Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-10-05 16:15:00
Cocuq Mərcanlı məktəbinin direktoru: “Builki Müəllimlər günü həmişəlik yadda qalacaq”

“Bir müəllim, bir vətəndaş kimi Azərbycan xalqını təbrik edirəm. Sevinirik ki, kəndlərimiz işğaldan azad olunub. Cocuq Mərcanlıdan Cəbrayıla  ancaq uzaqdan baxmaq mümkün idi. Təəssüf ki, əlimiz çatmırdı”.



AzEdu.az xəbər verir ki, bu fikirləri Cəbrayılın Cocuq Mərcanlı kənd orta məktəbinin direktoru Zamin Həziyev deyib.

 

O bildirib ki, öz vətəninə uzaqdan baxmaq çox ağrılı haldır:

 

“Biz illərdir ki, bu acını yaşamaq məcburiyyətində idik. Şükürlər olsun ki, bu gün ordumuzun sayəsində Cəbrayıl şəhəri və bir neçə kənd işğaldan azad edilib. Budəfəki Müəllimlər günü bizim üçün ən gözəl tarix kimi yadda qalacaq. Cənab prezidentimizin sayəsində torpaqlarımızın işğaldan azad edilməsi davam edir. Şükürlər olsun ki, haqqımızı özümüzə qaytarırıq”.

 

Məktəb direktorunun sözlərinə görə,  elə hislər var ki, onu ancaq yaşamaq lazımdır:

 

“Cocuq Mərcanlıdan dayanıb işğaldan azad edilən torpaqlara baxanda qürur duyuruq. Həm müəllimlərdə, həm də şagirdlərdə böyük ruh yüksəkliyi var. Hələ ki  hərbi vəziyyətə görə müəllim və şagird heyəti məktəbə gəlmir. Məktəbimiz düşmənlə çox yaxın məsafədə yerləşir deyə onları daha təhlükəsiz əraziyə göndərmişik. Ancaq biz heç nədən qorxmuruq. İnşallah bir neçə günə yenə də təhsilimizə davam edəcəyik”.(Modern.az)