Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-05-24 16:45:00
"Təhsillə bağlı karikatura versəm, altına yanlış ifadə yazıb çap edəcəklər" - KARİKATURAÇI RƏSSAM

“Şəxsən mən özəl qəzetlərə karikatura vermirəm. Çünki mən bu gün onlara təhsillə bağlı karikatura versəm, altına yanlış bir ifadə yazıb çap edəcək, xoşagəlməz hallar yaradacaqlar”.

Bu sözləri AzEdu.az saytına karikaturaçı rəssam Hafiz Nəsiroğlu deyib. O, Azərbaycan təhsilində karikaturaya mövzu ola biləcək halları açıqlayıb:

“Təhsil karikaturaları üçün tənqidi mövzuları çoxdur. Azərbaycan təhsil müəssisələrində tənqid olunacaq xeyli mövzu var. Məsələn, şagirdlər ali məktəbə qəbul olunmaq üçün individual müəllimlərin üstünə qaçırlar. Amma 30 il bundan əvvəl belə deyildi. Müəllimlərin savadı valideynləri və abituriyentləri qane edirdi. Düzdür, Təhsil Nazirliyi müəyyən işlər görür, amma şübhəsiz ki, əgər-əksiklər də var. Təhsilimiz o qədər də bərbad gündə deyil. Yaxşılar da kifayət qədərdir. Amma karikaturaya mövzu olacaq xeyli faktlar var. Mən 35 ildir bu sənətdə olan karikaturaçı kimi mövzu tapmaqda aciz deyiləm”.

Azərbaycan karikaturasında təhsil problemlərinə kifayət qədər yer verilmədiyini deyən rəssam burada şəffaf tənqidə ehtiyac olduğunu vurğulayıb:

 “Azərbaycan karikaturasında təhsil problemləri mövzusuna kifayət qədər yer verilmir. Mən rast gəlməmişəm. Olsaydı, pis olmazdı. Karikatura çox önəmli janrdır. Mən istəməzdim ki, bizim müəllimlərimizi tənqid edək. Amma hər cəmiyyətdə əgər-əksiklər olur. O cümlədən, təhsilimzdə də. Bunları bir karikaturaçı kimi şəffaf tənqidlə işıqlandırmaq lazımdır. Təhqirə yol vermək olmaz. Bu gün bizdə elə qəzetlər var ki, yeri oldu- olmadı cəfəng karikaturalarla camaata qara  yaxırlar. Bu, yolverilməzdir. Amma şəffaf tənqid bizim təhsilimizin güclənməsində yardımçı ola bilər. Məsələn, Molla Nəsirəddin jurnalında  Əzim Əzimzadə, Oskar Şmerlinq tərəfindən xeyli karikaturalar çəkilib. Ovaxtlar savadsızlıq idi, onlar da öz sözlərini karikatura ilə deyirdilər. O şəkillər indi də gündəmdədir. Karikaturada şəffaf  tənqidlə hərə öz payını götürməlidir”.

O, öz karikaturalarında yer verdiiyi mövzulardan da bəhs edib:

“Mən əvvəllər təhsillə bağlı karikaturalar çəkmişəm. İstər ali, istər orta məktəblərə aid karikaturalarım var. Düzdür, hər dövrün öz hökmü var. Amma mən təhsil karikaturalarında əsasən müəllim-şagird münasibətlərini, şagirdlərin məktəbə meyil göstərməməsini işıqlandırmışam. Ola bilər ki, o vaxt çəkdiklərim indi aktuallığını itirsin. Hazırda tənqid üçün ciddi mövzular var. Amma istərdim ki, bəzi xoşagəlməyən insanlar təhsildə cəmləşməsin”.

Onun sözlərinə görə mətbuatda karikaturalara kifayət qədər yer verilməməsi bu sahənin əsas problemlərindəndir:

“Karikatura sahəsində müəyyən çatışmazlıqlar var. Məsələn, biz rəngkar, heykəltəraş deyilik, yalnız karikatura çəkirik. Karikaturanın isə satışı yoxdur. Öz sözümüzü yalnız mətbuatla deyə bilirik. Bəzən də sərgilərlə əl işlərimizi insanlara təqdim edirik. Çox istərdim ki, mətbuatda karikaturalara geniş yer verilsin. Düzdür, bu gün özəl qəzetlər çoxdur. Amma şəxsən mən özəl qəzetlərə karikatura vermirəm. Çünki mən bu gün onlara təhsillə bağlı karikatura versəm, altına yanlış bir ifadə yazıb çap edəcək, xoşagəlməz hallar yaradacaqlar. Mən təhsil, səhiyyə mövzularına ciddi yanaşır, bilirəm ki, hansı jurnalda vermək olar. Bizim Kirpi jurnalında da karikaturalara yer verilir. Müəyyən kəm-kəsir olsa da, bizim böyük işlər görən, beynəlxalq sərgilərdə mükafatlandırılan karikaturaçılarımız daaz deyil”.

Lamiyə Süleymanlı
Müəllifin digər yazıları