Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-10-05 17:12:00
Şagirdlərin İKT biliklərini inkişaf etdirməyi hədəfləyirəm-Cəbrayıl məktəbinin direktoru

“İşğaldan azad olunan Aşağı Maralyanda təcrübəli direktor kimi əlimdən gələni edəcəm”.

 

Bunu AzEdu.az-a açıqlmasıda Cəbrayıl rayon 18 saylı tam orta məktəbin direktoru Mehrac Dadaşov deyib.

 

O, 27 il ərzində məktəblərinin Mingəçevir şəhəri ərazisində yerləşməsindən və bunun təhsil sistemlərinə necə təsir göstərdiyindən söz açıb:

 

 “27 ildir məktəbimiz Mingəçevir rayonu ərazisində fəaliyyət göstərir. Bu müddətdə şəraitimizlə bağlı bir sıra problemlər yaşamışıq. Çünki təhsil müəssisəmiz idarə binasında yerləşib. Lakin buna baxmayaraq nəticələrimiz çox yaxşı olub. Universitetlərə yüksək balla daxil olan bir sıra şagirdlərimiz var. Bizim məktəb kollektivi 12 nəfərdən ibarətdir və onların hamısı bu təhsil ocağının məzunlarıdır. Onlar şagirdlərimizin təlim və tərbiyə prosesini həyata keçirirlər.

 

İstəyərdik ki, yaxşı şəraitdə olan məktəbdə fəaliyyət göstərə bilək. Cəbrayılın azad olunması bizim hamımızı sevindirdi. Hazırda bayram əlval-ruhiyyəsindəyik. Yaxın zamanlar  ərzində digər əraziləri də düşmən tapdağından azad edəcəyik. Cəbrayılda bizə qayğı göstəriləcəyinə inanıram. İşğaldan azad olunan  Aşağı Maralyanda təcrübəli direktor kimi əlimdən gələni edəcəm ki,təhsil müəssisəmiz yaxşı fəaliyyət göstərsin. Məktəbdə bütün strukturlar qiymətləndirildikdən sonra lazımlı tədbirlər görülməlidir”.

 

Mehrac müəllim, Cəbrayılda məktəb infrastrukturu yeniləndikdən sonra orada həyata keçirəcəyi tədbirlərdən söz açıb:

 

“Məktəbimizlə bağlı bir çox planlarım var. Zamana uyğun olaraq şagirdlərin İKT biliklərini inkişaf etdirməyi hədəfləyirəm. Çünki müasir dövrü texnologiyasız təsəvvür etmək mümkün deyil. Mart ayından etibarən onlayn dərslərə start verilib. Bununla bağlı  bir sıra çatışmazlıqlarımız olub. Təlim-tərbiyə o səviyyədə qurulmalıdır ki, məktəbimiz müasir dövrün tələbinə cavab versin.

 

Məktəbimizdə Mingəçevirin yerli şagirdləri təhsil almır. Bura yalnız məcburi köçkünlər üçün nəzərdə tutulub. Hətta şəhər əhalisindən birinci sinifə müraciət edənlər olur və biz onları qəbul edə bilmirik. Çünki tədris müəssisəmiz yalnız Cəbrayıl köçkünləri üçündür.

 

Məktəbimiz köçkünlər üçün nəzərdə tutulduğundan burada şagird və müəllimlərin sayı azdır. Təhsil Nazirliyi təhsil müəssisəmizə vakant yerlər ayırıb. Hətta texnologiya, musiqi və təsviri incəsənət dərs saatlarının az olmasına baxmayaraq, müəllimlər iş üçün məktəbimizi seçirlər. Həmçinin, ixtisas müəllimləri də işə cəlb olunur. Lakin Cəbrayıla döndükdən sonra müəllim və şagirdlərin sayı həmin məktəbə uyğun müəyyənləşdiriləck”.

 

Şanlı zəfər əldə edən ordumuza uğurlar arzu edirik!

 

Şükufə Süleymanlı
Müəllifin digər yazıları