Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-10-02 10:25:00
Ölkəmizdə ilk dəfə olaraq qeyri-formal və informal yollarla əldə edilmiş səriştələrin tanınması üzrə sertifikatlar təqdim olunub    

Avropa İttifaqı, Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramı (BMTİP) və Təhsildə Keyfiyyət Təminatı Agentliyi (TKTA) qeyri-formal və informal yollarla əldə edilmiş səriştələrin tanınması üzrə Azərbaycanda ilk mexanizmin icrasını həyata keçirib.

 

AzEddu.az xəbər verir ki, ilk imtahan ,Təhsildə Keyfiyyət Təminatı Agentliyi və tikinti materialları istehsalı üzrə beynəlxalq “Knauf Marketing Baku” şirkətinin dəstəyi ilə quru inşaat üzrə biliklərini rəsmiləşdirmək istəyən namizədlər üçün Sənaye və Texnologiyalar üzrə Gəncə Dövlət Peşə Təhsil Mərkəzində keçirilib. İki gün davam edən prosesdə namizədlər özünü qiymətləndirmə, yazılı imtahan və praktiki tapşırıq mərhələsindən keçiblər.

 

 İmtahan üçün Təhsildə Keyfiyyət Təminatı Agentliyinin təsis və sədrlik etdiyi qiymətləndirmə komissiyası bütün prosesə nəzarət edib. Komissiyaya TKTA ilə yanaşı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və “Knauf Marketing Baku” şirkətinin nümayəndəsi, həmçinin qeyri-formal və informal yollarla əldə edilmiş səriştələrin tanınması üzrə ixtisaslaşmış beynəlxalq ekspert və iki yerli mütəxəssis cəlb edilib.

 

 Yuxarıda qeyd olunan nümayəndələrin iştirakı ilə TKTA tərəfindən təşkil edilən təltifolunma mərasimində imtahanın bütün mərhələləri üzrə yüksək nəticə göstərmiş namizədlərə rəsmi sertifikatlar təqdim edilib.

 

 Qeyd edək ki, ölkəmizdə ömürboyu təhsilin təminatı hədəfinə nail olunması baxımından, vətəndaşların qeyri-formal və informal təhsil formaları vasitəsilə əldə etdikləri kvalifikasiyaların tanınması, başqa sözlə onların malik olduğu bilik, bacarıq, səriştə və təcrübənin müvafiq ixtisas üzrə kvalifikasiya standartlarına uyğunluğunun müəyyənləşdirilməsi və yekunda aidiyyəti təhsil sənədinin verilməsi prosesi xüsusi önəm kəsb edir. Belə ki, bu proses nəticə olaraq özünütəhsil yolu ilə biliklərə yiyələnmiş (informal təhsil) və müxtəlif kurslarda, dərnəklərdə və fərdi məşğələlərdə təlim keçmiş (qeyri-formal təhsil) vətəndaşlarımıza təhsillərini davam etdirmək (peşə təhsili pilləsinin növbəti səviyyəsində) və ya ixtisasları üzrə əmək fəaliyyətinə başlamaq hüququnun verilməsinə xidmət edəcək.