Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-05-26 12:39:00
“Mənə "xatırlama sənətini" yox, "unutma sənətini" öyrət.”

“Nəyisə unutmaq, yaxud unutmamaq insan iradəsindən xaricdir.” (Korneli Tasit)

 

Hərdən mənə elə gəlir ki, hələ bizim eradan əvvəl 524 – 459-cu illərdə yaşamış dövlət xadimi, Afina demokratiyasının atası sayılan Femistoklun bir kəlamı, sanki mənə də aiddir. Novruz bayramı ərəfəsi idi. Fövqaladə vəziyyət elan olunmasına, komendatura rejiminin tətbiq edilməsinə baxmayaraq, xalq öz milli-mənəvi dəyərlərinə biganə deyildi, gizli və açıq formada bayram əhval- ruhiyyəsi hiss olunurdu. Təhsil müəssisələrinin kollektivləri bu işdə xüsusi fəallıq göstərirdilər.

 

Rayon Təhsil şöbəsinin müdiri idim. Xəbər gəldi ki, təcili olaraq o zamanlar “Qorkom” adlanan Bakı şəhər partiya komitəsinin büro iclasına gəlməliyəm. Hətta, hansı məsələnin müzakirə olunacağı barədə belə məlumat vermədilər. Deyilən vaxtda Qorkomda oldum. Büro iclasına xeyli məktəb direktorları, universitet rektorları və digər rəhbər işçiləri toplamışdılar. Zalda əyləşənlər içərisində rəhbərlik etdiyim təhsil müəssisələrinin işçilərindən bir neçə nəfəri də gözümə dəydi.

 

İlk olaraq, paytaxtda vəziyyətin gərginliyi səbəb gətirilərək hər hansı bir müzakirəyə ehtiyac olmadığı barədə qabaqcadan xəbardarlıq etdilər. Qısa məlumat xarakterli arayışın oxunuşundan sonra, büronun arayışdan dəfələrlə uzun qərarı oxundu. Cəzalandırılanlar içərisində mən də var idim. O zamanlar üçün dəbdə olan “За политической близорукости” (siyasi səbatlılığını, uzaqgörənliyini itirdiyinə görə) və s. ağır ittihamlara əsasən mən tutduğum vəzifədən azad olunurdum. Hamı ağzına su alıb susmuşdu.

 

Sən demə, müəllimlər və uşaqlar da daxil olmaqla, bir neçə təhsil müəssisəsinin kollektivı şəhidlərimizin ruhunu yad etmək üçün, milli geyimdə səməni və bayram sovqatları ilə “Şəhidlər xiyabanı” istiqamətində hərəkət edərkən sovet hərbiçiləri tərəfindən “yaxalanmışlar” və dərhal bu barədə şəhər rəhbərliyinə məlumat verilibmiş. Bu isə fövqaladə vəziyyətlə bağlı rejimin “normativlərinə” zidd imiş...

 

Yeganə müdafiəmə qalxan Raykomun I katibi oldu. Büro üzvləri onun hörməti və nüfuzu qarşısında duruş gətirə bilmədilər. Mənim bir müddət əvvəlki partiya töhmətimi yada salanların can-fəşanlığı da elə bir səmərə vermədi. Nəhayət, uzun çək-çevirdən sonra, “tutduğu vəzifədən azad olunma” cəzası, “partiya uçot vərəqəsinə yazılmaqla şiddətli töhmət”lə əvəz olundu. Əvvəlki töhməti isə mənə elə həmin büroda bir sıra ermənilərin Respublikamızı tərk etmələrinə mane olmadığıma, yəni öz xahişləri ilə işdən azad olunmaları barədə ərizələrini imzaladığıma görə vermişdilər.

 

Bununla belə, fövqaladə rejim “aşiqləri” öz inadlarından da əl çəkmədilər. Rejimə sədaqətlərini nümayiş etdirmək və komendaturaya yarınmaq üçün bir neçə öndə gedən rəhbər işçini, o cümlədən bizim rayonun bir məktəb direktorunu, onun müavinlərini, mədəniyyət klubunun müdirini tutduqları vəzifələrindən azad etdilər. Nə var, nə var klubun rəhbərliyi uşaqları milli geyimlərlə təmin etmiş və Novruz şənliklərinə hazırlaşmaq üçün onlara klubda şərait yaratmışdı.

 

Bir neçə həftə keçməmiş rayonumuza yeni I katib təyin olundu.Deyilənlərə görə, o vaxtkı “Kommunist” qəzetinin Baş reaaktorunu ilə qohumluq əlaqələri olduğundan regiondan mərkəzə çəkmişdilər. Hələ sir-sifətini düz-əməlli görməmiş bu yüksək iddialı katib mənə zəng edərək, əmredici tonda təcili Raykoma gəlməyimi tələb etdi. İçəri daxil olar-olmaz “yenə nə hoqqa çıxarmısan, bizi Qorkoma çağırıblar” dedi və tələm-tələsik aşağı düşüb, maşına əyləşdik. İçəriyə daxil olanda sanki, "iynə atsan yerə düşməzdi" kimi bir mənzərənin şahidi olduq.

