Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-04-01 14:34:00
"Virtual məktəb" layihəsinin əsas özəllikləri nələrdir? -Şura sədrinin müavinindən izah  

“Təhsil Nazirliyi ilə "Microsoft" korporasiyası arasında əməkdaşlıq çərçivəsində həyata keçiriləcək onlayn dərslərin təqdimatı bu istiqamətdə atılan yeni addım olacaq”.

 


Bu sözləri AzEdu.az-a açıqlamasında Təhsil Nazirliyi yanında İctimai Şuranın sədr müavini, təhsil eksperti Nadir İsrafilov deyib.

 


O, təhsil sahəsində baş verən boşluğu aradan qaldırmaq üçün müxtəlif istiqamətdə tədbirlər görüldüyünü diqqətə çatdırıb.

 

“İndi hansı metodun nə kimi effekt verəcəyini mübahisə etmək ızamanı deyil. Qlobal xarakter alan koronovirus təhlükəsi cəmiyyətin bütün sosial-iqtisadi həyatına olduğu kimi təhsilə də təsirsiz ötüşməyib. Pandemiyanı mümkün qədər ziyansız adlamaq üçün dövlətimiz tərəfindən lazım olan bütün qabaqlayıcı tədbirlər həyata keçirilir, xalqımız isə kifayət qədər həmrəylik, anlaşıqlıq və dözümlülük nümayiş etdirilir. Ölkəmizdə koronavirusa qarşı mübarizə tədbirləri fonunda yaranmış vəziyyətlə bağlı buraxılan boşluqların kompensasiya edilməsi istiqamətində də müvafiq işlər görülür, lazımi addımlar atılır.

 


Xeyli texniki imkanların olmasına, elektron dərs metodlarının tətbiqinə baxmayaraq, təhsilalanların bilavasitə tədris prosesindən kifayət qadər ayrı düşməsi heç şübhəsiz ki, onların bilik, bacarıq və vərdişlərinə təsirsiz ötüşməyəcəyini hamı dərk edir. Fərəhləndirici haldır ki, təhsillə bağlı istənilən baş verə biləcək yenilik və dəyişiklik geniş ictimaiyyətin böyük diqqət və maraq dairəsində olduğundan bu istiqamətdə müxtəlif subyektiv mülahizələr, rəy və təkliflərin irəli sürülür, cəmiyyət bu kimi hallara biganə deyil. Hər kəs çıxış yolu bildirmək üçün öz köməklyini göstərməkdən çəkinmir.

 

Müxtəlif təhsilalma formaları var, distant təhsil, fərdi yaradıcılıq üsulları, müstəqil işlərin təşkili, ev tapşırıqlarının yerinə yetirilməsi, məktəbdən kənar fəaliyyətin müxtəlif formaları, özünütəhsil və s. Bu istiqamətdə artıq istər ali, istərsə də ayrı-ayrı ümimi orta təhsil müəssisələrində müəyyən təcrübə əldə edilib və bu istiqamətdə işlər uğurla davam etdirilir.

 


Bu gün başlıca vəzifə müəllimlər, şagirdlər və valideynlər arasında aktiv maarifləndirmə və izahat işlərinin həyata keçirilməsindən, məktəb-valideyn-şagird əlaqələrini imkan daxilində onlayn müstəvisinə keçirməkdən, video, qrafika, səs və digər multimedia vasitələrinə, elektron resurslara, teledərslərə, “vizuallaşdırılmış dərs” formalarına, kifayət qədər dərslik, dərs vəsaiti, sinifdən xaric oxu materialları yerləşdirilmiş müvafiq portallara, "Facebook", "WhatsApp", "Skype", adi telefon bağlantısı və digər bu kimi ehtiyat mexanizmlərinə, mövcud olan bu kimi digər resurslara istinad etməklə, müvəqqəti fasilədən yaranan boşluqlarla əlaqədar passivliyi aradan qaldırmaq, mümkün olan bütün metod və formalardan istifadə etməklə təhsilalanların aktivliyinin qorunub saxlanılmasına nail olmaqdır”.

 


Nadir İsrafilov Təhsil Nazirliyinin yeni layihəsini uğurlu hesab edir:

 


“Düşünürəm ki, “Təhsil Nazirliyi ilə "Microsoft" korporasiyası arasında əməkdaşlıq çərçivəsində həyata keçiriləcək onlayn dərslərin təqdimatı bu istiqamətdə atılan yeni addım olacaq. “Virtual məktəb” layihəsi üzrə müəllimlər tərəfindən həftəiçi teledərslərin bir üstünlüyü də ondan ibarətdir ki, hər bir şagird öz yaşına uyğun sinifə təyin olunmaqla yanaşı, tədris olunmuş mövzulara uyğun hazırlanmış ev tapşırıqlarını yerinə yetirərkən eyni zamanda, öz yoldaşları ilə görüntülü və səsli əlaqə yaratmaq imkan əldə edə biləcəklər. Bu isə onlarda, sanki canlı dərs prosesinin yaratdığı psixoloji durum formalaşdıracaq.

 

Təhsil müəssisələrinin bağlanması təhsildə fəaliyyətsizlik demək deyil, fəaliyyəti düzgün təşkil etmək, əlaqələndirmək və səmərəli tənzimləmək deməkdir. Başlıcası odur ki, fəliyyətin təşkili və nizama salınmasında dəfələrlə qeyd edildiyi kimi, kimlərinsə subyektiv mülahizələri deyil, Nazirlər Kabineti yanında Operativ Qərargahın və bilavasitə təhsil Nazirliyinin rəsmi məlumatları əsas götürülsün”.

 

Qeyd edək ki, Virtual məktəb” layihəsi Təhsil Nazirliyi və "Microsoft" korporasiyası arasında əməkdaşlıq çərçivəsində həyata keçirilir. Hər bir şagird “Virtual məktəb” portalında qeydiyyatdan keçərək öz yaşına uyğun sinfə təyin olunacaq və müəllimlər tərəfindən həftəiçi teledərslərdə tədris olunmuş mövzulara uyğun hazırlanmış ev tapşırıqlarını yerinə yetirəcəklər.
 

Həmçinin, “Virtual məktəb” portalında onlayn dərslərin keçirilməsi üçün də imkan yaradılacaq. Eyni zamanda, şagirdlər yoldaşları ilə görüntülü və səsli əlaqə yaratmaq üçün “Chat” funksiyasından istifadə edə biləcəklər.

Şükufə Süleymanlı
Müəllifin digər yazıları