Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-10-17 12:15:00
“Bu qüsurların  yaranmasında Elm və Təhsil Nazirliyinin də payı var”-Şahlar Əsgərovdan sərt irad

 

 

 

 “Son 30 ildə nazirlik problemləri həll etmək əvəzinə onların artmasına yol açır”.

 

Bunu AzEdu.az-a açıqlamasında professor, əməkdar elm xadimi Şahlar Əsgərov deyib.

 

Elm və təhsil naziri Emin Əmrullayev bəzi müəllimlərin bilik səviyyəsinin aşağı olmasından şikayətlənib.

 

Nazir REAL TV-yə müsahibəsində etiraf edib ki, sertifikasiya prosesində iştirak edən 11 min müəllimdən 2 min nəfəri kvadratın perimetrini düzgün hesablaya bilməyib. Onun bu açıqlaması müzakirələrə səbəb olub. Orta məktəblərdə dərs deyən 2 min müəllimin sadə suala cavab tapa bilməməsi kəskin tənqidlərə tuş gəlib.

 

Şahlar Əsgərov məsələyə münasibət bildirərək qeyd edib ki, cəmiyyət təhsili dərk edə bilmir:

 

“Cəmiyyət “Oxumaq” və “öyrənmək” anlayışlarının fərqini ayırd edə bilmir. Təhsil onlar üçün dərk olunmamış həqiqətdir. “Uşağım məktəbdə öyrənir” əvəzinə insanlar “uşağım məktəbdə oxuyur” deyir. Başqa sözlə, cəmiyyət təhsilin dostunu və düşmənini bir-birindən ayırd edə bilmir. Bu qüsurun yaranmasında Elm və Təhsil Nazirliyinin də payı var. Belə ki, həm orta məktəblər, həm də universitetlər nazirliyin tabeçiliyindədir. Kadrlar doğru təyin olunarsa, həmin qüsurların bir qismi azalar. Elm və Təhsil Nazirliyi dövlətin təhsil siyasətini həyata keçirən orqandır. Nazir problemə təhsil eksperti kimi yox, dövlət adamı, millətin baş biləni kimi yanaşmalı, hər işdə dövlətin mənafeyini, bütün mənafelərdən üstün tutmalıdır. Yerlə sürünən problemlərdən yox, göylə gedən problemlərdən danışılsa, bu, anlaşılan olar”.

 

 

O, təhsildə olan problemlərdən bəzilərini diqqətə çatdırıb:

 

 

Repetitorluq təhsilə arxadan vurulan zərbədir; 10 və 11-ci siniflərdə oxuyan şagirdlərin çoxu məktəblərə getmir; təhsilin məzmununu mükəmməl deyil, qüsurludur. İkiölçülü və üçölçülü fəza təsviri yaradan həndəsə və astronomiya kimi fənlərin təhsil sistemindən çıxarılması yolverilməzdir. Təhsil dəyərlər öyrətməlidir. Necə ki keçmişdə “Bustan”, “Gülüstan”, “Baharıstan” kimi dəyər mənbələri öyrədilirdi. Təhsilə baxış səhvdir, qüsurlar yüzlərlədir, onları dəyişmək vacibdir. Əsas vəzifə bu qüsurları düzəltməkdən ibarətdir”.

Şükufə Süleymanlı
Müəllifin digər yazıları