 

Sözə başlayan Qorkom katibi şəhərdə yaranan gərginliklə əlaqədar vaxt azlığından şikayətlənərək iki-üç kəlmədən sonra gözünü məndən ayırmayaraq əsas mətləbə keçdi:” Belə gərgin günlərdə sayıqlığımızı, artırmaq, vətəndaşların ərizə və şikayətlərinə həssas yanaşmaq əvəzinə bəzi rəhbər işçilər vətəndaşlara qarşı diqqətsizlik və sayğısızlıq göstərir, vəzifə səlahiyyətlərindən sui-idifadə etməklə,onlara həvalə edilən vəzifələri kobud surətdə pozaraq, əlavə narazılıqlar yaradırlar. Hətta arxa cərgədə oturanlar belə ayağa qalxaraq, söhbətin kimdən getdiyini bilmək üçüb nəzərlərini mənə tuşlamışdılar.

 

Nəticə onunla sonunclandı ki, üzünü Raykom katibinnə tutaraq, təcili surətdə örtülü söhbəti gedən bir müəllimin işə təyin olunması barədə əmrin və mənim tutduğum vəzifədən azad olunmağım barədə təqdimatın ən geci bir saat ərzində onun masasının üstündə olması barədə ciddi barədə tapşırıq verildi.Sən demə, bütün bu komediya xarakterli həngamə mənim üzərimdə qurulubmuş. Partaktivi başa vurub, qapıdan çıxarkən Raykomun I katibi üzünü mənə tutaraq,ətrafdakıların da eşidə biləcəyi bir tonda məni başdanxarab adlandırırlar, sən məndən də başdanxarab imişsən ki... Bu mənim həmin vəzifədə işlədiyim 4 il müddətində vəzifədən azad olunmağıma yönəlik 4-cü cəhd idi...

 

Katibin mənə ünvanladığı sözlərdən bu həngamənin nədən qaynaqlndığını dərhal xatırladım. Baş verənlərdən ıki gün öncə bizdən iki mərtəbə aşağıda yerləşən Rayon İcraiyyə komitəsinin sədrinin yanına aşağı düşərkən, elə qapımın önündəcə bir gənc qızla toqquşdum. Qız sanki sinəsi ilə məni itələyərək içəri soxuldu və ”burda müdir kimdir” sualı ilə mənə tərəf çevrildi.Tələsdiyimdən ona əhəmiyyət vermədən dəhlizə çıxıb aşağı düşdüm. Sədrin yanında “пятиминутка” deyilən yığıncaq başa çatdığdan sonra kabinetimə daxil olarkən, həmin qızın hələ də yuxarı başda oturub, məni gözlədiyini gördüm.

 

Yeimə keçib əyləşər-əyləşməz hikkəli şəkildə “buranın müdiri sizsiz” deyə rus dilində soruşdu. “Əgər bu masanın arxasında oturmuşamsa, deməli mənəm. Sözünüzü deyin”, deyə cavab verdim. “Bəs bayaq niyə cavab vermədiniz” sualına,”indi cavab verirəmm, nə istəyirsiniz sualı ilə cavab verdim. “Mən ingilis dili müəllimi təyin olunmağımla bağlı əmr dalınca gəlmişəm. Bəs sizə zəng edib, bu barədə tapşırıq verməyiblər?” O saat yadıma düşdü ki, həqiqətən də rus dilli nazirimiz mənə zəng edib, yanıma bir nəfərin gələcəyi və onu gülərüzlə qəbul edib, ehtiyatlı davranacağım bərədə xəbərdarlıq etmişdi. Çarəsizlikdən bir az yumşalaraq “nə dərs, hansı məktəbdə, axı bizə vakant dərs olması barədə heç bir məktəb, məlumat verməyyib, deyərək təəccübümü gizlətmədim.

 

“Filan nömrəli məktəbdə bir erməni müəllim gedib, onun dərslərini direktor mənə vəd edib” cavabını alan kimi, dərhal direktora zəng etdim. Xanım direktor and-aman etdi ki, bu barədə mənə də yuxarılardan zəng ediblər, ancaq erməni müəllim hələ ki, öz yerindədir, çıxılmaz vəziyyətdə qaldığım üçün, sizin yanınıza göndərdim ki, bəlkə bir əlac tapasız. Əlac tapmaq yolum isə ondan ibarət oldu ki, “gedin direktorla erməni müəllimin gedişini sürətləndirin, sonra gələrsiz” deməklə, qızı yola saldim. İki gün keçməmiş, həmin «племянница” olan qızın yaxın qohumu olan şəxs Qorkomun I katibi, Qorkomun I katibi isə bizə Nazir təyin olundu. Sən demə, məndən  başqa bunu hamı qabaqcadan bilirmiş, mənim qayğılı günlərim isə hələ qabaqda imiş...

 

Nadir israfilov