Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-06-13 16:07:00
Yol polisi “Son zəng" məzunlarına XƏBƏRDARLIQ ETDİ

Xəbər verdiyimiz kimi, iyunun 14-də Azərbaycanda 2017/2018-ci dərs ili başa çatacaq və bütün ümumitəhsil müəssisələrində  son zəng çalınacaq.

“Son zəng” tədbiri yalnız məktəb daxilində keçirilməli və iki saat davam etməlidir.

Bu tədris ilinin sonunda XI sinfi bitirəcək şagirdlərin sayının 83 001 nəfər olacağı gözlənilir.

“Son zəng” tədbiri ilə əlaqədar demək olar ki, hər il avtomobillərin hərəkətində sıxlıq müşahidə olunur  və yeniyetmələr tərəfindən müxtəlif yol-nəqliyyat hadisələri törədilir.

Mövzuyla bağlı Bakı Şəhər Baş Dövlət Yol Polisi İdarəsinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis polkovniki Vaqif Əsədov AzEdu.az-a açıqlamasında bildirib ki, Bakı Şəhər Baş Dövlət Yol Polis İdarəsi “Son zəng” lə tədbirləri ilə bağlı gücləndirilmiş iş rejimində çalışacaq:

“Təhsil müəssisələrinin yerləşdiyi ərazilərə bitişik küçə və yolların hərəkət hissəsində yol hərəkəti qaydalarının tələbləri pozularsa, müəyyən cəza tədbirləri görüləcək. “Son zəng” gənclər və valideynlər arasında gözəl gün kimi yadda qalır. Bu bayram münasibətilə şagirdləri təbrik edirəm. Eyni zamanda, onlara xəbərdarlıq edirəm ki, keçirilən tədbirlər ərazisində, onlara bitişik küçə və yollarda süni sıxlığın qarşısını almaq üçün nəqliyyat vasitələri  düzgün park edilməlidir. Sürücülük vəsiqəsi olmadan  avtamobilin idarə edilməsi yolverilməzdir. Yol-nəqliyyat hadisələrinin baş verməməsi üçün valideynlər övladları üzərində nəzarəti gücləndirməlidirlər”.

Vaqif Əsəfov piyadalara da bir sıra tövsiyələr verib:

“Sabah  küçə və yollarda qrup halında gəzən şagirdləri diqqətli olmağa çağırıram.  Yolun hərəkət hissəsinə çıxmayın, sizin üçün ayrılmış səkilərdən, zebra xətlərdən, yeraltı-yürüstü  piyada keçidlərindən istifadə edin. Yolu keçərkən diqqətli olun və nəqliyyat vasitəsinin yaxınlaşmasına həssaslıqla yanaşın. Qrup halında yolu keçirsinizsə, bir-birinizi gözləyin”.

Ekspert Ərşad Hüseynov da məsələyə münasibət bildirib. Onun sözlərinə görə, yol-nəqliyyat hadisələrinin baş vermə ehtimalı həmişə var:

“Dünən yol qəzaları  nəticəsində 6 nəfər dünyasını dəyişib. Sabah “Son zəng”lə əlaqədar məktəblilərin və onların dostlarının qəza törətmək ehtimalı var. Hər il bu cür hadisələrlə rastlaşırıq. Bunların baş verməməsi üçün üç istiqamətdə işlər görülməlidir. Birincisi, valideynlər bu işdə birbaşa məsuliyyət daşıyırlar.  Qanunvericiliyə görə, 18 yaşına çatmayan şəxslərin heç bir halda avtomobili  və onu qanuni idarəetmə hüququ  ola bilməz. Buna görə də avtomobili onlara kim verə bilər? Təbii ki, valideyn və ya valideyni əvəzləyəcək şəxs. Bu adamlar son dərəcə diqqətli olmalıdırlar. Şagirdlərdə bu yaşda məsuliyyət hissi zəifdir, özünü göstərmək istəyilə qarşı-qarşıya qala və hər an yol qəzası törədə bilərlər. Xoş günləri qara günə çevrilə bilər”.

Ərşad Hüseynov vurğulayıb ki,  ikinci istiqamətdə məsuliyyət təhsil qurumlarının üzərinə düşür:

“Təhsil Nazirliyi neçə illərdir, məktəblərə “Son zəng” tədbirlərinin məktəb çərçivəsində keçirilməsi barədə tapşırıqlar verir. Bir sözlə, təhsil qurumları, məktəblər diqqətli olmalıdırlar.
Üçüncüsü isə Dövlət Yol Polisi əməkdaşlarının fəaliyyətidir. Məktəblərdə, məktəblərin ətrafında  qanundankənar hərəkətlər və  nəqliyyat vasitələrinin yeniyətmələr tərəfindən idarəsi halları aşkarlanan kimi dərhal qanunauyğun tədbirlər görülməlidir”.

Nəzrin Rüstəmova
Müəllifin digər yazıları