Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-06-05 15:12:00
“Pəncərəmdən açılan mənzərə” beynəlxalq fotomüsabiqə yekunlaşıb

İyunun 5-də məktəbdənkənar fəaliyyət üzrə “Pəncərəmdən açılan mənzərə” onlayn beynəlxalq uşaq fotomüsabiqəsi başa çatıb.  Müsabiqə Təhsil Nazirliyinin dəstəyi və 3 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin təşkilatçılığı ilə 15 may-5 iyun tarixlərində keçirilib.

 

AzEdu.az xəbər verir ki, COVID-19 pandemiyası ilə əlaqədar onlayn platformada təşkil edilən festivalın əsas məqsədi uşaqların evdə qaldıqları müddətdə asudə vaxtlarının səmərəli və faydalı təşkili, ev şəraitində yaradıcılıq potensiallarının inkişaf etdirilməsi, uşaqlarda foto sənətinə marağın artırılması, bu sahədə istedadlı uşaqların aşkara çıxarılması və dünya uşaqları arasında dostluq əlaqələrinin qurulmasından ibarət olub.

 

"Pəncərəmdən açılan mənzərə”, “Adidə qeyri-adilik” və “Sevdiklərim” nominasiyaları üzrə keçirilən fotomüsabiqədə Azərbaycan və digər ölkələrdən olan məktəblilər iştirak ediblər.  Belə ki, onlayn beynəlxalq fotomüsabiqəyə Türkiyə, Amerika, İngiltərə, Rusiya, Almaniya, İsveç, BƏƏ, Kanada, Çin, Bolqarıstan, Qətər, Belarus, Qırğızıstan və Azərbaycandan 200-dən çox iştirakçı 450-ə yaxın fotoşəkil təqdim edib.

 

Müsabiqənin münsiflər heyətinin tərkibində Azərbaycan Fotoqraflar Birliyinin üzvü Yevgeniya Nəcəfova, Azərbaycan Televiziya və Radio Verilişləri QSC-nin fotomüxbiri Rüstəm İsmayılov, Azərbaycan Rəssamlar İttifaqının üzvü Nigar Qurbanova, rəssam-dizayner Könül Orucova təmsil olunub. Münsiflər heyəti tərəfindən hər nominasiyada 3 yaş qrupu üzrə onlayn platformada qiymətləndirmə aparılaraq 225 iş seçilib. Seçilmiş işlər üzrə 108 iştirakçı I, II, III və həvəsləndirici yerlərə layiq görülüb.

 

Fotomüsabiqənin qalibləri diplomlarla, digər iştirakçılar isə təşəkkürnamələrlə təltif olunublar.