Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-08-25 12:00:00
COVİD-lə bağlı bu fakt mütəxəssisləri üz-üzə qoydu - Azərbaycanda vəziyyət necədi?

Son vaxtlar koronavirus epidemiyası ilə bağlı vəziyyətin müzakirəsi dünyada mütəxəssisləri iki cəbhəyə bölüb. Bəzi mütəxəssislər COVİD 19-un öldürmə nisbətinin azaldığını bildirərkən, bəziləri xəstələrə artıq ilk vaxtlarla müqayisədə daha çox tibbi təsirli müdaxilələr edildiyi üçün bu nisbətin azaldığını, başqa mütəxəssislər isə dünyanı aciz duruma salan koronavirusun tibbi maska və sosial məsafə qaydalarına əməl etməklə hava-damcı yolu ilə insanlara yoluxan virus yükünün azaldığını düşünürlər. Avropa ölkələrinin əhəmiyyətli bir hissəsi və ABŞ-da koronavirusa yoluxanların sayında artım müşahidə edilərkən, ölüm halları və ağır xəstələr ilk vaxtlarla müqayisədə daha az müşahidə edilir. 

 

AzEdu.az-ın məlumatına görə, bunun səbəbi ilə bağlı azərbaycanlı mütəxəssis, Pandemiya Xəstəxanasının koordinatoru, infeksionist Vüsalə Yaşar Milli.Az-a danışıb: 

 

"Artım var və ölüm halları azalır fikri ilə razı deyiləm, əslində, proporsionaldır. Yəni, yoluxma sayı azdı, ölüm sayı da ona uyğun olaraq azdı. Yoluxma sayı çox olanda ölüm sayı çox idi. Burada bir əlaqə yoxdur. Hətta bəzilərinin yaydığı mutasiyayla bağlı olan bir məlumat var. Bizim ölkəmizdə o şəkildə araşdırma aparılmayıb deyə, deyə bilmərik ki, bizdə virus hər hansı bir mutasiya edib, həmin o mutasiyalı formayla yoluxmalar var, bu belə deyil! Yaxud da virus mutasiya edib deyə onun öldürücülüyü aşağı düşüb, belə bir şey yoxdur. Bu, sadəcə, həmin o araşdırmada ola bilər deyilir. Ola bilər ki, hər hansı bir mutasiya nəticəsində virusun yoluxduruculuğu və yaxud da ölüm vermə ehtimalı azalsın. Amma bu, sadəcə, bir ehtimaldır. Əslində, burada qeyri-adi bir şey yoxdur. Yoluxma sayı azdır, ölüm sayı da ona uyğun şəkildə azdır.

 

Tibbi maska, sosial məsafə qaydalarına əməl etməklə virus yükünün azaldığı və nəticədə COVİD-dən ölüm hallarının aşağı düşməsi fikirlərini dəstəkləmirəm. Bunlar hamısı ehtimallardır. O fikirləri də hər hansı bir mütəxəssis düşünüb deyib. Mən ancaq Azərbaycan haqqında deyə bilərəm ki, bizdə yoluxma sayı ilə ölüm sayı arasında proporsionallıq hələ də var. Yəni, yoluxma sayı azdır, ölüm sayı da ona uyğun şəkildə azdır. Yəni, əhali məsafə gözləyir, daha az virus yükü ilə yoluxurlar, xeyr! Belə bir şeyi mən özəlliklə vurğulaya bilmərəm.

 

Gördüyümüz, müşahidə etdiyimiz odur ki, əksər insanlar sosial məsafəni də qorumurlar, heç doğru-düzgün tibbi maskadan da istifadə etmirlər. Getdikcə bu, daha çox müşahidə olunur və bu qaydalara əməl olunmayan bir populasiyada deyək ki, sosial məsafə, tibbi maskadan istfadəyə görə ölüm halları azalır, yalan olar".