Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-05-20 17:24:00
“Səbir insana ömrü boyu dözmək üçün yox,  məqamı düzgün seçmək üçün lazımdır.”

O zamanlar institut adlanan pedaqoji universiteti yenicə bitirib şimal rayonlarımızın mərkəzdən xeyli kənar kəndlərindən birinə ixtisasım üzrə təyinat almışdım. Elə həmin il müxtəlif ixtisaslıardan olan daha bir neçə gənc müəllim də kollektivə qoşuldu. Ilk illik hesabat-seçki yığıncağındaca məni məktəbin müəllim komsomol təşkilatının katibi seçdilər. Yəqin, digərlərinə nisbətdə fəallığımı və təşkilatçılığımı nəzərə almışdılar. Digər bir üstünlüyüm də var idi ki, hələ institut illərindən partiya sıralarına daxil olmuşdum. O vaxtlar az-az tələbəyə belə yüksək etimad göstərirdilər.

 

O illərin bir növ dəb halını almış ənnənələrindən biri də hamılıqla və yekdilliklə təsərrüfatlara köməklik göstərilməsi idi. Belə bir ənənə pedaqoji kollektivlərdən də yan keçə bilməzdi. Ayrı-ayrı məktəblərdə yeniyetmələrdən ibarət “şagird-istehsalat briqadaları” yaradılırdı. Eyni zamanda “Hektarçılıq hərəkatı” geniş vüsət almışdı. Digər təşəbbüskarlarla yanaşı bir çox müəllimlər də yaxın ərazilərdə bir və ya bir neçə hektar torpaq sahəsi götürərək dərsdən sonra ailə üzvləri ilə birlikdə təsərrüfatla məşğul olurdular.

 

Növbəti illərin biri məhsul bolluğu ilə yaddşıma həkk olunub. Məhsulu yığıb-yığışdarmaq mümkün deyildi. Raykomdan belə bir göstəriş gəldi ki, məktəblərdə tədris prosesini müvəqqəti dayandırıb, şagirdləri məhsul yığımına cəlb etmək lazımdır. Çünki hamımız şahidiydik ki, kolxozçular heç cür çatdıra bilmirdilər, aramsız yağışlar isə məhsulu zay edirdi. Bu çağırışa isə ilk cavab verən, öndə gedən və digərlərinə nümunə göstərən heç şübhəsiz ki, partiyaçılar və komsomolçular olmalı idi. Bir də ki, plan tapşırıqları və sosialist öhdəliklərinin yerinə yetirilməsinə kim biganə qala bilərdi?

 

Səhərisi günü ala toranlıqda xeyli şagird və müəllimlərlə birlikdə məktəbin ərazisinə yaxın sahəyə işə çıxdıq. Qızlar şitilliklərdəki pomidor məhsulunu yığır, oğlanlar isə yeşiklərə qablaşdıraraq konserv zavoduna göndərilmək üçün maşınlara yükləyirdilər. Ağır yeşiklərə gücü və maşına yükləməyə boyu çatmayan uşaqlara tez- tez kömək etməli olurdum. Yeşiklərdən üstümə axan əzilmiş pomidor suyundan açıq rəngli köynəyim sanki al qana boyanmışdı. Özüm bir yana, dərsdən ayırdığımız uşaqların bu durumu, mənə nə qədər ağır gəlirdisə, ağır zəhmət hesabına ərsəyə gətirilən məhsulun yerdə qalması ondan da üzücü görünürdü...

 

İşin qızğın çağında sahəyə “Niva” markalı bir maşın daxil oldu. Bir az yana çəkilib maşına yol verdik. Maşından düşən 4 nəfər aramlı addımlarla bizə yaxınlaşdı. Dərhal hər dördünü tanıdım. Qabaqda gələn Raykomun birinci katibi, nisbətən arxadakılar isə sovxozun direktoru, maarif şöbəsinin müdiri və sahə briqadiri idi. Birinci katib də sanıram ki, məni tanımamış deyildi. Rayon komsomol komitəsi plenumunun üzvi idim, tez-tez müxtəlif aktivlərdə və digər rəsmi tədbirlərdə rastlaşırdıq. Bir də ki, İttifaq üzrə Kostroma vilayəti məktəblilərinin parta arxasında istehsalata getməklə bağlı təşəbbüslərinə ilk qoşulanlardan olduğumuzdan şəkilim və müsahibələrim bir çox ümumittifaq və respublika mətbuatında dərc olunmuşdu.

 

Katibin mənə yaxınlaşaraq zəhmli tərzdə “bəs məktəbin direktoru haradadır” sualına tərəddüd etmədən “harda olsa, indi gələr”- deyə cavab verdim. Görünür, cavabım katibi qane etmədiyindən üzünü maarif şöbəsinin müdirinə tutaraq – “təsərrüfata rəhbərlik edə bilməyən adamdan məktəbə rəhbər çıxmaz, rəhbərliyi bu cavan oğlana həvalə edin”- deyərək, sağollaşmadan belə əsəbi halda gəldiyi maşına doğru addımladı. Növbəti bürolardan birində həmin direktorun vəzifədən kənarlaşdırılması barədə qərar qəbul olundu.

 

Birinci katibin nazirlə şəxsi telefon danışıqlarına,  bütün səylərinə və cəhdlərinə baxmayaraq, o zaman nazir  vəzifəsində olan Mehdi Mehdizadə məni direktor vəzifəsinə təsdiq etmədi. Yeganə təsəllim isə ondan ibarət oldu ki, mənim adımı ehtiyat kadrlar siyahısına daxil etdilər. Çünki, mövcud təlimata əsasən bu vəzifəyə təsdiqlənməyim üçün cəmi üç ayım çatmırdı. Üç ay isə mənə daha üç ilə başa gəldi. Bu müddət ərzində aspiranturanı bitirib, daha yüksək vəzifələrə təyinat aldım, hətta bir neçə il Mehdi müəllimin rəhbərliyi altında işləmək də mənə nəsib oldu.

 

O zaman məqam düzgün seçilməsə də, sonrakı karyerama təsirsiz ötüşmədi.

 

Nadir İsrafilov