Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-04-13 17:45:00
"Çətin günlər uşaqlarımızın təhsilinə mane olmamalıdır"

Cisco və IBM virtual siniflərin əhatəsini genişləndirir

 

Avropada məktəblərin əksəriyyəti koronavirus səbəbindən bağlandığından  Cisco və IBM şirkərləri təhsilalan və müəllimlərə tədris prosesini məsafədən  davam etdirməyə yardım göstərir. 

 

AzEdu.az  xəbər verir  ki, Cisco və IBM  məktəblərin bağlandığı bütün ölkələrdə pulsuz virtual siniflər yaratmaq təşəbbüsü ilə çıxış edib.  Təşəbbüsün məqsədi şagirdləri və müəllimləri interaktiv onlayn siniflərdə birləşdirməklə yanaşı, onlara texnologiyalara daha dərindən yiyələnməkdə kömək etməkdir.

 

" Bütün EMEAR  (Avropa, Yaxın Şərq, Afrika və Rusiya) ölkələrində təhsilalanlar, müəllimlər və valideynlər virtual təhsilə alışırlar. IBM ilə birgə təşəbbüsümüzün yüz  minlərlə şagirdin təhsilini davam etdirməyə və bacarıqlarını inkişaf etdirməyə kömək göstərməsindən qürur duyuruq",- deyə   Cisco-nun EMEAR regionu üzrə  prezidenti Vendi Mars  bildirib.

 

Cisco  Webex həlləri əsasında qurulan  virtual siniflər müəllimlərə videokonfrans təşkil etməyə və  materialları yazmağa, öz kompüterlərindən dərs keçməyə və müxtəlif tətbiqlərlə şagirdlərlə ünsiyyət qurmağa, onlardan ev tapşırıqlarını qəbul etməyə imkan verir.

 

Təhsilalanlar  və təlimçilərə sinif məşğələlərinin yeni formatına uyğunlaşmağa kömək etmək üçün IBM şirkəti 3 mindən artıq xüsusi təlim keçmiş könüllülərdən istifadə edib ki, onlar  da Cisco Webex saytının köməyi ilə uzaqdan öz bilik və təcrübələrini bölüşəcəklər.  IBM könüllüləri real vaxt rejimində müəllimlərə dərslərdə  tətbiqlərdən  maksimum faydalanmağa  kömək edir.

 

"COVID-19 virusu kimi bəşəriyyəti təhdid edən çağırışlar  bizə könüllülük hərəkatı və texnologiyalardan istifadə etməklə cəmiyyətimizin gələcəyi üçün ən çox əhəmiyyət kəsb edən sahədə - uşaqlarımızın təhsilində   faydalı olanları axtarıb tapmağa   imkan verir",- deyə IBM-in Avropa şöbəsinin vitse-prezidenti və direktorlar şurasının sədri Martin Jetter bildirib.

 

İki şirkətin təşəbbüsü ilə virtual sinif  layihəsi artıq bir sıra Avropa ölkələrində,  o cümlədən Avstriya, Böyük Britaniya, Almaniya, İspaniya, İtaliya, Niderland, Polşa, Slovakiya, Finlandiya və Çexiyada həyata keçirilir. Hazırda proqramda bütün Avropada  2 min orta məktəbdən 200 min şagird iştirak edir.

 

"Qarşıdan gələn çətin günlər uşaqlarımızın təhsilinə mane olmamalıdır. Biz distant təhsil və tədris üçün lazımi vasitələr hazırlamışıq. Lakin  başa düşürük ki, bu, kifayət deyildir. Təhsil prosesinin həmişə əsas dayağı olacaq mütəxəssislər, müəllimlər lazımdır. Biz tərəfdaşlarımızın töhfəsini çox yüksək qiymətləndiririk. Onlar müəllimlərimizə yeni texnologiyalara yiyələnmək və tədris prosesini internetə keçirmək imkanı verməklə əvəzsiz və çox vacib yardım göstəriblər. Əminəm ki, biz bu böhrandan yeni biliklərlə, o cümlədən tərəfdaşlıq və rəqəmsallaşmanın vacibliyi ilə çıxacağıq", -deyə Polşanın informasiyalaşdırılma  naziri  Marek Zagorski bildirib.

 

İtaliyada  virtual sinif təşəbbüsü  bir çox şagirdlərə yenidən özünə inam qazanmağa kömək edib. Romadan olan  17 yaşlı şagird Qabrielin söylədikləri:"Mən bu tədris ilini başa vura və buraxılış imtahanlarını verə bilməyəcəyimdən narahat idim. İndi isə bütün proqramları keçmək imkanı var və mən özümü daha inamlı hiss edirəm".

 

Təlim keçmiş könüllülərin köməyi ilə 100 mindən çox müəllim Madridin virtual siniflərində dərs keçir.  "Biz artıq Webex -dən virtual görüşlərdə istifadə etdik və bu xidmət böhran zamanı bizə təşkilatlanmağımıza çox kömək etdi.  Bizim 191 müəllim və 2500 şagirdimiz IBM nümayəndəsinin  himayəsi altındadır, bu  yardımı  yüksək qiymətləndiririk",- deyə Madriddəki orta məktəbin direktoru Xavier Martines Arxona bildirib.

 

Şagirdlər yeni bir pilləyə daxil olarkən davamlılıq xüsusilə vacibdir. Riyaziyyat müəllimi  Enrike Morillo del Rio bu fikirlə  razıdır: "Şagirdlərimin əksəriyyəti universitetə hazırlaşırlar.  Müəllimlərin dəstəyi indi onlara daha çox lazımdır. Bu texnologiya sayəsində biz tədrisə ən yüksək səviyyədə davam edə bildik".

 

Vendi Mars  qeyd edir ki, "Bu çətin zamanlarda birlikdə işləyərək,  biznesə, dövlət strukturlarına və cəmiyyətə dəstək olmaq, pandemiyadan əziyyət çəkən hər kəsə dəstək olmaq və ön planda onunla mübarizə aparmaq üçün əlimizdən gələni edəcəyik. Biz fəxr edirik ki, Cisco Vebex texnologiyası istər təhsildə, istər tibbdə, istərsə də iqtisadiyyatda insanların birləşməsinə xidmət etdi ".
Qeyd edək ki, Cisco və IBM müəllimlərin sinif məşğələlərini dayandırmaması və məktəblilərin təhsil prosesində dəstəklənməsinə kömək üçün  vrtual sinif  təşəbbüsünü bütün Avropaya yaymağı planlaşdırır.(Azərbaycan müəllimi)