Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-08-11 11:10:00
“Dünyanın təhsil mənzərəsi”-Çinin Shanghai high school-u

Çinin Shanghai high school-u

Onlar məktəbə dünyanın müxtəlif ölkələrindən ən yaxşı müəllimləri dəvət edirlər.

Çində istedadlı uşaq və gənclər dövlətdən, ayrı-ayrı müəssəsiə və təşkilatlardan təqaüd alırlar…Ölkədə istedadlı uşaqlarla iş əsasən məktəblərdəki dərnəklərdə həyata keçirilir. Əgər şagirdin istedadı varsa məktəbdə onun istedadının inkişafına şərait yaradılacağına şübhə yoxdur.

Çində istedadlı uşaqlar üçün xüsusi məktəblər yoxdur. Amma hər bir universitetin nəzdində fəaliyyət göstərən məktəblər var. Universitetlərin ən yaxşı müəllimləri yüksək səviyyədə təhsil vermək üçün bu məktəblərə cəlb olunurlar. Bundan əlavə Çində iyerarxik məktəb sistemi yaradılıb. Bütün əyalət və şəhərlərdə yaxşı məktəblər, onların arasından isə “Super məktəb” adlanan ən yaxşı məktəblər seçilir. Bu təhsil müəssisləri (Bunlar Çində bir neçə yerdə fəaliyyət göstərir) dövlətdən çox da böyük olmayan dəstək alırlar. Ən əsası isə onlar müsabiqə seçimi hüququna malikdirlər. Onlar məktəbə dünyanın müxtəlif ölkələrindən ən yaxşı müəllimləri dəvət edirlər. Bu elit məktəblərdə yalnız çinlilər deyil, ABŞ, İngiltərə, Avstraliya, Kanada və digər ölkələrdən olan şagirdlər təhsil alırlar. Burada təhsil haqqı 5-10 min dollar arasındadır.
Belə məktəblərə misal olaraq Shanghai high school – u göstərmək olar. Bu məktəb Çinin ən qocaman məktəblərindən sayılır. Onun əsası 1865-ci ildə qoyulub. 1993-cü ildə məktəbdə beynəlxalq əlaqələr şöbəsi, 1995-ci ildə isə məktəbin bazasında bakalavriat yaradılıb. Məktəbin çox yaraşıqlı parklara malik böyük kampusları, idman avadanlıqları ilə təchiz olunmuş idman zalları var. Biologiya, ekologiya, kimya, fizika üzrə rəqəmsal laboratoriyalar nanotexnologiyalardan istifadə etməklə laboratoriya işlərinin həyata keçirilməsinə tam imkan verir. Çinli şagirdlər Shanghai high school-da 10-12-ci siniflərdə təhsil alırlar. Əcnəbi tələbələr isə 9 yaşdan, yəni 4-cü sinifdən burada oxumağa başlayırlar.
Shanghai high school-da 3200 şagird təhsil alır, onlardan 1200 nəfəri çinli, 2000 nəfəri isə əcnəbilərdir. Əcnəbi şagirdlər üçün ayrıca binalar inşa edilib. Məktəb dəqiq və kimya-biologiya elmləri üzrə ixtisaslaşıb. İxtisaslaşma 1 il, 12-ci sinifdə həyata keçirilir.
Məktəbdə şagirdlərlə üç mütəxəssis qrupu işləyir: - universitet müəllimləri, pedaqoqlar və psixoloqlar. Müəllimlərin dərs yükü 18 saat təşkil edir. Məktəbin 20 faiz məzunu təhsilini xarcidə, yüksək reytinqə malik ali məktəblərdə davam etdirirlər. Shanghai high school-da təhsil bütünlükdə ödənişlidir. Təhsil ingilis dilində hayata keçirilir.
Məktəbdə fəaliyyət göstərən muzey daha çox təhsil müəssisəsinin məzunlarından bəhs edən materiallarla zəngindir. Onların arasında görkəmli dövlət xadimlərinə, elm adamlarına rast gəlmək olar. Bu məktəbin elə məzunları var ki, onlarla dövlət özü də qürur duyur.

 
Böyükağa Mikayıllı-