Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-08-26 11:01:00
BANM və BP şirkətinin gənc mühəndislər üçün təlimləri başa çatıb

Bakı Ali Neft Məktəbi (BANM) və BP şirkəti arasında bağlanmış Qrant müqaviləsinə əsasən, “Gənc mühəndislər üçün idarəetmə və biznes bacarıqları” layihəsi çərçivəsində təlimlər başa çatıb.

 

AzEdu.az xəbər verir ki, bu münasibətlə keçirilən tədbirdə Bakı Ali Neft Məktəbinin Rektoru Elmar Qasımov bildirib ki, layihənin əsas məqsədi texniki biliklərlə yanaşı, əldə edilmiş bacarıqları və effektiv qərarvermə üsullarını birləşdirməklə mühəndislərin işəgötürənlərin müasir tələblərinə cavab verməsinə kömək etməkdir.

 

Rektor layihədə tədris olunan modulların  iştirakçıların gündəlik, həmçinin karyera həyatlarına da müsbət təsirlərindən danışaraq qeyd edib ki, peşəkar kadr olmaq istəyən mühəndis tələbələrin akademik və texniki biliklərlə yanaşı, sosial bacarıqlara da yiyələnməsi müasir dövrün tələbidir.

 

“Dünya əmək bazarında həm texniki, həm də sosial bacarıqları olan mütəxəssislərə üstünlük verilir. Müasir dövrdə müxtəlif transmilli şirkətlərdə və texniki vəzifələrdə işləmək üçün müəyyən olunmuş işəgötürmə meyarlarında menecment və biznes bacarıqları əsas şərt kimi irəli sürülür.  Belə ki, peşəkar kadr olmaq istəyən mühəndislik tələbələri yalnız akademik və texniki bacarıqlara deyil, müəssisənin məqsədlərinə çatmaq üçün menecment və biznes bacarıqlarına da yiyələnməlidirlər. Bu baxımdan, “Gənc mühəndislər üçün idarəetmə və biznes bacarıqları” layihəsi xüsusi əhəmiyyət kəsb edir” – deyə rektor vurğulayıb.  

 

“BP-AGT”-nin KİV və Əlaqələr üzrə meneceri Tamam Bayatlı bu layihənin bp şirkətinin həyata keçirdiyi təhsil proqramlarından biri olduğunu və davamlı xarakter daşıyacağını qeyd edib. O bildirib ki, layihə liderlik keyfiyyətləri, layihələrin, maliyyənin idarəedilməsi, insan resursları kimi modulları əhatə edir ki, bu da kadrların baza biliklərinin möhkəmləndirilməsində mühüm rol oynayır.

 

Daha sonra çıxış edən  “BP Azərbaycan” şirkətinin Tədbirlər və Brend Kommunikasiyalar üzrə meneceri Zaur Cəbrayıl və təlim iştirakçıları layihənin əhəmiyətini xüsusi vurğulayıblar.

 

Təlimlərdə Energetika Nazirliyi, "Azərişıq" ASC Tədris Mərkəzi, SOCAR-ın Geofizika və Geologiya İdarəsi,  Kompeks Qazma İşləri Tresti, Azneft İB, SOCAR-ın Sənaye Təhlükəsizlik İdarəsi ,  Metanol zavodunun, Azərbaycan Texniki Universitetinin və Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin  əməkdaşları iştirak edib.

 

Qeyd edək ki, sözügedən sosial layihə mühəndislərə 8 modul üzrə ingilis dilində təlim proqramını təklif edir. Bura ““Rəhbərlik və komandalar: digərlərini necə motivasiya etməli”,  “Layihələrin idarəedilməsi və risklər”,  “Maliyyə idarəetməsi”, “İnsan resursları”, “Dəyişikliklərin idarəolunması”,  “Design thinking”,  “Çevik idarəetmə”, “Etik normalar və tələblərə uyğunluq” modulları daxildir.

 

Bakı Ali Neft Məktəbi tərəfindən idarə olunan layihə ölkədəki bütün təşkilatların gənc mühəndisləri üçün açıqdır.

 

Layihənin ümumi dəyəri 258000 AZN təşkil edir