Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-06-16 13:28:00
Özəl tədris müəssisələri pandemiya dövründə necə fəaliyyət göstərib? – ARAŞDIRMA

Nazirlər Kabinetinin sərəncamına əsasən bu il mart ayının 3-dən Azərbaycanın bütün təhsil müəssisələrində tədris, təlim-tərbiyə prosesi dayandırılıb və bununla bağlı bütün tədbirlər təxirə salınıb. Bu qərar koronavirus (COVID - 19) infeksiyasına yoluxma hallarının qarşısının alınması və ölkə ərazisində yerləşən bütün təhsil müəssisələrində tibbi-profilaktik, dezinfeksiyaedici və digər qabaqlayıcı tədbirlərin davam etdirilməsi məqsədilə verilib.

 

Təhsilin davamlılığını təmin etmək məqsədi ilə Təhsil Nazirliyi ilə “Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyətinin birgə təşkilatçılığı ilə “Mədəniyyət” kanalında “Dərs vaxtı” adlı teledərslər təşkil olunur. Habelə, orta məktəb, lisey, kollec, universitet və s. təhsil ocaqlarının müəllimləri onlayn dərslər keçiblər.

 

AzEdu.az-ın məlumatına görə, "Report" özəl tədris müəssisələrinin pandemiya dövründəki fəaliyyətini araşdırıb.

 

“Azerbaijan British College”dən (ABC) "Report"a bildirilib ki, təlim-tədris prosesi müvəqqəti olaraq onlayn qaydada həyata keçirilir, şagirdlərin dərslərindən geri qalmaması üçün yeni texnoloji platformalardan istifadə edilir:

 

"Təhsil kompleksində dərslər məktəb rəhbərliyinin hazırladığı proqrama uyğun davam etdirilir. Şagirdlər "Google Classroom", “SlideRoom” və s. kimi onlayn resurslardan istifadə edirlər. Bundan əlavə, müəllimlər səhər saat 8:00-dan onlayn qaydada işləyirlər - postlar yerləşdirirlər, məşğələlər aparırlar, dərsi izah edir, tapşırıqlar verirlər. Dərslərin müntəzəm olması üçün şagirdlərin onlayn rejimdə olduğunu, dərsdə iştirak edib-etmədiyi yoxlanılır, daim ailələrlə əlaqə saxlanılır. Eləcə də müəllimlərlə onlayn dərslərin gedişi, proqramı müzakirə edilir, şagirdlərin necə cavab verdiyi, dərsi necə mənimsədiyi müzakirə edilir".

 

ABC-dən bildirilib ki, məktəbəqədər ibtidai və orta təhsil bölməsində oxuyan bütün şagirdlər onlayn dərslərdə fəaldırlar, müəllimlər videokonfrans quraraq şagirdlərlə canlı görüşlər keçirirlər:

 

"Həmçinin şagirdlər, əyləncəli və intellektual oyunlarla həm sinif yoldaşları ilə, həm də müəllimlərlə ünsiyyət qura bilir.

 

Şagirdlərin platformadan davamlı istifadəsi üçün IT departamenti valideynlərlə sıx münasibət qurur, zəruri yardımlar edirlər".

 

Təbii ki, valideynləri maraqlandıran digər məsələ etdiyi ödənişlərin şəffaf şəkildə istifadəsidir. ABC-dən bildirilib ki, bu məsələ məktəb rəhbərliyinin xüsusi diqqət etdiyi məqamdır - məktəbin gəlirləri və xərcləri tam şəffafdır, mühasibat hesabatlarını nüfuzlu təşkilatlar audit edir.

 

"Əcnəbi müəllimlərlə bağlanan müqaviləyə görə onların maaşı ABŞ dolları ilə hesablanır, manat ekvivalentində ödənilir. Yaxşı müəllimlər isə ölkəmizə aylıq 3-4 min ABŞ dollarından aşağı məvacibə gəlmirlər. Konvertasiya, vergilər ilə birlikdə bu məbləği tədris keçən 40 əcnəbi müəllimlərin sayına vurduqda, üstəlik məktəbin ümumi direktoru, ibtidai məktəbin direktoru, yuxarı siniflərin direktorunun daha yüksək maaşı da əlavə olunarsa (onlar da əcnəbidirlər) mənzərə aydın olur. Bundan əlavə, yerli heyət, inzibatçı heyət və təsərrüfat xərcləri də hesablanmalıdır. Nəticədə məlum olur ki, məktəbin xərclərinin 85%-i əmək haqqı və əmək haqqı ilə bağlı təşkil edən vergilərdir", - məktəbdən bildiriblər. 

 

"Türk dünyası" Bakı Atatürk Liseyinin direktoru Eylem Gültekin “Report”a açıqlamasında bildirib ki, koronavirus pandemiyası dövründə şagirdlərə onlayn dərslər tədris olunub:

 

“Şagirdlərimizin mütləq əksəriyyəti dərslərə qatılıb. 100 şagirddən yalnız 10-u müəyyən səbəblərdən teledərslərdən faydalana bilməyib. Şəxsi təşəbbüsümüzlə evdə dərs deyən müəllimlərin daha rahat işləməsi üçün internet sürətləri artırılıb. Məktəb mühitində necə tədris verilirdisə, bunu ev şəraitində təşkil etməyə maksimum çalışdıq. Sadəcə, dərs saatlarında cüzi azalma etdik. Misal olaraq ki, bir gün üçün 6 dərsi 5-ə endirdik. Onlayn dərs keçilməsi üçün proqramların ən yaxşısını seçdik. Əgər şərtlər imkan versə, bəzi işləri tamamlamaq üçün məktəbi vaxtından əvvəl tədris üçün açmaq istəyirik. Təbii ki, indidən dəqiq nəsə demək düz deyil”.

 

Təhsilhaqqı ilə bağlı güzəştin nəzərdə tutilmadığını deyən E.Gültekin bunu təhsil müəssisəsində çalışan müəllimlərə əməkhaqlarının ödənilməsi ilə izah edib:

 

“Özəl məktəb olduğundan onların maaşlarını verməliydik. Onu da qeyd edim ki, bu tədris ilinin yekununda təxminən 60 məzunumuz olacaq”.

 

Baku-Oxford School-dan "Report"a bildirilib ki, pandemiya dövrü elan olunandan bu günə qədər beynəlxalq proqrama uyğun olaraq onlayn dərslər olub:

 

“Bu gün dərslər davam edir. Bu müddət ərzində heç bir problem müşahidə olmayıb. Onlayn tədrislə bağlı valdeynlərin hamısı məktəbin rəhbərliyi və kollektivə təşəkkür ediblər”. Məktəb təhsilhaqqı ilə bağlı güzəşt olub-olmaması ilə bağlı isə açıqlama verməyib.