Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-06-13 13:48:00
Məktəblərdə xəbərsiz qaldığımız xüsusi təhsil forması – Üstünlüklər və fərqlər

“Sovet dönəminda eksternatın digər formasının tətbiqinə – bir tədris ilini başa vurmadan imtahan yolu ilə bir sinifdən digərinə adlamaq üçün də geniş şərait yaradılırdı. Oxuduğu sinfin proqram materialını mənimsəyən şagirdlər ekstern yolu ilə bir sinfi bitirmədən növbəti sinfə adlayırdılar”.

Bu sözləri AzEdu.az-a açıqlaması zamanı təhsil üzrə ekspert Nadir İsrafilov deyib. Onun sözlərinə görə, ümumiyyətlə eksternat – məktəb proqramı kursunu ekstern yolu ilə keçərək imtahan vermə üsuludur:

““Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən, sərbəst təhsil (eksternat) əyani, qiyabi, distant (məsafədən), evdə təhsil və fərdi təhsillə yanaşı təhsilalma formalarından biridir. Sərbəst (eksternat) təhsilalma formasının tətbiqi müxtəlif səbəblərdən ümumi orta və ya tam orta təhsil səviyyəsini başa vura bilməyən şəxslərə həmin səviyyələr üzrə buraxılış imtahanı verib müvafiq təhsil sənədi almaq üçün şərait yaratmaq məqsədi daşıyır. Ümumi orta və tam orta təhsil səviyyələri üzrə sərbəst (eksternat) təhsilalma formasında təhsil alan şəxslərin buraxılış imtahanlarının təşkili haqqında qaydalara əsasən ümumi orta təhsil səviyyəsi üzrə buraxılış imtahanı verənlərin yaşı 16-dan, tam orta təhsil səviyyəsi üzrə buraxılış imtahanı verənlərin isə yaşı 18-dən aşağı olmamalıdır. Səhhətinin vəziyyətinə görə, evdə fərdi təhsilə cəlb olunmuş şagirdlər müəyyən edilmiş qaydaya əsasən, ümumiyyətlə buraxılış imtahanlarından azad olunduqları üçün bu “Qaydalar” onlara şamil edilmir. Aralıq imtahanlarını aparmaq üçün rayon (şəhər) təhsil şöbəsi (idarəsi) müdirinin əmri ilə hər fənn üzrə sədr və üç nəfər müəllimdən ibarət komissiya yaradılır. Aralıq imtahanlarından müvəffəqiyyətlə keçmiş eksternlər Təhsil Nazirliyinin müəyyən etdiyi imtahan mərkəzlərində mövcud qaydalar əsasında buraxılış imtahanı verirlər. Ümumi orta və ya tam orta təhsil səviyyəsi üzrə buraxılış imtahanlarını eksternat qaydasında vermiş məzunların təhsil sənədində “bitirmişdir” sözündən əvvəl “eksternat qaydasında” sözləri əlavə olunur”.

Eksternlərin imtahan qaydası...

Eksternlər mərkəzləşmiş qaydada keçirilən ümumi orta və ya tam orta təhsil səviyyələri üzrə buraxılış imtahanlarından əvvəl yaşadıqları rayonun (şəhərin) təhsil şöbəsi tərəfindən təşkil olunan aralıq imtahanlarında iştirak edir və rəsmxət, əmək hazırlığı (“Texnologiya”), təsviri incəsənət, fiziki tərbiyə, musiqi və nəğmə, gənclərin çağırışaqədərki hazırlığı fənləri istisna edilməklə tədris planındakı imtahan aparılmayan digər fənlərdən buraxılış imtahanı verirlər.

Ekspert qeyd edib ki, eksternat təhsil təhsildə əlçatanlıq yaradır:

“Bu təhsil, həmçinin, fasiləsizlik, vəhdətlik, daimilik - mövcud təhsil standartları, tədris proqramları və planları əsasında təhsilin bir neçə səviyyədə əldə edilməsi imkanı, təhsilin ayrı-ayrı pillələri arasında sıx dialektik qarşılıqlı əlaqənin təmin olunması və insanın bütün həyatı boyu ardıcıl davam etməsi prinsiplərinin həyata keçirilməsinə hesablanıb. Sovet dönəminda eksternatın digər formasının tətbiqinə – bir tədris ilini başa vurmadan imtahan yolu ilə bir sinifdən digər sinfə adlamaq üçün də geniş şərait yaradılırdı. Oxuduğu sinfin proqram materialını mənimsəyən şagirdlər ekstern yolu ilə bir sinfi bitirmədən növbəti sinfə adlayırdılar”.

Leyla QULAMİ