Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-06-11 16:13:00
Əvvəlki illərin məzunları yeni qəbul imtahanını necə verəcəklər? –DİM-dən CAVAB

Xəbər verdiyimiz kimi gələn ildən ali məktəblərə qəbul imtahanı kurikulum sistemi əsasında keçiriləcək. 2019-cu ildə buraxılış imtahanında şagirdlər tərəfindən toplanan nəticələr qəbul imtahanlarında topladığı nəticələrin üstünə gələrək cəmlənəcək. Bununla da ümumi nəticənin əldə olunması nəzərdə tutulub.

Tədris proqramı kurikulum əsasında tərtib olunmayan, ənənəvi metodlarla dərs keçən abituriyentlər də yeni qaydalarla imtahan verəcəklər. İmtahan nəticələrinin yeni sistem  əsasında hesablanması əvvəlki illərin məzunları arasında çaşqınlıq yaradıb. Onlar buraxılış imtahanlarında iştirak etməyəcəklərinə görə nəticələrin necə hesablanacağı sual doğurub.

Mövzuyla bağlı Dövlət İmtahan Mərkəzindən AzEdu.az-a verilən məlumata görə, I, II, III və IV ixtisas qrupları üzrə ali təhsil müəssisələrinə qəbul olmaq istəyən əvvəlki illərin məzunları seçdikləri ixtisas qrupuna daxil olan fənlər üzrə qəbul imtahanı ilə yanaşı, buraxılış imtahanı formatında əlavə qəbul imtahanı da verəcəklər və hər iki imtahandan topladıqları balların cəminə əsasən ali təhsil müəssisələrinin müsabiqəsində iştirak edəcəklər.

Qeyd edək ki, 2019-cu ildəki buraxılış imtahanlarında olan fənlər indiki buraxılış imtahanlarında olan fənlər olacaq - Ana dili, riyaziyyat və xarici dil. Buraxılış imtahanının formatı bu il 9-cu sinif buraxılış imtahanındakı birinci mərhələdəki kimi olacaq.

Nəzrin Rüstəmova
Müəllifin digər yazıları