Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-03-12 12:28:00
“Sağlam məktəb” həmişə aktualdır!
 

 

“Sağlam məktəb” məsələsi bütün dövrlərin aktual məsələsi olub və bu anlayış özündə bir neçə mənanı birləşdirir.

 

Birincisi, məktəb sağlam mühit, mənəvi-psixoloji atmosferi təmiz olan bir yer olmalıdır və hər zaman ona çalışılıb ki, təhsil müəssisələrində bu keyfiyyət qorunub saxlanılsın.

 İkincisi, “Sağlam məktəb” şagirdlərin sağlamlığını hədəfləyir və özündə həm də gigiyenik norma və tələbləri ehtiva edir ki, buna nail olmaq mütləqdir.

 Beləliklə, hər iki tələb “Sağlam məktəb” nümunəsini yaradır və bunların tədrisin keyfiyyətinə müsbət təsiri inkarolunmazdır.        

 Hazırda “Sağlam məktəb” məsələsində ikinci aspekt xüsusilə qabarır,  çünki dünyada yoluxucu xəstəliklərin artdığı bir dönəmdir, bu baxımdan  şəxsi gigiyena qaydalarının vərdişə  çevrilməsi, günün çox hissəsini keçirdiyin yerin təmiz saxlanması vacib şərt kimi ortaya çıxır.  

 Şəxsi gigiyena qaydaları uşaqlara, ilk öncə ailə tərəfindən, daha sonra isə  təhsil müəssisələrində öyrədilməlidir. Ara-sıra keçirilən iməcliklər məktəblilərdə  - olduğun yeri necə təmiz saxlaya bilərsən- kimi bir nümunəni yaradır və yeniyetmələrdə təmizlik vərdişləri formalaşdırır. “Məktəblinin dostu” layihəsinin iştirakçısı kimi müşahidə etdiyim bir hal var: bəzən bir qrup valideyndə elə təəssürat yaranır ki, uşaqlar iməcliyə cəlb olunurlarsa, məktəbin təmizliyi onların çiyinlərinə düşür. Yanlış yanaşmadır, əlbəttə. Məktəb binasının hərtərəfli gigiyenasında  daimi xadimələr iştirak edir və bu gün məktəblərin natəmizliyi söz predmeti ola bilməz. Üstəlik, Azərbaycanda təhsil müəssisələri davamlı təmir prosesindən keçir deyə, hər zaman gözəldir, hər kəsin səliqə vərdişləri ilə bu gözəllik qorunub saxlanır. 

 Məktəb kütləvi bir yerdir, çox sayda insan, çoxlu problem deməkdir. Bütün problemlərin həllində  insan iştirak edir və tədris prosesinin iştirakçıları-istər müəllim olsun, istər şagird, istərsə də texniki işçi, gigiyenik normaları gözləməyə borcludur. Üstəlik, biliriksə ki, məktəblər magistral yolların kənarındadırsa, məktəblərin havalandırılmasına, təmizliyinə xüsusi diqqət yetirilməlidir. Hələ fabrik, zavod olan şəhərlərdə məktəblərin gigiyenası ciddi nəzarət altında saxlanılmalıdır. Çünki hər mənada  sağlam məktəb keyfiyyət, davamiyyət, intizam deməkdir.        

 Hazırda dünya koronavirus kimi bütün dünyanı cənginə alan bir təhlükəli pandemiya ilə mücadilə aparırsa, burada uşaqların, yeniyetmələrin gigiyenik maariflənməsinin ikiqat artması olduqca vacibdir  və təmizlik vərdişlərinin mükəmməl qazanılması “Sağlam məktəb” məsələsinə hər zaman fayda vermiş olar. Cünki koronavirus böhranı bitəcək , məktəblərin qapıları yenidən şagirdlərin üzünə açılacaq. Dərin gigiyenik savadlanma   bizə hər zaman  lazımdır.

 “Məktəblinin dostu” kimi  sağlamlıq, gigiyenik tələblərlə bağlı hər cür maarifləndirməyə həmişə hazırıq!