Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-09-12 12:30:00
“Yüksəliş” müsabiqəsində yarımfinala keçmək üçün 940 namizəd imtahan verəcək

 

Bu gün “Yüksəliş” müsabiqəsinin əyani mərhələsinin imtahanlarına əvvəlki mərhələləri uğurla keçən 940 nəfər qatılacaq.

AzEdu.az xəbər verir ki, bu haqda “Yüksəliş” müsabiqəsinin əyani mərhələsinin başlaması ilə bağlı brifinqdə müsabiqənin İşçi Qrupunun rəhbəri Fərhad Hacıyev məlumat verib.

O bildirib ki, İmtahanlarda ən yüksək nəticə göstərən 300-dək iştirakçı müsabiqənin növbəti mərhələsində - yarımfinalda iştirak etmək hüququ qazanacaq.

İmtahanlar Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) “İmtahanlar zamanı koronavirus infeksiyasının (COVID-19) profilaktikasına dair” metodiki göstərişləri nəzərə alınmaqla hazırlanan təlimata uyğun təşkil ediləcək.

Xatırladaq ki, “Yüksəliş” müsabiqəsi Prezident İlham Əliyevin 2019-cu il 26 iyul tarixli Sərəncamı ilə intellektual səviyyəsi və idarəçilik keyfiyyətləri yüksək olan perspektiv rəhbər şəxslərin müəyyən edilməsini, dəstəklənməsini və ölkədə kadr ehtiyatı bankının yaradılmasını təmin etmək məqsədilə təsis olunub.

“Yüksəliş” müsabiqəsi 21-51 yaş aralığında, 2 illik idarəçilik təcrübəsi olan, ali təhsilli Azərbaycan Respublikasının vətəndaşlarını əhatə edir. Müsabiqə 5 mərhələdən - qeydiyyat, onlayn seçim, əyani, yarımfinal və finaldan ibarətdir.

2019-cu il dekabrın 27-də müsabiqənin qeydiyyat mərhələsinə başlanılıb və bu proses 2020-ci il fevralın 2-də yekunlaşıb. Ümumilikdə 11760 nəfər qeydiyyat üçün müraciət edib və onlardan 9775 nəfər müsabiqəyə qəbul edilib.