumları sayəsində Cəbrayıl şəhəri  27 il sonra işğaldan azad edildi.

 

Cəbrayıl hər zaman özünün ziyalı-intellektual mühiti ilə seçilib və bir çox ziyalılar yetişdirib.  Ancaq  işğaldan sonra tarixi-mədəniyyət abidələri dağıdıldığı kimi, elmi mühiti də tənəzzülə uğradı.

 

Gələcəkdə ziyalılar, müəllimlər  yurdu sayılan Cəbrayılın elmi-intellektual mühitinin inkişafı üçün təbii ki, əsaslı işlər görüləcək, zəruri addımlar atılacaq. İnanırıq ki, işğal altında olan bütün ərazilərimizin  yaxın zamanlarda azad edilməsindən sonra bu kimi məsələlər müzakirə mövzusuna çevriləcək.

 

Lakin bu gün də ürəyi Cəbrayıl həsrəti ilə yanan o yurdun ziyalıları doğma el-obalarındakı elmi-intellektual  mühitinin yenidən gücləndirilməsi üçün sosial şəbəkə və mətbuatda bir çox təkliflərlə çıxış edirlər.

 

 

Modern.az  informasiya  agentliyinin baş  redaktoru Əfqan Qafarlı AzEdu.az-a açıqlamasında  torpaqlarımızın tam olaraq işğaldan azad edilməsindən sonra digər bölgələr kimi Cəbrayılda da elmi-intellektual mühitin əvvəlki səviyyəyə qaytarılması, hətta daha yaxşı inkişafı üçün mühüm tədbirlərin görüləcəyinə əmin olduğunu bildirib:


“Öncəliklə Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi məqsədilə  Ali Baş Komandanın atdığı qətiyyətli və cəsarətli addımları bir vətəndaş olaraq alqışlayıram. Torpaqlarımızın işğaldan azad olunması istiqamətində həyata keçirilən antiterror əməliyyatlarında şəhid olan hərbçilərimizin ruhu qarşısına baş əyir, yaralanmış əsgərlərimizə Allahdan şəfa diləyirəm.

 

 

Eyni zamanda, bu müqəddəs mübarizədə hər bir soydaşımız kimi mən də Vətənin çağırışına hazıram.

 


Cəbrayıl şəhəri və rayonun kəndlərinin işğaldan azad edilməsi o bölgədən olan bütün insanlar kimi məni də hədsiz sevindirib. İnanıram ki, işğalda qalan digər ərazilərimiz də tezliklə düşməndən təmizlənəcək və o zaman biz tam olaraq ürəkdən sevinəcəyik.



Cəbrayıl rayonu özünün ziyalı, intellektual mühiti ilə hər zaman seçilib. Bu mühitdən çıxmış yüzlərlə tanınmış ad çəkmək olar: Xalq yazıçısı Sabir Əhmədli, şair Vaqif  Bayatlı Odər, türkoloq alim Tofiq Hacıyev, Milli Qəhrəman Kazım Məmmədov və başqaları...



Biz əminik ki, torpaqlarımız tam olaraq işğaldan azad ediləndən sonra digər bölgələr kimi Cəbrayılda da elmi-intellektual mühitin əvvəlki səviyyəyə qaytarılması, hətta daha yaxşı inkişafı üçün mühüm tədbirlər görüləcək.

 Baş redaktor elmi-maarifçi   inkişafın vacibliyinə diqqət çəkib, təhsilin inkişaf etdirilməsi ilə bağlı bir sıra vacib meyarları vurğulayıb:

 


“Məlumdur ki, cəmiyyəti elmsiz idarə etmək mümkün deyil. Hər bir dövlətin, xalqın gələcək inkişafı onun malik olduğu elmi-intellektualdan asılıdır.



Elmə doğru gedən yol heç vaxt hamar olmayıb. Bu yolda qarşıya çıxan çətinliklər çoxdur və dövlət vətəndaşına problemlərin həllində yaxından kömək edəcək.


Mənim bu məsələlərlə bağlı hansısa təkliflər irəli sürməyim bəlkə də düz çıxmaz, elm və təhsil sahəsindən olanlar daha yaxşı və əhatəli danışa bilərlər.

Amma onu qeyd edə bilərəm ki, indi heç kimə sirr deyil ki, ölkələrinin gələcək inkişafı təhsil sisteminin səviyyəsindən asılıdır.



İşğaldan azad olunmuş Cəbrayıla qayıdış başlayandan sonra ilk növbədə təhsil müəssisələrinin, muzeylərin, mədəniyyət obyektlərinin yenidən bərpası ön planda olmalıdır.



Məktəb tikintisi, maarif  işinin yüksək səviyyədə təşkili, ixtisaslı kadrlar hazırlayan peşə məktəblərin açılması diqqət mərkəzində saxlanılmalıdır.



Bölgədə elmi biliklərin mənimsənilməsi və yayılmasının təmin olunması üçün bu işə elm adamları, digər ixtisaslı mütəxəssislər cəlb olunmalıdır.  Müasir informasiya cəmiyyəti də bunu tələb edir.



Hazırda dövlət səviyyəsində həyata keçirilən strategiyanın əsas prioritetlərindən biri bilik iqtisadiyyatının formalaşdırılması, təhsil, elm və innovasiya arasında səmərəli əlaqələrin yaradılmasına yönəlib.



Şübhə etmirik ki, təkcə Cəbrayıla deyil, digər torpaqlara qayıdış başlayanda dövlət bu və digər məsələlərə xüsusi önəm verəcək.



Hələlik isə bizim əsas arzu-istəyimiz Qarabağda separatçıların kökününün kəsilməsi, ərazi bötüvlüyümüzün bərpası, müharibənin qalibiyyətlə başa çatmasıdır”.

 

Cəbrayıllı xalq yazıçısı, mərhum Sabir Əhmədlinin oğlu Etibar Əhmədli öncəliklə ərazi bütövlüyümüzün tam şəkildə bərp edilməli olduğunu bildirib:

 

“Əvvəlcə torpaqlarımızın ərazi bütövlüyü tam şəkildə bərpa edilməli və əhalinin orada məskunlaşdırılması başa çatdırılmalıdır.

 

Birinci növbədə torpağımıza, suyumuza, havamıza qovuşmağımız əsasdır. Cəbrayılımızın elmi, mədəniyyətində bu mühim rol oynayır. Əlbəttə ki, daha sonra bütün lazımi işlər görüləcək və barpa işləri aparılacaq. O  torpaqlarda görüləcək çox şey var.

 

O, ərazilərimiz tam azad edildikdən sonra gerçəkləşdirilməsini arzu etdiyi bir təklif olduğunu bildirib:

 

“Cəbrayılın girişində “Dostluq  bulağı” yerləşir. Mən çox istərdim ki, Cəbrayıl tam azad edildikdən sonra gələcəkdə şəhərin giriş hissəsində hazırda Azərbaycana dəstək olan Türkiyə, Pakistan, Əfqanıstan, İsrail, Ukrayna, Gürcüstan kimi dövlətlərin bayraqları Azərbaycan bayraqları ilə yan-yana asılsın”.

 

Qeyd edək ki, işğal altındakı  torpaqlarımızın  azad edilməsi uğrunda Azərbaycan ordusunun əks hücumları davam edir.

 

Qarabağ  Azərbaycandır!