Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-06-08 12:33:00
“Bu qədər müəllim nəyə lazımdır?” - Məktəb direktorundan ETİRAZ

“İndi ibtidai sinif müəllimlərinin sayı həddindən artıq çoxdur. Taxtanı götürüb vurursan, ibtidai sinif müəlliminə dəyir. İbtidai sinif müəllimi hazırlayan Azərbaycan Dövlət Pedoqoji Universiteti, digər universitetlər var. Bunlarla bərabər bir neçə pedoqoji texnikumun olması nəyə lazımdır axı?!”.

Bu sözləri AzEdu.az-a açıqlamasında 193 saylı məktəbin direktoru Rahim Hüseynov deyib. O, müəllimlərin işə qəbulu məsələsinə də münasibət bildirib:

 “Artıq  9 ildir ki, 193 saylı məktəbin direktoruyam. Mən bu məktəbi 240 müəllimlə qəbul etmişəm. Əvvəllər direktorlar hansısa tapşırığa, maraqlara görə xeyli müəllimi işə qəbul edir, 6 saat dərs verirdilər. Beləcə müəllimlərin sayı artırdi. İndi isə rəhbəri olduğum məktəbdə müəllimlərin sayı 145-ə düşüb.  Mən 6-7 ildə cəmi 2vəya 3 müəllim işə götürmüşəm. Hansı ki, bu fənlərə məktəbdə ehtiyac var və onlara uyğun vakansiya açılıb.  Bu 9 ildə məktəbi yalnız “təmizləmişəm”. Rəhmətə gedən, işdən çıxan müəllimlərin sayəsində işçilərin sayı  100 nəfər azalıb. Ölkədə müəllimlərin sayı həddindən artıq çoxdur. İşə qəbul səlahiyyətini yalnız direktora vermək olmaz. Elə ona görə vaxtilə belə qanun pozuntuları olub. Amma gərək müəllimi işə götürəndə direktor da iştirak etsin. Heç olmasa direktor bilməlidir ki, işə kimi götürür, necə müəllimdir və s. 2-3 müəllim göndərsinlər, direktor onların arasından seçim edə bilsin”.

O, müəllim sayının vakansiyalarla müqayisədə çox olmasının səbəbini izah edib:

“Müəllimlərin sayı ona görə çoxdur ki, bu ixtisaslara çox yer verilib. Elə ibtidai sinfi götürək. 1930-cu illərdə ibtidai sinif kadrı çox lazım idi, müəllim çatışmırdı. Bunun üçün texnikumlar açıldı və ibtidai sinif üçün müəllim hazırlamağa başladılar. İndi isə ibtidai sinif müəllimlərinin sayı həddindən artıq çoxdur. Taxtanı götürüb vurursan, ibtidai sinif müəlliminə dəyir. Azərbaycan Dövlət Pedoqoji Universiteti, digər universitetlər var. Bunlarla bərabər bir neçə pedoqoji texnikumun olması nəyə lazımdır axı? Pedoqoji texnikumlar hamısı ibtidai sinif müəllimi yetişdirirlər. Belə olanda təbii ki, müəllimlərin sayı çox olacaq.

1990-cı illərdə isə texnikumları bağlayıb onları Müəllimlər İnstitutunun filiallarına çevirdilər.Axı bu qədər müəllim nəyə lazımdır? Hər rayonda müəllim hazırlayan universitet filialı var. Hamısı da ibtidai sinif müəllimi hazırlayır. Mən o vaxtiradımı bildirdim. Cavab verdilər ki, eybi yoxdu:“Onsuz da ora yalnız qızlar qəbul olunacaq, iş tapmayacaqlar. Heç olmasa evdə uşaqlarını düzgün istiqamətdə böyütsünlər”. Axı bu düzgün yanaşma deyil. Onlar da hamısı diplom əlində hansısa texnikumu bitiriblər. Nə yaxşı oxuyub, nə də müəllim işləyiblər. Özünüz bilirsiz ki, rayonlarda Azərbaycan şəraitində necə dərs keçirlər. Çoxu heç dərsə də getməyib, imtahanları tanışlarının köməyi ilə veriblər. İndi həmin savadsız müəllimlər hamısı gəlib ortalığa düşüb ki, mən də müəlliməm, işləmək istəyirəm. Hazırda Təhsil Nazirliyi müəllimləri  imtahanla işə qəbul edir. Bundan əvvəl isə kimin adamı vardısa, o iş tapırdı. Buna görə dəibtidai sinifdə o qədər savadsız müəllimlər var. Bunlar hamısı 1990-cı illərin səhvləridir. Elə bilirsiz ki, mənim məktəbimdəki ibtidai sinif müəllimlərinin hamısı yaxşıdır? O qədər savadsız adamlar var ki, heç nə edə bilmirik, işləyirlər”.

Direktorun sözlərinə görə müəllimlərin işə qəbulunda kurikulum suallarının çətinləşməsinə ehtiyac yoxdur, ümumi pedoqoji sualların verilməsi kifayətdir:

“Müəllimlərin işə qəbulunda əsas çətinlik yaradan kurrikulum suallarıdır. Bəs neçə faiz məktəb kurrikulumun tələblərinə uyğun işləyir? I siniflərin rus bölməsinin heç biri kurrikulumu yetərincə tətbiq etmir. Çünki 40 şagird olan sinifdə bu proqramla işləmək qeyri-mümkündür. Kurrikulum tələb edir ki, sinifdə şagirdlərin sayı 24-dən artıq olmasın. Müəllim onlarla rahat şəkildə qruplarla iş aparıb,dərsi izah etsin. Amma müəllim güclə dərsini deyib çatdıırır ki, heç olmasa proqrama uyğun nəsə etsin. Kurrikulumu qəbul etmək yaxşıdır, amma onun arxasında da dayanmaq lazımdır.Kurrikulum testlərinin çətinləşməsinə ehtiyac yoxdur. Orada ümumi pedoqoji sualların verilməsi kifayətdir. Dərsin məqsədi, məzmunu, metodlarını əhatə edəcək suallar olsa, bəs edər. Əgər kurrikulum nəyisə xırdalığına qədər soruşursa, bu, düzgün deyil”.

Lamiyə Süleymanlı
Müəllifin digər yazıları