Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-04-08 16:58:00
Ucqar dağ kəndinin müəllimi: “Ailələrin internet paket almağa imkanı yoxdur”-Distant dərs

 

 

“Mən “distant təhsil” anlayışı ilə “onlayn dərs” anlayışını bir tutmuram. Distant təhsil ya hamıya şamil olunmalıdır, ya da olmamalıdır. Bu gün bizim şagirdlərə kömək üçün keçdiyimiz dərslər distant təhsil yox, şagirdlərə onlayn qaydada öz köməkliyimizi göstərməkdir”.

 

Bu fikirləri  distant təhsil, onlayn dərslər barədə AzEdu.az-a açıqlamasında Lerikin  ucqar  kənd məktəbinin dil və ədəbiyyat müəllimi Coşqun Dövlətov deyib.

 

O, ucqar dağ kəndində  onlayn dərslərin çox çətinliklə  qismən baş tutduğunu deyib.

 

“İşlədiyim məktəb ucqar dağlıq ərazidə yerləşir .  Kənddə elə ailələr var ki, bu durumda internet paketini əldə etməyə imkanı yoxdur. Həmin şagirdlər təbii ki, internet vasitəsi ilə bu kimi dərslərdən yararlana bilmirlər. Hətta elə ailələr var, nəinki, internet paketi,  heç hər hansı bir qurğuya (smartfon telefon, kompüter) sahib deyillər”.

 

“Həmin şagirdlərin distant təhsil hüququnu kim ödəyəcək?”

 

Müəllim C. Dövlətov bildirib ki, internetin olmaması çox böyük problem yaradıb, tək çarə müəyyən vasitələrlə şagirdlərə azacıq da olsa, köməklik etməkdir:

 

“İndiki halda belə bir  sual ortaya çıxır. İnternetə çıxışı olmayan şagirdlərin distant təhsil hüququnu kim ödəyəcək? Ölkədə olan mobil operatorlar və internet provayderləri də hər hansı bir güzəşt də etmədi. Bu,  çox böyük bir problemdir.

Bizim təhsilimizin bugünkü durumu üçün distant anlayışını qəbul etmirəm. Sadəcə təşəbbüskar müəllimlərin şagirdlərə qayğısı kimi onlara köməklik olunan online dərslər deyək.

 

Mən bütün şagirdlərimin bu kimi imkanları olmadığı üçün “distant” anlayışını bir kənara qoymuşam. Sadəcə şəraiti olan şagirdlərə  hər hansı bir proqram vasitəsilə köməklik edirəm.  Şagirdlərimiz az da olsa, internet vasitəsilə dərslərimizi qismən yerinə yetirir. Tapşırıqları müzakirə edirik.

 

 Dərslərə qoşula bilməyən şagirdlərə də tapşırıq vermişəm ki, Təhsil Nazirliyinin teledərslərindən yararlansınlar. Təhsil Nazirliyinin əməkdaşlarına bir müəllim kimi təşəkkür edirəm ki,teledərs, virtual dərs kimi layihələr həyata keçiriblər”.

 

“Ümid edirəm ki, qısa bir zaman ərzində ölkəmizdə və dünyada olan problem aradan qalxar, sağlıqla öz şagirdlərimizə və doğma məktəbimizə qovuşarıq”-deyə müəllim C. Dövlətov sözlərinə əlavə edib.