Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-04-16 16:00:00
Karantində  filmə baxıb, kitab oxumaq niyə maraqsızlaşıb? -  Psixoloq fəsadları sadalayır

“Kitab oxumaq, filmə baxmaq, dil öyrənmək, maraqlı məlumatlar əldə etmək istəyirəm, amma heç nəyə həvəsim yoxdur, qolumu qaldıracaq enerji hiss etmirəm”

 

Son günlər bu və ya bu kimi paylaşımlar sosial şəbəkələrdə tez-tez paylaşılır. Hətta indiyə qədər mütaliəyə zaman ayıran adamlar da indi əllərinə kitab ala bilmədiklərini deyirlər.

 

Bəs bunun səbəbi nədir? Problem haradan qaynaqlanır?

 

Mövzu ilə bağlı AzEdu.az-a danışan psixoloq İlqar Kamil problemin bir neçə səbəbi olduğunu vurğulayıb:

 

“Bu məsələnin birinci səbəbi kimi onu deyə bilərəm ki, bu adi evdə qalma, təcrid kampaniyası deyil.  Burada bir psixoz, hədə, narahatlıq var. Beyin mütaliə edə bilmək üçün tam sakit olmalıdır, hər hansı bir narahatlığı olmamalıdır ki, rahat mütaliə edə bilsin. İndiki halda narahatlıq, qorxu var, biz müəyyən təhlükə ilə bağlı evdə qalmışıq.  Bunun özü belə bizə imkan vermir ki, beyinimiz təmərküzləşsin və mütaliə ilə məşğul olsun.

 

Mən bir necə dəfə bu haqda yazmışam ki, psixozdan qurtulmaq lazımdır. Bu məsələdən qorxmamaq, panikaya düşməmək lazımdır. Çünki istənilən panikada insanın əli -ayağı bağlanır, beyni, ağlı sönür və nəticə etibarilə nəinki kitab oxumaq, başqa hər şey insana  maraqsız olur .  Hətta filmə baxmaq, əyləncə  belə maraqlı olmur. Bu, onunla bağlıdır ki, bizi hansısa psixoz narahat edir”.

 

Buna qalib gəlmək üçün...

 

“...düşüncələrimizdə dəyişiklik etməliyik. Mən həmişə yazıram ki, insanın başına nə gəlirsə, başının içindən gəlir.  Beynə müdaxilə etmək lazımdır və insan beyni , zehni indiki durumu tam təcrid kimi dəyərləndirməyə qadirdir. Sanki kimsə buna insanı məcbur etmir. O, özü ixtiyari olaraq  qərar verib ki, müəyyən müddət izolyasiya formatında, evdə təcrid halında qalsın və işləri ilə məşğul olsun.

 

Bu halda əlbəttə ki, insan mütaiəyə də, başqa şeylərə də vaxt ayıracaq”.

 

Psixoloqun sözlərinə görə, sosial şəbəkələr də bizim xeyli vaxt itirməyimizə, mütaliəmizə zərbə vurmağa gətirib çıxarır.

 

“İkinci səbəb sosial şəbəkələrdir.  Sosial şəbəkələr nəinki indi, bütün hallarda  kitab mütaliəsinə ən çox zərbə vuran vasitələrdən biridir. Çünki daha mobildir, əlçatandır,  sanki “fast food” yeməklərini xatırladır.

 

Məsələn, aş bişirmək üçün gərək xeyli əziyyət çəkəsən, bir saat çalışasan,  amma fast food  tezbazar əmələ gələn bir şeydir. Ona görə insanlar daha çox sosial şəbəkələrdə əylənməyi tərcih edirlər. Bu alternativ seçim varkən, insanlar kitaba müraciət etmir.

Biz niyə kitab mütaliə  edirik? Bu da özü  üst əyləncədir. Yəni hansı aspektdən baxsaq kitab mütaliəsi bir əyləncədir, bunun qarşısında  alternativ daha rahat, tezbazar əyləncə növü varsa,   insan daha rahat olana qaçır. Ümumiyyətlə, insan onsuz da rahata qaçan varlıqdır.  Bu da ümumilikdə kitab mütaliəsinin qarşısını alır.

 

Psixoloq bu halı “əqli səhlənkarlıq” kimi adlandırır. O, bu günlər sosial şəbəkələrə  marağın  daha çox artdığını vurğulayıb.

 

“Məsələn,  siz sosial şəbəkələrin maraqsız olması, facebookda  yazı-pozu  həvəssizliyi ilə bağlı  heç bir şikayət eşitməzsiniz.   Əksinə, bu günlər daha maraqlı olub.

Mən yazılarımın birində məhz  bu hala  bir ad vermişdim:  əqli səhlənkarlıq.

 

Kitab mütaliəsi əqli zirəklik,  əqli qüdrət tələb edən bir şeydir.

 

Bütövlükdə  sürət zamanında insanlar  kütləvi olaraq əqli səhlənkarlığa yoluxublar. Belə adamlar da daha əlçatan, rahat məkanlarda olmağı , tezbazar əyləncələrlə əylənməyi tərcih edirlər.  Kitab mütaliəsi isə üst həzdir”.

 

Psixoloq İ.Kamil digər maraqlı vacib şeylərə vaxt ayırmaq, enerjimizi sərf etməmək üçün sosial şəbəkələrdən limitli istifadəni tövsiyə edib.

 

“Bu halda mən tövsiyə edirəm ki, sosial şəbəkələrdən istifadəyə bir limit qoyaq, bu mütləqdir, vacibdir.  Mən birdəfəlik məhdudiyyət qoyulmasını tövsiyə etmirəm. 

 

Limit insanın özünə belə hörməti artıracaq, mütaliə və digər məsələləri də tənzimləyəcək. Məsələn,  hərkəs özünə uyğun olaraq səhər bir saat, gecə bir saat, yaxud səhər-axşam iki-üç saat vaxt keçirə bilər. Bütün günü itirməkdənsə, bir neçə saatı itirmək daha məqsədəuyğundur. 

 

İnsan  karantin rejimində sosial şəbəkələrdən limitli istifadəyə dair özünə qəti bir söz versin.  Əgər onun özünə belə bir sözü olsa, dolayısıyla,  alternativlər olmasa, istər-istəməz o, kitab mütaliəsinə yönəlmiş olacaq”.