Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-06-09 15:00:00
Xaçmazda 1800 şagirdin təhsil alacağı məktəb binasında təmir-bərpa işləri yekunlaşıb

Xaçmaz şəhər Cəfər Cabbarlı adına 6 saylı tam orta məktəbdə aparılan təmir-bərpa işlərindən sonra binada 1800 şagirdin bir növbədə təhsil alması üçün şərait yaradılıb.

 

AzEdu.az  xəbər verir ki, ötən ilin iyul ayından başlanılan təmir işləri tam yekunlaşıb.

 

Tədris ocağında fənn kabinetləri, kitabxana, kompüter otağı, akt və idman zalları fəaliyyət göstərəcək. Təhsil müəssisəsi müasir istilik və işıqlandırma sistemi ilə təchiz edilib. Yeni məktəb binasının həyətində qazanxana və su çənləri də inşa olunub.

 

Məktəbin direktoru Daxil Qurbanov bildirib ki, bundan əvvəl 1500-ə yaxın şagirdin təhsil aldığı məktəb binası yararsız vəziyyətə düşmüşdü. 1978-ci ildə istifadəyə verilən təhsil ocağı köhnəldiyindən keyfiyyətli tədris üçün yaramırdı. Əsaslı təmirdən sonra üçmərtəbəli məktəb binası tamamilə yenidən qurularaq müasir tələblərə uyğun təhsil ocağı kimi fəaliyyətini davam etdirəcək.

 

Məktəbin həyətinə asfalt döşənib, ağaclar əkilib, dekorativ yaşıllıqlar salınıb. Bundan başqa məktəb ərazisində Qarabağ döyüşlərində şəhid olan məzunların xatirə lövhəsi yaradılıb, iki idman meydançası tikilib.

 

Bu il ərzində Xaçmazın 8 kəndində modul tipli məktəb binalarının tikilməsi də nəzərdə tutulub. Artıq həmin məktəblərin üçünün quraşdırılmasına başlanılıb.

 

Son üç ildə şimal bölgəsinin altı rayonunda 40-a yaxın yeni məktəb binası tikilib.